Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-454/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu - iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1007 manat əsas, 151,05 manat cərimə, 31,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə 1299 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə onun arasında xx.xx.2020-ci il tarixli 204-STN-0981-20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hazırda cavabdehin xx.xx.2021-ci il tarixə əsas borcu 1007, cərimə borcu 151,05 manat, cəmi isə 1158,05 manat borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə müraciətlər olunmasına baxmayaraq kredit borcu qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərfin üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 204-STN- 0981-20 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh 18 ay müddətinə illik 0 faiz ödəmək şərtilə 1299 manat məbləğində istehlak mallarının kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə BOKT "xxxx" QSC-yə 1007 manat əsas, 151,05 manat cərimə, cəmi 1158,05 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında əsas borc üzrə 1007 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar həmin hissədə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pulun cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimə azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1007 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 151,05 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1007 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 1057 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 31,58 manat, 0,40 manat bank ximdət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1007 manat əsas, 50 manat cərimə, cəmi 1057 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumuna 31,58 manat məbləğində və 0.4 manat bank xidmət haqqı alınaraq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-454/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-454/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver