Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-494/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2455.12 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylı sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixli 121-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında 262-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixində Oba-Binə 16 mağazasında çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən 5115,28 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2660,16 manat güzəşt edilmiş və yekun olaraq cavabdehin Cəmiyyət qarşısında 2455,12 manat borcu yaranmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi Azad Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və iddianın qiyabi icraat qaydasında tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Mülki iş üzrə qəbul edilmiş məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin, cəmiyyət üzrə xx.xx.2019-cu il tarixli 031-K saylı əmrdən çıxarışın və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, həmin tarixdə "xxxx" MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən işə başlamaqla 3 ay sınaq müddəti ilə ay 153 manat əmək haqqı ödənilməklə xx.xx.2019-cu il tarixədək satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh, ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlaması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti və digər vəzifələri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, "xxxx" MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və sonuncu xx.xx.2019-cu il tarixdən 345 manat əmək haqqısı olmaqla administrator vəzifəsinə keçilmişdir. İş materiallarında olan tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında öhdəlik və vəzifələr müəyyən edilmişdir. İş materiallarında olan Cəmiyyət üzrə xx.xx.2020-ci il tarixli 262-K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixili “İnventarizasiya siyahılarından” və həmin siyahılara əsasən aparılmış təhvil-təslim nəticlərində dair yekun aktlardan görünür ki, cavabdeh tərəfindən öz üzərinə götürdüyü öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən iddiaçıya zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə iddiaçıya olan ümumi borcu 2455,12 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən yaranmış borcla bağlı xəbərdarlıq edilmiş və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən “Mediasiya haqqında” Qanuna əsasən mediatora müraciət olunmuş, lakin medaitor tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq iş üzrə cavabdeh işəgötürən (iddiaçı) qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi səbəbindən iddiaçı MMC-yə ziyan vurulduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 2455,12 manat məbləğində pul və mediasiya xərcinə görə ödənilmiş 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2455,12 manat məbləğində pul və mediasiya xərcinə görə ödənilmiş 50 manat tutularaq iddiaçı "xxxx" MMC-yə (İddiaçı MMC-yə) ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-494/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-494/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver