Məhkəmə qərarları › İş №2(003)-809/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-809/2024

08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-809/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzində 6000 (altı min) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı dələduzluq əməli törədərək hərbi xidmətdə olarkən 2017-ci ilin iyul ayının sonlarında iş axtardığını bildiyindən onu 6.000 manat müqabilində “Medical Plaza” klinikasının cərrahiyyə şöbəsinin baş həkimi vəzifəsində işləyən Leyla adlı tanışının şəxsi sürücüsü kimi işə qəbul etdirəcəyi barədə yalan vəd vermişdir. O, Cavabdeh yalan vədinə inanaraq xx.xx.2017-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şəki” kafesində onunla görüşərək 6.000 manat məbləğində pulu ona vermişdir. Lakin, bir müddətdən sonra aldadıldığını bilmişdir. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(093)-92/2019 hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 34.4, 312.2ci maddələri ilə təqsirli bilinərək barəsində cərimə və azadlıqdan məhrumetmə cəzası təyin edilərək məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-1(103)-26/2023 nömrəli qərarına əsasən zərərçəkmiş şəxs kimi ona məhkum Cavabdeh qarşı mülki icraat qaydasında iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının dedikləri ilə razı deyil. Barəsində olan qərardan kassasiya qaydasında şikayət verəcəkdir. Cinayət işinin istintaqının aparılması formasından narazıdır. O, Ceyhuna heç bir maddi zərər vurmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(103)-26/2023 saylı qərarından görünür ki, Cavabdeh üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarı ilə Cavabdeh üzərində saxlanılmış 2 (iki) il 1 (bir) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Cavabdeh qəti olaraq 3 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası təyin edilməklə, təyin edilmiş 1.500 manat cərimə cəzasının müstəqil icra olunması və zərərçəkmiş şəxs İddiaçı mülki icraat qaydasında məhkuma qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya qarşı dələduzluq cinayətini törətməsi və bununla da iddiaçıya maddi zərər dəyməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh iddiaçıdan onu işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək 6000 manat məbləğində pulu ələ keçirib dələduzluq etməklə maddi zərər vurmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 6000 (altı min) manat maddi ziyan İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumundan ibarətdir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 6000 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 80 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar