Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-505/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmadan xx.xx.2017-ci ildə toy mərasimləri olmuşdur. Faktiki olaraq ər-arvad münasibətində olmuşlar. Bu münasibətlərdən xx.xx.2018-ci il tarixdə X8 doğulmuşdur. Cavabdeh onları atıb Rusiya Federasiyasına getmiş, heç bir maddi-mənəvi yardım etməmişdir. xx.xx.2019cu ildə Bakı şəhər Xəzər rayon məhkəməsi 2(003)-2252/7019 saylı Qiyabi qətnamə çıxardaraq 27 aprel 1986-cı il tarixdə Ukrayna Respublikasının Xarkov vilayətində anadan olmuş Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X4 atası olması faktı müəyyən edilməsi, 28 dekabr 2018-ci il təvəllüdlü X6 verilmiş doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək ata qrafasında Cavabdeh yazılması, uşağa Babayeva soyadı verilməsi və bununla bağlı müvafiq qeydlərin aparılması Bakı şəhər Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qiyabi qətnamə çıxarılmışdır. Hal-hazırki dövr ərzində Cavabdeh 3-cü aydır ki, aylıq 160 manatı da ödəmir. Uşaq azyaşlı olduğu üçün özüdə heç yerdə işləmir. Uşaq yeni qrip virusundan tutmuşdur. 300 manat bibisindən, qonşudan borc alıb uşağı sağaltmışdır. Qiyabi qətnamədə qeyd olunmuş 160 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bildirmək istəyir ki, uşağın normal yaşamağı üçün aylıq ehtiyacı üçün azı 300 manat lazımdır. Bu ehtiyacın qarşısında onun işləməməsi, kirayədə qalması vəziyyətinin çətinləsməsi onun cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İş üzrə Cavabdeh işin baxılmasında iştirak etməmiş, lakin iddiaya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, özü heç bir yerdə işləmir. Rusiya Federasiyasında fəhləlik etmiş, lakin Rusiya Federasiyası muharibə şətraitində olduğuna görə, işsiz qaldığına görə xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Hazırda Lənkəran rayonu Bürcəli kəndində valideynlərinə məxsus evdə yaşayır. Bundan əlavə 16 may 2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsi ilə 16 dekabr 2014-cü il tarixdən başlayaraq hər ay 27 noyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment ödəyir. xx.xx.2019-cu tarixli Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə 28 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment qət edilmişdir. O, həmin alimenti maddi vəziyyəti aşağı olduğundan vaxtında tam ödəyə bilməmişdir. Hazırda hər ay 1 uşağına 100 manat digər uşağına yəni X8 üçün 160 manat çox çətinliklə ödəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi Məşğulluq haqqında arayışdan görünür ki, işsiz kimi qeydiyyata durmuşdur. Belə ki, pul olmadıqda valideyninin pensiyasından alimenti hissə-hissə ödəyir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli 2(003)-2252/2019 saylı qiyabi qətnaməsindən görünür ki, 27 aprel 1986-cı il tarixdə Ukrayna Respublikasının Xarkov vilayətində anadan olmuş Cavabdeh 28 dekabr 2018-ci i tarixdə doğulmuş X4 atası olması faktı müəyyən edilməsi, 28 dekabr 2018-ci il təvəllüdlü X6 verilmiş doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək ata qrafasında Cavabdeh Məhərəmməli oğlu yazılması, uşağa Babayeva soyadı verilməsi və bununla bağlı müvafiq qeydlərin aparılması Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, Cavabdeh 28 dekabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək şaxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulması 11 iyun 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 716279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən prosesin davam etdirilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2(060)-931/2014 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X9 X2 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan məşğulluq haqqında arayışın surətindən görünür ki, Cavabdeh işsizdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin hazırda işləməməsi və digər nikahdan olan uşaq üçün 100 manat məbləğində aliment ödəməsi dəlilinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2252/2019 saylı xx.xx.2019-cu tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 193 manatadək artırılmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2252/2019 saylı xx.xx.2019-cu tarixli qiyabi qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 33 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 396 manat müəyyən edildilməklə iddianın qiyməti 1000 manatadək olduduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2252/2019 saylı xx.xx.2019-cu tarixli qiyabi qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-505/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-505/2023
24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver