Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-580/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 17.02.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik21% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10.12.2021–ci il tarixinə "xxxx" KB ASC–yə 1707,5 manat əsas borc, 202,75 manat faiz borcu, 31,11 manat cərimə, cəmi 1941,36 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1707,5 manat əsas borc, 202,75 manat faiz borcu, 31,11 manat cərimə borcu olmaqla, cəmi 1941,36 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 39,82 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2021-ci il tarixli 9089sNAR/19 saylı kredit müqaviləsinə əsasən borcluya 120 ay müddətinə illik 21% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh banka 17.02.2021ci il tarixli kredit müqaviləsi üzrə 10.12.2021–ci il tarixinə 1707,5 manat əsas borc, 202,75 manat faiz borcu, 31,11 manat cərimə borcu olmaqla, cəmi 1941,36 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh oğluna ünvanlanmış 27.10.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 39,82 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 17.02.2021-ci il tarixli 9089sNAR/19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 2000 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin kredit xətti müqaviləsi üzrə borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" KB ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1707,5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 31,11 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 10 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 39,82 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh 1707,5 manat əsas borc, 202,75 manat faiz borcu, 10 manat cərimə borcu, ödənilmiş 39,82 manat dövlət rüsumu olmaqla, cəmi 1960,07 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh 1707,5 manat əsas borc, 202,75 manat faiz borcu, 10,0 manat cərimə borcu, ödənilmiş 39,82 manat dövlət rüsumu olmaqla, cəmi 1960,07 (min doqquz yüz altmış manat, yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-580/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-580/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver