Məhkəmə qərarları › İş №2(003)-531/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-531/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-531/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Zulfııa Hasanovanın (Cavabdeh) iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Zulfııa Hasanovaya qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Zulfııa Hasanovaya qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 70000 manat və ödənilmiş dövlət rüsumuna görə 300 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Əvvələr tanıdığı Cavabdeh Qulu qızı, oğlu İddiaçı2 ilə Ukrayna Respublikasından tikinti materialları gətirərək bizneslə məşğul olmaq məqsədi ilə onu bu məsələyə cəlb etmişdir. Onlar da cavabdehə inanaraq ona 10 aprel 2021-ci il tarixdə cavabdehin adından qəbz almaqla 70000 manat pul vermişlər. Onlar pulu verdikdən sonra cavabdeh onların pulunu xx.xx.2022-ci il tarixdə qaytaracağına söz verərək yazdığı qəbzdə qeyd etmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, cavabdeh onları aldadır, o tək onları yox müxtəlif şəxsləri də aldadaraq onların pullarını mənimsəmişdir. Bundan sonra onlar cavabdehə dəfələrlə pulun qaytarılması barədə müraciət etsələr də o onların pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, bu barədə Bakı şəhəri Nizami RPİ-nə rəsmi olaraq cavabdehin dələduzluq əməllərinə görə ərizə ilə müraciət etmişdir. Nizami RPİ şikayət ərizəsini ərazi aidiyyətinə görə Bakı şəhəri Nəsimi RPİ-nə göndərmişdir. Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 16 iyun 2023-cü il tarixli qərarına əsasən cavabdehin barəsində cinayət işinin başlanılması rədd edilmiş və bu mübahisənin mülki mübahisə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Həmin məbləği oğlu vasitəsilə hissə-hissə cavabdehə vermişdir. Cavabdeh müxtəlif bəhanələrlə pulu geri ödəməkdən yayınmışdır. Həmin pullar ona məxsus olmuş, oğlu Fuad yalnız vasitəçi kimi o pulları cavabdehə vermişdir.. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və digər İddiaçı1 izahatına oxşar məzmunda izahat vermişdir. Əlavə olaraq qeyd etdi ki, həmin pullar atası İddiaçı1 məxsus olmuş v o, vasitəçi kimi pulları cavabdehə vermişdir. Məhkəmə iclasında cavabdeh Zulfııa Hasanova iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçıdan iddia tələbində qeyd edildiyi qədər deyil, 55000 manat məbləğində pulu qəbzə qol çəkməklə almışdır. Qəbz onun tərəfindən imzalanmışdır. Qalan 15000 manatı isə iddiaçı faiz kimi hesablamışdır. Lakin, onların aralarında bu barədə sövdələşmə olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, borcalan Zulfııa Hasanova İddiaçı2 70000 manat məbləğində pulu aldığını və xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmiş və imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş yaddaş kartında olan və məhkəmə iclasında tədqiq edilmiş audio yazıda Zulfııa Hasanova 70000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Zulfııa Hasanova İddiaçı2 70000 manat borc pul almış, lakin müəyyən edilmiş müddətdə borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh borc olaraq 55000 manat məbləğində pul aldığını bildirsə də, o, 70000 manat məbləğində müəyyən edilmiş qəbzi öz imzası ilə imzalayaraq təsdiq etmişdir. Cavabdehin gətirdiyi arqumenti məhkəmə iddia tələbinin həcminin azaldılması cəhdi kimi qiymətləndirir və əsassız hesab edir. Həmçinin məhkəmə araşdırması zamanı sadə yazılı əqdin etibarlı olub-olmaması araşdırılmış və onun etibarsızlığını güman etməyə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddianın predmetini təşkil edən əşya olan pul məbləği İddiaçı1 məxsus olmuşdur. Sadəcə olaraq həmin pul məbləği digər İddiaçı2 vasitəsilə cavabdehə verilmişdir. Bu səbəbdən iddia tələbində qeyd edilən pul məbləği birgə iddiaçıların xeyrinə deyil, yalnız İddiaçı1 xeyrinə tutulmalıdır. Belə ki, İddiaçı2 hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Zulfııa Hasanovadan qaytarılmamış borca görə 70000 manat alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Zulfııa Hasanovadan 70000 manat və ödənilmiş dövlət rüsumuna görə 300 manat məbləğində pul alınaraq İddiaçı1 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Hasanova Zulfııadan (Cavabdeh) 70000 (yetmiş min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı1 ödənilsin. İddiaçı2 Hasanova Zulfııadan (Cavabdeh) pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar