Məhkəmə qərarları › İş №2(003)-55/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-55/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-55/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı “Para» Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank olmayan kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Bank olmayan kredit Təşkilatı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 0013/18/PB saylı kredit müqaviləsinə əsasən 1009,15 manat əsas borc, 1671,01 manat faiz borcu, 1479,60 manat dəbbə pulu olmaqla cəmi 4159,76 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2018-ci il tarixli, 0013/18/PB saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2018-ci il tarixli, 0013/18/PB saylı kredit müqaviləsi üzrə 18 ay müddətinə, 36 faizlə, 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2018-ci il tarixli, 0013/18/PB saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKTa 1009.15 manat əsas borc, 1671.01 manat hesablanmış faiz, 1179.76 manat hesablanmış dəbbə, cəmi 4159.76 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı “Para» Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Mahmudov Cahangir oğlu məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştiakı olamdan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 0013/18PB nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 18 ay müddətinə, illik 36% dərəcəsi ilə 1500 (min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin maliyyə arayşından görünür ki, xx.xx.2018-ci il tarixli 0013/18PB nömrəli kredit müqaviləsi Cavabdehnın 1009,15 manat əsas, 1671,01 manat faiz, 1479,60 manat dəbbə borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3452 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 105804-793898/1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdehnın xx.xx.2019-cu il tarixə İddiaçı BOKT ASC olan borcu 1335,60 manat məbləğində müəyyən edilir. Əsas borcu üzrə 1009,53 manat, faiz borcu üzrə 326,08 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş və borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0013/18PB nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 36 % hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca əməl etməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixə İddiaçı BOKT ASC-yə olan borcu 1335,60 manat məbləğində müəyyən edilir. Əsas borcu üzrə 1009,53 manat, faiz borcu üzrə 326,08 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən bankın xeyrinə tutulacaq borc məbləği bank tərəfindən təqdim edilmiş maliyyə arayışı üzrə yox, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3452 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş qaydada, yəni əsas borcu üzrə 1009,53 manat, faiz borcu üzrə 326,08 manat cavabdehdən tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli 0013/18PB nömrəli kredit müqaviləsi üzrə 1500 manat əsas borca münasibətdə cavabdehdən 1479,60 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği xx.xx.2018-ci il tarixli 0013/18PB nömrəli kredit müqaviləsi üzrə 20 manat müəyyən edilməlidir. Qeyd edilənlərə rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 0013/18PB nömrəli kredit müqaviləsi üzrə 1009,15 manat əsas, 326,08 manat faiz borcu və 20 manat dəbbə pulu tutularaq, İddiaçı BOKT ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilmlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən 30 (otuz manat) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu onun xeyrinə cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1009,53 manat əsas, 326,08 manat faiz borcu, 20 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1385,61 (min üç yüz səksən beş manat 61 qəpik) manat İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar