Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-599/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 5085 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən 5085 ABŞ dolları əsas borc, 1017 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabilətlər sifariş verilmişdir. Nəticədə cavabdehin 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bugünə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabilətlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər-hansısa çətinlik yaratmamışdır. Qeyd edilməsi zəruridir ki, cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunun hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində borcu mövcuddur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, hazırki iş üzrə Cavabdeh 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, cavabdehdən 5085 ABŞ dolları əsas borc, 1017 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, onun iddiaçı şirkətlə heç bir əlaqəsi olmamış, onlardan heç zaman bilet sifariş etməyib, aralarında heç bir müqavilə olmayıb. Fərhad adlı şəxs onların şirkətinə kömək etməsi üçün digər şirkətlə görüşməsini xahiş edib və Çinə səyahət etməyi təşkil edib. O da Fərhad adlı şəxsə kömək etmək məqsədilə təklifi ilə Çinə səfər edib. Həmin yolun bilet və s. xərclərini Fərhad adlı şəxs özü çəkib. O özü heç yerdən bilet sifarış etməyib. Ona bildirilmişdir ki, yalnız Çinə digər şəxslərlə birlikdə səyahət edib oradakı nümayəndələrlə görüşmək lazımdır. O, həmin şirkətə köməklik edib. İndi isə onların biletlərinə görə pul ödənilməsi əsassızdır. Çünki o heç vaxt bilet sifariş etməyib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh məktub göndərilərək, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş hesab vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 5085 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş QATAR Airways tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə uçuşlar həyata keçirilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdeh tərəfindən həyata keçirilmiş səyahətlər üzrə əvvəlcədən haqqı ödənilmədən alınmış aviabiletlərin dəyərinin tutulmasını xahiş etmiş, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, sözügedən aviabiletlərin dəyərinin əvvəlcədən ödənilmədiyi, satışın nisyə şərtlərlə həyata keçirilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, göstərilən hallar işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-599/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-599/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver