Məhkəmə qərarları › İş №2(003)-720/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-720/2021

08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-720/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi Hissədə müddətdən artıq xidmətdə olan Cavabdeh ondan demişdir ki, ailəsi xəstə olduğu üçün təcili olaraq 1500 manat pul lazımdır, aldığı pulu 15 gün müddətinə qaytaracaqdır. O, cavabdehin bu vəziyyətini nəzərə alaraq, xx.xx.2020-ci il tarixdə öz aralarında borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən, cavabdeh ona pulu xx.xx.2020-ci il tarixdə qaytaracağını öhdəliyə götürmüşdür. Borc müqaviləsi bağladıqdan sonra cavabdeh, o və tanışı X1 həmin borc müqaviləsinə imza etmişlər. Bundan sonra, 1500 manat pulu Cavabdeh vermişdir. Öhdəlik götürdüyü tarixdə pulu qaytarmadığı üçün cavabdehə zəng vurub pulunu istəmişdir. Cavabdeh ona bildirmişdir ki, guya 1 həftə ərzində qaytaracaqdır. Lakin cavabdeh indiki tarixə kimi pulunu qaytarmır, hər dəfə yalandan vəd verməklə onu aldadır. Cavabdehin aldığı pulla əlaqədar öz tərəfindən imza etdiyi borc müqaviləsi var. Qeyd olunanlara əsasən, cavabdehdən 1500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçını Binə sakini kimi 3-4 ildir tanıyır. İddiaçı və cavabdeh onun yanına gəlib demişlər ki, şahidlik edərək yazı tərtib etsin ki, Elxan Turala 1500 manat borc pul verib. Cavabdeh borcu 1 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. O, bununla bağlı protokol tərtib edib, tərəflərin hər ikisi imza çəkmişdirlər. Məhkəmə, iddiaçının izahatını dinləyib, şahid ifadəsinə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, borcalan Cavabdeh, borcverən İddiaçı və şahid Səxavət Qasımovun iştirakı ilə tərtib edilmiş əlyazmada qeyd edilmişdir ki, Cavabdeh İddiaçı 1500 manat məbləğində borc pul almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarından, iddiaçının izahatından və şahid ifadəsindən görünür ki, Cavabdeh iddiaçıdan aldığı 1500 manat məbləğində borcu geri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh aralarındakı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 1500 manat məbləğində pul vəsaitinin tutulması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar