Məhkəmə qərarları › İş №2(003)-476/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-476/2023

31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-476/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xəzər Rayon Məhkəməsinin 1(00*)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd elektron mobil nəzarət qurğusu (Attenti markalı), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd elektron qolbaq iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə izahatı alınmış, izahatında o, Xəzər rayonu Zirə qəsəbəsində balıq saxlanılan yerdə anbarda işlədiyi zaman üzərində gəzdirdiyi elektron mobil qurğunun həmin işlədiyi yerdə kanalizasiya quyusunun üstünə qoyduğunu, taxtanın birdən sınması nəticəsində həmin kanalizasiya anbarının içinə mobil qurğu ilə birlikdə düşdüyünü bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu itirilmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, məktubla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(00*)-17/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il muddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş 0* il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki,Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(00*)-17/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü icra olunması üçün Bakı Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəyə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası – 19*0 manat dəyərində, *47,40 manat ƏDV daxil olmaqla cəmi 2277,40 manat dəyərindədir. Həmin məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,4 manat tutulmalıdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron avadanlıqların dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməli olduğu bildirilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(00*)-17/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan mobil nəzarət qurğusu məhkum istifadəsində olan zaman zədələnərək yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə və işin araşdırılmış hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan “Attenti” markalı elektron nəzarət vasitəsinə (komplektə) daxil olan mobil nəzarət qurğusu cavabdehin istifadəsində olmaqla zədələndiyindən və cavabdeh həmin nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün öhdəlik daşıdığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və *60-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emil Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar