Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-471/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abbasov Fərid Saday oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mirzəyev Nazim Məmmədrza oğluna qarşı pul tələbi, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Mirzəyev Nazim Məmmədrza oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlundan "xxxx" ASCnin xeyrinə 01 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3548,34 manat əsas, 433,76 manat faiz, 1544,74 manat cərimə və kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 447,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5974,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Mirzəyev Nazim Məmmədrza oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 41.2 kv.m yaşayış, 122.1 kv.m yardımçı sahədən ibarət 18 a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi ünvanında yerləşən, 2 otaqlı, 41.2 kv.m yaşayış, 122.1 kv.m yardımçı sahədən ibarət 18 a saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Mirzəyev Nazim Məmmədrza oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 41.2 kv.m yaşayış, 122.1 kv.m yardımçı sahədən ibarət 18 a saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Mirzəyev Nazim Məmmədrza oğlunun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi ünvanında yerləşən, 2 otaqlı, 41.2 kv.m yaşayış, 122,1 kv.m yardımçı sahədən ibarət 18 a saylı fərdi yaşayış evi olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Mirzəyev Nazim Məmmədrza oğlunun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 dekabr 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Mirzəyev Nazim Məmmədrza oğluna "xxxx" İKB ASC-dən 72 ay müddətinə 15000 AZN məbləğində kredit limiti ayrılmışdır. 01 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Mirzəyev Nazim Məmmədrza oğlu "xxxx" İKB ASC-nin “12 saylı” filialından illik 6%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Mirzəyev Nazim Məmmədrza oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 41.2 kv.m yaşayış, 122.1 kv.m yardımçı sahədən ibarət 18 a saylı fərdi yaşayış evi 01 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 01 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24-dək Mirzəyev Nazim Məmmədrza oğlunun 2015-ci il 01 dekabr tarixli kredit müqaviləsi üzrə banka 3548.34 manat əsas, 433.76 manat faiz, 1544.74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5526.84 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Mirzəyev Nazim Məmmədrza oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Mirzəyev Nazim Məmmədrza oğlunun 01 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3548.34 AZN əsas, 433.76 AZN faiz, 1544.74 AZN cərimə və kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixdən 24.09.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 447.2 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5974.04 AZN borcu vardır. 01 dekabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abbasov Fərid Saday oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan kredit alan Mirzəyev Nazim Məmmədrza oğlu ilə "xxxx" ASC arasında bağlanmış 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə Mirzəyev Nazim Məmmədrza oğluna 72 ay müddətinə 15000 manat məbləğində kredit xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan kredit alan Mirzəyev Nazim Məmmədrza oğlu ilə "xxxx" ASC arasında bağlanmış 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank Mirzəyev Nazim Məmmədrza oğluna illik 6 % olmaqla, 36 ay müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarında olan 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Mirzəyev Nazim Məmmədrza oğluna 10000 manat kredit verilmiş və kreditin təminatı olaraq daşınmaz əmlak 25000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 01.12.2015-ci il tarixli NİK 080751 saylı kassa məxaric orderindən görünür ki, Mirzəyev Nazim Məmmədrza oğlu "xxxx" ASC-dən 9700 manat pulu götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə ipoteka verən Mirzəyev Nazim Məmmədrza oğlu arasında 01.12.2015-ci il tarixdə bağlanmış 24-SKMF-1-0-53-15 saylı ipoteka müqaviləsindən görünür ki, Bankla Mirzəyev Nazim Məmmədrza oğlu arasında bağlanmış 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 18a, 0,01753 ha. torapq sahəsində yerləşən 41,20 m2, yaşayış sahəsi 122,10 m2 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Mirzəyev Nazim Məmmədrza oğlunun 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsi üzrə 24.09.2020-ci il tarixə 3548,34 manat əsas, 433,76 manat faiz, 1544,74 manat cərimə borcu, 447,20 manat əldən çıxmış fayda borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 04.12.2015-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 18a tam mülkiyyət hüququ üzrə Mirzəyev Nazim Məmmədrza oğluna məxsusdur və "xxxx" ASC-nin 12 saylı filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, "xxxx" ASC tərəfindən Mirzəyev Nazim Məmmədrza oğlu borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 26.01.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Mirzəyev Nazim Məmmədrza oğluna borcunun ödənilməsinə dair xəbərdarlıq edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 18a saylı evə yönəldilməsi proseduruna başlayacağı bildirilmişdir. İş materiallarında olan 12.08.2020-ci il tarixli 6909 nömrəli ərizədən görünür ki, bank DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 18a evə tutmanın yönəldilməsi haqqında bildirişinin qeydə alınmasını xahiş etmiş, tutmanın yönəldilməsinə dair bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəindən 12.08.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 30.05.2021ci il tarixli 11 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 18a evin bazar qiyməti 30.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlundan 01.12.2015-ci il tarixli 24- SKMF-1-0-53-15 saylı kredit müqaviləsi üzrə 3548,34 manat əsas və 433,76 manat faiz borcu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilələr üzrə hesablanmış dəbbə tənasübsüz yüksək olduğundan cavabdehdən 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsi üzrə 200 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmçinin iddiaçının kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 447,20 manat məbləində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəm hesab edir ki, kreditor hazırkı mülki iş zrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iddianın ipoteka ilə yüklü edilmiş Mirzəyev Nazim Məmmədrza oğluna məxsus ünvan 2 ünvanına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra yaşayış hüququ olmaqla qeydiyyatda olan Mirzəyev Nazim Məmmədrza oğlunun istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında 30.000 manat manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlundan 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsi üzrə 3548,34 manat əsas 433,76 manat faiz borcu, 200 manat cərimə alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 18a saylı evə yönəldilməli və ilkin satış qiyməti 30.000 manat olmaqla açıq hərracdan satılmalı, həmin əmlaka tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdeh tərəfindən müvafiq olaraq onlara aid olan ipoteka ilə yüklü edilmiş yaşayış sahələri 1 (bir) ay ərzində tərk edilmədikdə həmin sahələrdən çıxarılmalı, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlunun iddiaçı "xxxx" ASC-yə olan borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin ümumi qaydada tutulması hissəsinə qiymət verərək qeyd edir ki, göstərilənlər qətnamənin icrası zamanı həll edilməli məsələ olduğundan, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi mənzilin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə isə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi qanunda və tərəflər arasındakı müqavilələrin şərtlərində bankın belə bir hüququ təsbit edilməmişdir ki, kredit öhdəlikləri icra edilmədikdə o, ipoteka predmeti olan mənzilin boşaldılması və boşaldılmış vəziyyətlə ipoteka saxlayana verilməsi predmetli iddia ilə çıxış edə bilsin. Hazırda iddiaçı subyektiv huquqa malik olmadığından iddianın “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi mənzilin boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi qanuni və əsaslı hesab edilə bilməz. “İpoteka haqqında” Qanunun qeyd edilən müddəasının mənasına görə bu halda bank yalnız ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarının təmin edilməsi predmetli iddia qaldıra bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı kimi bank həm də cavabdehlərin və mənzildə qeydiyyatda olan digər şəxslərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti də deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda həmin tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsi üzrə 3548,34 manat məbləğində əsas borc, 433,76 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 447,20 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4629,30 (dörd min altı yüz iyirimi doqquz manat 30 qəpik) manat, həmçinin iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənməli, tələb ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 18a saylı evə yönəldilməli və ilkin satış qiyməti 30.000 (otuz min) manat olmaqla açıq hərracdan satılmalı, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 18a saylı ev tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlu tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmalı, İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlunun iddiaçı "xxxx" ASC-yə olan borcu ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 01.12.2015-ci il tarixli 24-SKMF-1-0-53-15 saylı kredit müqaviləsi üzrə 3548,34 manat məbləğində əsas borc, 433,76 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 447,20 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4629,30 (dörd min altı yüz iyirimi doqquz manat 30 qəpik) manat, həmçinin iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 18a saylı evə yönəldilsin və ilkin satış qiyməti 30.000 (otuz min) manat olmaqla açıq hərracdan satılsın. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, 18a saylı ev tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlu tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh Mirzəyev Nazim Məmmədrza oğlunun iddiaçı "xxxx" ASC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-471/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-471/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver