Məhkəmə qərarları › İş №2(003)-4871/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4871/2025

28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4871/2025 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, məhkəmə xərclərinə görə ödədiyi 60 (altımış) manat mediasiya xərcinin və 220 (iki yüz iyirmi) manat vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(078)-862/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh Həbil oğlu arasında xx.xx.2013-cü il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış nikahın pozulması, birgə nikahdan olan 28 avqust 2014-cü il təvəllüdlü X1 onun yanında saxlanılması, 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini qət etmişdir. 2023-cü ilin dekabr ayında barışmış və 19 iyul 2024-cü ildə 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2274 saylı qeyd edilməklə yenidən nikah bağlamışlar. Yeni nikah bağlanandan sonra Bakı şəhəri, Xəzər rayonu, ünvan 1 ünvanında yerləşən, atama məxsus evə yaxın ərazidə cavabdeh ilə kirayə yaşadıq. Lakin bir neçə ay sonra cavabdeh yenidən əvvəl olduğu kimi maddi cəhətdən ailəsinə dəstək olmadı və nəticədə ailə münaqişəsi yarandı. 2025- ci ilin martın sonunda atasının evinə köçməyə məcbur olub və hal-hazırda övladı ilə atasına məxsus Bakı şəhəri, Xəzər rayonu, ünvan 1 ünvanında yerləşən evdə, onların maddi problemlərini qarşılayan təqaüdçü valideynləri ilə birgə yaşayırlar. Qonşuların notariusda təsdiq olunmuş ərizələrinə əsasən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi övladı ilə birgə atasına məxsus evdə qeydiyyatsız yaşamağı ilə bağlı Bakı şəhər Xəzər rayon Məhkəməsinə təqdim edilmək üçün arayış vermişdir. onun, həyat yoldaşının, həmçinin, valideynlərinin Naxçıvanda evi, mülkü, yaşayış yeri yoxdur. Övladı 28 avqust 2014-cü il təvəllüdlü X3 Bakı şəhəri Sabunçu rayonu 255 №-li Tam Orta məktəbin Vİ sinfində təhsil alır və bununla bağlı məktəbin rəhbərliyi xx.xx.2025-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinə təqdim edilmək üçün arayış vermişdir. Valideynləri yaşlı insanlardırlar, onlar maddi cəhətdən tam təmin edə bilmirlər. o ailəsinin dağılmasını istəmir, lakin övladının daim artan maddi ehtiyaclarını ödəmək iqtidarında deyil. səhhətində yaranmış ciddi problemlərlə bağlı işləyə bilmir. onda olan məlumata görə cavabdeh Qarabağ ərazisində yük maşınının sürücüsü kimi fəaliyyət göstərir və aylıq qazancı 1600 (bir min altı yüz) manata yaxındır. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdikdən sonra iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan işə baxılması mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında izahat verən iş üzrə Cavabdeh izahatında göstərmişdir ki, o, 1600 manat deyil, 1300 manat əmək haqqı alır. Aliment məbləği 130 manat təyin olunmuşdur və onu da ödəyir. Alimenti 30-40 manat artırıb, ən çoxu 180 manat ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsi 2(078)-862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 03 may 2013-cü tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydlən kitabında 137 nömrə ilə qeydə alınmış nikah pozulması, Tərəflərin birgə nikahından olan 28 avqust 2014-cü il təvəllüdlü X3 ariası İddiaçı yanında saxlanılması, 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 28 avqust 2014-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçun cavabdeh X2 hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İİİ seriyalı 304248 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan və mədaxil qəbzindən müəyyən olunur ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı mediasiya prosesi ilə bağlı Bakı 16 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində mediasiya xərci ödəmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış tərəflərin barəsində olan gəlir məlumatından müəyyən olunur ki, İddiaçı rəsmi gəliri yoxdur. Cavabdeh isə PİK CONSTRUCTİON-da yük avtomobili sürücüsü vəzifəsində işləyir və aylıq əmək haqqısı 1580 manatdır. Məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, həmin qətnamə ilə müəyyən olunan faktların yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay, hər bir uşaq üçün 130 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeləri, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 28 avqust 2014-cü il təvəllüdlü X1 mənafelərinə zidd olacağı və uşağın hüquqlarının pozacağı qənaətindədir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, yəni alimentin məbləği 265 manat artırıldığından, iddianın qiyməti 265 manat x 12 aya= 3180 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 51.8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsi 2(078)- 862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilməli, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment İddiaçı xeyrinə tutulmalı, Cavabdeh 51.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsi 2(078)-862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 28 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 28 avqust 2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 51.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar