Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-784/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6264,79 ABŞ Dolları məbləğində kredit borcu, 7209,22 ABŞ Dolları məbləğində faiz borcu və 4817,74 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18291 (on səkkiz min iki yüz doxsan) ABŞ Dolları 75 (yetmiş beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.06.2010-cu il tarixli 21L000000407 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.07.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.01.2016-cı il tarixli 021R**********S saylı, 26.09.2017-ci il tarixli 021R**********8SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 28.08.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8735,21 ABŞ Dolları ödəmiş, onun 6264,79 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.10.2020-ci il tarixə 765 gün üçün hesablanmış faiz borcu 7209,22 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 01.10.2020ci il tarixə 765 gün üçün hesablanmış cərimə 4817,74 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izhat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21L000000407 saylı, 08.06.2010-cu il tarixli uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC 120 (yüz iyirmi) ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan 08.06.2010-cu il tarixli 021R********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verilməsi barədə köçürmə qəbzindən görünür ki, kredit razılaşması üzrə 15000 ABŞ dolları bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh1 həmin pulu götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında bağlanmış 27.12.2013-cü il tarixli 21S000007727 saylı zaminlik müqaviləsindən görünür ki, o, 021R********** saylı, 14.07.2015-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında bağlanmış 08.06.2010-cu il tarixli 21S000000864 saylı zaminlik müqaviləsindən görünür ki, o, 021R********** saylı, 14.07.2015-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 01.10.2020-ci il tarixə əsas borcu 6264,79 ABŞ dolları, faiz üzrə 7209,22 ABŞ dolları, cərimə üzrə borcu 4817,74 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 28.08.2018-ci il tarixə əsas borcu 6264,79 ABŞ dolları, faiz üzrə 4147,3 ABŞ dolları, cərimə üzrə borcu 62,65 ABŞ dolları təşkil edir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarına əsasən, Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1. 425, 427, 428, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 021R********** saylı, 14.07.2015-ci il tarixli kredit razılaşması üzrə 6264,79 ABŞ dolları əsas, 4147,3 ABŞ dolları faiz borcu və 62,65 ABŞ dolları cərimə borcu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 021R********** saylı, 14.07.2015-ci il tarixli kredit razılaşması üzrə 6264,79 ABŞ dolları əsas, 4147,3 ABŞ dolları faiz borcu və 62,65 ABŞ dolları cərimə borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 021R********** saylı, 14.07.2015-ci il tarixli kredit razılaşması üzrə 6264,79 ABŞ dolları əsas, 4147,3 ABŞ dolları faiz borcu və 62,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10474,74 ABŞ dolları (on min dörd yüz yetmiş dörd dollar yetmiş dörd sent) borc Azərbaycan manatının ödəniş gününə olan məzənnəsi nəzərə alınmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-784/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-784/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver