Məhkəmə qərarları › İş №2(003)-515/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-515/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-515/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan övladları X4 və X1 üçün 1 uşağa 193 manat olmaqla, ümumilikdə 2 uşağa görə 386 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikahları ləğv edilmiş, birgə nikahdan iki uşaqları var. xx.xx.2019-cu ildə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1608/2019 nömrəli qərarı ilə 1 uşağa görə 110 manat olmaqla ümumilikdə 220 manat aliment təyin edilmişdir. Faktiki olaraq Xəzər rayonu Binə qəsəbəsində azyaşlı övladları ilə birgə yaşayır. Ağır xəstəlikdən əziyyət çəkir, ağrıları çox olur, çoxlu dərman qəbul edir. Uzaq məsafələrə gedib-gəlmək ona problem yaradır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, ağır xəstəliyinə görə ikinci dərəcəli əlillik statusu var. Xəstəliyinə və himayəsində olan iki azyaşlı uşaqlara görə işləyə bilmir. Cavabdeh isə uşaqları ilə maraqlanmır, onların qayğısına qalmır. Cavabdeh tərəfindən ödənilən aliment isə uşaqların artan tələbatları üçün kifayət etmir. Ona görə alimentin artıılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən cavabdehdən tutulan alimentin miqdarının artırılması və iki uşaqların saxlanılması üçün hər uşağa görə ayda 193 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasında yaşadığı, maddi məsrəflərə görə Azərbaycan Respublikasına gələ bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, o, evdən gedən zaman mülkiyyətində olan evi və torpaq sahəsinin iddiaçıya və uşaqlarına vermişdir. Buna baxmayaraq hər ay hər uşaq üçün 150 manat aliment verməyə razıdır. Bir şərtlə ki, alimentlə bağlı iddiaçı bir daha onu narahat etməyəcəkdir. O, hazırda rəsmi nikaha daxil olmuş və 2 yazşlı qız övladı vardır. İkinci qrup əlildir və mütəmadi olaraq qazanc əldə etmir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)- 1608/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilməklə xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 110 manat olmaqla, iki uşağa görə cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 545175 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Lənkəran rayonunun Separadi kəndində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 545176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Lənkəran rayonunun Separadi kəndində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən İddiaçı ilə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, İddiaçı, ikinci dərəcəli əlildir. Əlilliyin səbəbi ümumi xəstəlikdir. Diaqnozu beyin mədəciyinin bədxassəli yenitörəməsi, baş beyin bədxassəli törəməsidir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmiş, hər iki tərəf mediasiya prosesinin davam etdirilməsindən imtina etdiklərindənn mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddia tələbinin mahiyyəti əvvəllər təyin edilmiş alimentin miqdarının dəyişdirilməsindən, yəni artırılmasından ibarətdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, müəyyən olunmuş alimentin miqdarının artırılmasını xəstəliyi ilə bağlı işləyə bilməməsi, əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin iddiaya olan etirazının dəlillərinə qiymət verərək bildirir ki, onun ikinci dəfə ailə qurmaqla himayəsində azyaşlı uşağının olması və mütəmadi qazan əldə etməməsi onun bir valideyn ki, iddiaçıdan olan uşaqlarının tələblatlarının qarşılaması vəzifəsindən azad etmir. Odur ki, məhkəmə, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, ölkədə olan istehlak qiymətlərinin və.s dəyişməsini, uşaqlar böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-1608/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 166 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1992 manat (166x12=1992) müəyyən edilməklə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan cavabdehdən Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına 39,92 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-1608/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 39,92 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar