Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-752/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sərdliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 6965 manat məbləğində pulun, Cavabdeh2 6700 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13395 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının oğludur. Əri Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğu üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli fərmanına əsasən ona 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilmişdir. Həmin müddətdə bacısının və oğlunun pula ehtiyacı olduğundan və ona pul verilməsindən xəbər tutduqları üçün ondan borca pul istəmişlər və qısa müddətdə qaytaracaqlarına söz vermişlər. Həmin müddətdə Cavabdeh2 Xəzər rayon məhkəməsində məhkəmə mübahisəsinə baxılmış və ona görə də, xx xxxxxx 2019-cu il tarixdə Ramil ondan 2500 manat borc pul götürmüş və sentyabr ayının 7-dən hissə-hissə ödəyəcəyinə söz vermişdir. Həmin ayın 27-i Ramil məndən əlavə olaraq 4200 manat borca pul götürmüş və sentyabr ayından ödəyəcəyinə söz vermişdir. Hər iki halda Ramil öz xətti ilə ərizə yazaraq imzası ilə təsdiq etmişdir. Bundan başqa Cavabdeh1 həmin ərəfədə onun evində qızı üçün aldığı, lakin açılmamış və istifadə edilməmiş 5000 manat dəyərində mebel dəstini istəmiş və pulunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Bundan bir müddət sonra isə bacısı ondan əlavə olaraq 1200 manat pul borca almış və Sədərək ticarət mərkəzindən aldığı mallara görə 915 manat borcu yaranmışdır. Bacısı Sədərək ticarət mərkəzindən aldığı mallara görə iyun ayında 50 manat, iyul ayında 50 manat, oktyabr ayının 15-də 50 manat, cəmi 150 manat pul qaytarmış və 765 manat borcu qalmışdır. Hazırda bacısının ona 6965 (5000+1200+765) manat, bacısı oğlu Ramilin isə 6700 (2500+4200) manat borcu vardır. Lakin hal-hazıradək cavabdehlər ona olan borclarını qaytarmamışlar. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Cavabdeh1 13395 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı onun bacısıdır. O, qızına cehiz vermək istədikdə maddi imkanları olmamışdır. Bacısı ona demişdir ki, mebel alsın, o da mebelin pulunu hər ay faizlə qaytarar. Onlar razılaşmışlar. İddiaçı öz adına mebel alıb ona vermişdir. O isə hər ay iddiaçıya pul verməli idi. Lakin mebel işlənmiş və sınıq çıxdığından o mebeli qaytarmışdır. Yalnız divan, stol və 6 stul onun evində qalmışdır. Qalan mebelin pulunu da hər ay 50 manat olmaqla ödəmişdir. İddiaçı onun qaytardığı mebeli başqa adama faizlə ödəmək şərti ilə vermişdir. İddiaçının qeyd etdiyi ərizələri o oğlunun adından yazmışdır. Lakin ərizəyə əlavə olaraq qeyd olunmuş ”Mən bacım Rənadan 1200 manat borc pul aldım” cümləsini o yazmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının sübut kimi təqdim etdiyi ərizəni o yazmamışdır. O, yalnız latın əlifbasında yaza bilir. Onun adından ərizəni anası yazıb. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi və iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, o, Xatirə ilə bir yerdə işləmiş, sonuncunun evində Rənanı tanımışdır. O, Rənadan mebel almış, həmin mebeli Xatirənin evindən götürmüşdür. Mebelin pulunu razılaşma ilə 3 aya ödəyib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbindən və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı ayrı ayrı vaxtlarda verdiyi 6965 manat və 6700 manat pul vəsaitlərinin alınmasını xahiş etmiş, iddia tələbinin əsası kimi cavabdehlər tərəfindən yazılmış əl yazısını təqdim etmişdir. İş materiallarına əlavə edilmiş əl yazısı ilə yazılmış ərizədə qeyd edilmişdir ki, Cavabdeh2 X1 xx xxxxxx 2019-cu il tarixdə evinə qiyməti 2500 manat olan divan və jurnal stol almış, sentyabr ayının 7-də hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş eyni əl yazısı ilə yazılmış digər ərizədə qeyd edilmişdir ki, Cavabdeh2 X1 xx xxxxxx 2019-cu il tarixdə maddi problemi olduğu üçün 4200 manat borc almışdır. Hər ayın 27-də 350 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş eyni əl yazısı ilə yazılmış digər ərizədə qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı 5000 manatlıq mebel almışdır. Həmin ərizəyə əlavəyə əsasən, Cavabdeh1 İddiaçı əlavə olaraq 1200 manat pul almışdır. Qeyd olunan ərizələrlə verilmiş borc məbləği ümumi olaraq 12900 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının iddiasını əsaslandırdığı ərizələri oğlunun adından özünün yazdığını etiraf etmiş, lakin ərizəyə əlavə olaraq qeyd olunmuş ”Mən bacım Rənadan 1200 manat borc pul aldım” cümləsini yazmadığını bildirmişdir. İşin obyektiv araşdırılması məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, mülki işin 11-ci vərəqəsində olan qəbzdəki yazılar və 11-ci vərəqəsinin arxa hissəsində olan yazılar (”Mən bacım Rənadan 1200 manat borc pul aldım”) və imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə-Xəttşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının iddianın əsası kimi istinad etdiyi ərizələri oğlunun adından özünün yazdığını etiraf etmiş, ərizəyə əlavə olaraq qeyd olunmuş ”Mən bacım Rənadan 1200 manat borc pul aldım” yazısının da cavabdeh tərəfindən icra olunduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq, Cavabdeh1 iddiaçıya olan borcunun 12900 manat olaraq müəyyən edilməsinin işin hallarına uyğun olduğu qənaətinə gəlir. Bundan əlavə, iddiaçının 765 manat pulun tutulması hissəsində öz tələbini əsaslandıran sübut kimi təqdim etdiyi, yuxarıda qeyd edilmiş eyni əl yazısı ilə yazılmış qeyddən İddiaçı Cavabdeh1 pul vəsaiti verilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddiaçıdan aldığı pul vəsaitini geri qaytardığını bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manat məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə borca görə 12900 (on iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-752/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-752/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver