Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-508/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın tutulması" tələbi barəsində iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixində Xaçmaz rayonu, Çınartala kəndi ərazisində, Xaçmaz-Xudat avtomobil yolunun sol kənarında yerləşən “Unikal Murad” marketdə quraşdırılmış İddiaçı MMC-yə (VÖEN: **********) məxsus TP-20 “Saqa” modelli 02270 saylı “MilliÖn” ödəmə terminalının içərisində olan nağd pulu oğurlamaq üçün inkassasiya qapısını, onun daxili kilidini, əskinaz qəbuledicinin üst qapağını zədələmiş və sındırmışdır. Aparatın daxilində quraşdırılmış 300 (üç yüz) manat dəyərində pul kassetini və onun içərisində olan 3668 manat nağd pulu birlikdə çıxardaraq aparmışdır. Terminalın 30 manat dəyərində inkassasiya qapısının daxil kilidini və 40 (qırx) manat dəyərində əskinaz qəbuledicinin üst qapağını sındırılmışdır. Həmin terminalın təmiri və bərpası üçün isə iddiaçı tərəfindən 100 manat məbləğində vəsait sərf olunmuşdur. Bu terminal üzrə iddiaçıya ümumilikdə 4138 manat məbləğində maddi ziyan vurulmuşdur. Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqinin xx.xx.2019cu il tarixli qərarı ilə İddiaçı MMC-yə maddi ziyan vurulduğu üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh törətdiyi oğurluq üzrə açılmış ********* No-li cinayət işinin istintaqı zamanı və məhkəmə prosesində törətdiyi bu əməlləri etiraf etsə də, həmin cinayət işi üzrə Komtecin mülki iddiası məhkəmə tərəfindən nəzərə alınmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-cil tarixli hökmü (iş No 1(067)-32/2020) çıxarılarkən məhkəmə tərəfindən mülki iddia baxılmamış saxlanılmışdır. Məhkəmə bunu onunla izah etmişdir ki, mülki iddia verilməmişdir. Lakin həmin hökmdə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qeyd olunmuşdur (bax: 13-cü səhifə, sonuncu abzaslar, 14-cü səhifə, 6-7-ci abzaslar). Hazırda Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Yuxarıda göstərilənlər nəzərə alınaraq Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus 02270 saylı ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar İddiaçı MMC-yə 4138 manat məbləğində maddi ziyan vurulduğu üçün həmin məbləğin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli, 1(067)-32/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 02 gün hissəsi Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq və AR CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanın yeni hökm ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla Cavabdeh qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut və mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin.. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin Xəzər Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan aydın olur ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli hökmü xx xxxxx 2020-ci il tarixində qanuni qüvvəsini almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, cinayət əməli nəticəsində İddiaçı MMC-yə 4138 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Xaçmaz Rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı MMC cinayəti törətmiş şəxslərin tapılmasını və cinayət məsuliyyətinə cəlb edilməsini təmin etməklə İddiaçı MMC-yə dəymiş 4138 manat maddi ziyanın ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, hazırda Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Yəni, hadisənin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz Cavabdeh tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nə dəymiş ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən, həmin zərərin məbləği qanuni qüvvəyə minmiş məhkəmə qərarı və işin digər materialları ilə tam sübuta yetirildiyindən İddiaçı MMC-nə dəymiş ziyan Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, pul vəsaiti cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh 4138 (dörd min yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4138,0 (dörd min yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,0 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-508/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-508/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver