Məhkəmə qərarları › İş №2(003)-79/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-79/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-79/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 29 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 5100.08 manat əsas, 2962.97 manat faiz, 117.83 manat cərimə və kredit müqaviləsi üzrə 29.09.2019-cu il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 387.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8568.33 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 29 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “10 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 lcv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evi 2014-cü il 29 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 29 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 19-dək Cavabdeh1 2014-cii il 29 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 5100.08 manat əsas, 2962.97 manat faiz, 117.83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8180.88 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 19 mart 2021 -ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 29 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 5100.08 manat əsas, 2962.97 manat faiz, 117.83 manat cərimə və kredit müqaviləsi üzrə 29.09.2019-cu il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 387.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8568.33 manat borcu vardır. 29 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, həqiqətən də sözügedən müqavilə üzrə iddiaçıdan kredit götürmüşdür. Lakin borcunun çox hissəsini ödəmişdir, qalan hissəsini də ödəyəcəkdir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 sentyabr 2014cü il tarixdə 22-G-1-0-1270-14 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya istehlak məqsədilə illik 25 % hesabı ilə 60 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 sentyabr 2014-cü il tarixdə 22-G-1-0-1270-14 №-li kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarında olan 20.04.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 1099.08 manat, faiz borcu 2962.97 manat və cərimə 117.83 manat, əldən çıxmış fayda 597.6 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.10.2014-cü il tarixli seriya RX seriyalı ******* №-li Çıxarışın əsli ilə təsdiq edilmiş surətindən görünür ki, həmin evin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 25000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən H/01-PLS №-li 31 mart 2022-ci il tarixli rəydə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinin likvid qiymətinin 35000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-yə ödənilməmiş 1099.08 manat əsas və 2962.97 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 117.83 manat məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 10 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehlərin ipoteka predmeti olan əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların evdən çıxarılması, evin iddiaçıya təhvil verilməsi xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1. maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ən geci bir ay ərzində mənzildən çıxarılmalıdırlar. İpoteka predmeti olan evə cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəmə qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.4. maddəsinin tələbinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunanlara əsasən, məhkəmə həmin hissədə iddia tələbinin təmin edilməməli olduğunu hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat və 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli, həmçinin 40 manat rüsum və xidmət haqqı ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1099.08 manat əsas borc, 2962.97 manat faiz borcu, 10 manat cərimə, 387.45 manat əldən çıxmış fayda, cəmi 4459.5 manat məbləğində borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin ev 35000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 4459.5 manat məbləğində borc, rüsumlar və xidmət haqqına görə 55 manat məbləğində pul vəsaiti ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin evdən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 1099.08 manat əsas borc, 2962.97 manat faiz borcu, 10 manat cərimə, 387.45 manat əldən çıxmış fayda, cəmi 4459.5 (dörd min dörd yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsum və 30 (otuz) manat xidmət haqqı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin ev 35.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 4459.5 manat məbləğində borc, rüsumlar və xidmət haqqına görə 55 manat məbləğində pul vəsaiti ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsində yerləşən, 2 otaqlı, 56.7 kv.m ümumi, 28.0 kv.m yaşayış, 28.7 kv.m yardımçı sahədən ibarət 92 saylı fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar