Məhkəmə qərarları › İş №2(003)-811/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-811/2024

14.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-811/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanından və ona aid həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, 2006-cı il tarixdən qeydiyyatda olduğu və hazırda yaşadığı ünvana gəlin köçmüş, 2007-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından 2 yetkinlik yaşına çatmayan övladı vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun ünvan 2 ünvanına dair istifadə hüququ tanınmışdır. Sonradan keçmiş qaynatası olan cavabdeh onu oradan çıxmağa məcbur etmişdir. 2013-cü il tarixindən kirayəçi olaraq başqa ünvanda yaşamışdır. Lakin, 2023-cü ildən işdən çıxarıldığına görə kirayə haqqını verə bilmədiyinə görə qeydiyyatda olduğu mənzilin yanında olan otağa köçmüşdür. Lakin, keçmiş qaynatası olan cavabdeh onun qapısının giriş hissəsinə şkaf qoyaraq onun gediş-gəlişinə mane olmağa çalışır. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən edilən həmin maneələr aradan qaldırılmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur. Onun tərəfindən cavabdehə heç bir maneə yaradılmır. İddiaçının qeyd etdiyi şkaf onun evinin pəncərəsinin qarşısında qoyulmuşdur və iddiaçının evə giriş-çıxışına heç bir maneə yaratmır. İddiaçının yaşadığı əlavə tikili özbaşına tikintidir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli 390 saylı sərəncamından görünür ki, X1 vəfat etməsi ilə əlaqədar olaraq onun adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Z.Zulkaydayev küçəsi 4 saylı evin 1 saylı mənzilinin şəxsi hesabı oğlu Cavabdeh adına dəyişdirilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)-1113/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə İddiaçı Xəzər rayonu Mərdəkan qəsəbəsi Z.Zulkaldayev küçəsi 4 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. - İşdə olan 2 ədəd fotoşəkildən görünür ki, cavabdeh tərəfindən qoyulmuş şkaf onun pəncərəsinin qarşısında qoyulmuşdur və iddiaçının yaşadığı otağın qapısına giriş-çıxışına, həmçinin torpaq sahəsindən istifadəsinə heç bir maneə yaratmır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, onun qeyd olunan torpaq sahəsi və onun üzərində tikilmiş əlavə tikilinin hər hansı bir hüquqmüəyyənedici sənədlə ona məxsus olması müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi torpaq sahəsi və onun üzərində yerləşən əlavə tikilidən istifadəsinə cavabdeh tərəfindən maneə yaradıldığını bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, həmin halı sübut edə bilməmişdir. Əksinə, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, cavabdeh tərəfindən ona məxsus evin pəncərəsinin önündə şkaf qoyulmuş, həmin şkaf iddiaçının istifadə etdiyi əlavə tikiliyə giriş-çıxışa heç bir maneə yaratmadığı müəyyən edilmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüququ olmadığından İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar