Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-729/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Azad Hüseynovun, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 826 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında 01.02.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq etməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. 18.05.2018-ci iltarixli 192-K saylı əmrlə baş-satıcı vəzifəsinəkeçirilmişdir. 27.05.2018-ci il tarixdə 250-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 15.05.2019-cu il tarixdə öz ərizəsi əsasında 201-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 09.04.2019-cu il tarixdə Oba-Ulduz Sabunçu 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin zərər vurması müəyyən edilmişdir. Həmin ziyanın məbləği 1181 manat olduğu müəyyən edilmişdir. Ümumi qalıq borcundan 355 manat güzəşt edilmiş qalıq borc 826 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, o, ödəniş etməmişdir. Məhkəmə iclasında Azad Hüseynov iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etdi. Bildirdi ki, İddiaçı MMC qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə hazırki iddia ilə məhkəməy müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh 01.02.2018-ci il tarixdə “X1” MMC-nin “Satış Əməliyyatları” şöbəsinin “İddiaçılər” şəbəkəsinə 3 ay sınaq müddətinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh 18.05.2018-ci il tarixdə “X1” MMC-nin “Satış Əməliyyatları” şöbəsinə “Baş satıcı” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh 27.06.2018-ci il tarixdə “X1” MMC-nin “Satış Əməliyyatları” şöbəsinə “Administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında 27.06.2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, iddiaçı tərəfindən 09.04.2019-cu il tarixdə inventarizasiya keçirilmiş, “Aktivlər və öhdəliklərin inventarizasiyası qaydaları” na əsasən cavabdehin 1181 manat borcu müəyyən edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdehlə əmək müqaviləsinə 15.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsaəsn xitam verilmişdir. İş materiallarında olan 01.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 09.04.2019-cu il tarixdə Cavabdehlə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1181 manat çatışmazlıq müəyyən edilmiş, onun 355 manatı ona güzəşt edilməklə qalıq borc 826 manat müəyyən edilmişdir. İş materialarında olan 31.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 3 gün ərzində 826 manat ziyanın ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisələrin predmeti olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndi) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşdən göründüyü ki, iddiaçı 09.04.2019-cu il tarixində inventarizasiya keçirməsi nəticəsində ona cavabdeh tərəfindən 1181 manat ziyanın vurulmasını müəyyən etmişdir. Lakin, pozulmuş hüququnun bərpasına dair iddia ərizəsi ilə 26.11.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-729/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-729/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver