Məhkəmə qərarları › İş №2(003)-632/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-632/2021

27.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-632/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 1A-713 ünvanda yerləşən 0.0651 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair hər cür maneələrin aradan qaldırılması və bu cür hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1A-713 ünvanında yerləşən 0.0651 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmiş, sahə ilə bağlı həmçinin onun adına torpaq sahəsinin plan və ölçüsü də tərtib edilmişdir. O, mübahisəli torpaq sahəsinə hasar çəkmək istəyərkən Cavabdeh müxtəlif yollarla ona mane olmağa çalışmış, gah həmin torpaq sahəsinin başqa bir şəxsə satıldığını, gah onun əlində bələdiyyə sənədi olduğunu, gah da hasar çəkilərsə özünü yandıracağını bildirmişdir. Hazırda torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mənə məxsus olsa da, cavabdeh tərəfindən onun xüsusi hüquqlarının həyata keçirilməsinə maneəçilik törədilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, onun istifadəsində olan torpaq sahəsi Şağan Bələdiyyəsi tərəfindən onunla bağlanmış icarə müqaviləsinə əsas istifadəsinə verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsində hasar və qapı qoyulması zamanı tərəfindən maneçilik yaradılmışdır. Belə ki, hesab edir ki, onun hasarlamaq istədiyi hissə ona aid hissədə deyil. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan DƏDRX tərəfindən 23.05.2019-cu il tarixdə verilmiş cışarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1A-713 İddiaçı məxsusdur (torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,0651 ha). İş materiallarında olan X4 və Ekspertiza Mərkəzinin 01.06.2021-ci il tarixli 21 saylı rəyindən görünür ki, İddiaçı adına olan çıxarışa əsasən və çıxarışın torpaq planına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 1A-713 saylı torpaq sahəsinin naturada yeri müəyyən edilməklə məlum olmuşdur ki, torpaq sahəsi naturaya uyğundur. İddiaçı adına olan çıxarışa əsasən və çıxarışın torpaq planına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 1A-713 saylı torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yanaşı yerləşir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələri qarşısının alınmasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1A- 713 ünvanda yerləşən (torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,0651 ha) torpaq sahəsinə dair mülkiyyət hüququn həyata keçirilməsi ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və o cümlədən torpaq sahəsinə dair mülkiyyət hüququn həyata keçirilməsi ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar