Məhkəmə qərarları › İş №2(003)-836/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-836/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-836/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 29.03.2019-cu il tarixli kredit sazişinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 25,5% olmaqla 10500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 09 dekabr 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7954,01 manat məbləğində əsas kredit borcu, 1724,8 manat məbləğində faiz borcu olmaqla, ümumiliklə cəmi 9678,81 manat məbləğində borcu yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7954,01 manat məbləğində əsas kredit borcu, 1724,8 manat məbləğində faiz borcu olmaqla, ümumiliklə cəmi 9678,81 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin iddiaçının nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, iddia üzrə əsas və faiz borcu ilə razıdır, iddia tələbinin təmin ediməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.03.2019-cu il tarixli kredit sazişinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 25,5% olmaqla 10500 Manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş 29.03.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.04.2019-cu il tarixdən 29.03.2022-ci il tarixədək İddiaçı ASC-yə 10500 Manat əsas kredit borcu, 4588,58 Manat faiz borcu ödəməli idi. İşə əlavə edilmiş 09.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 29.03.2019-cu il tarixli müqaviləyə əsasən 7954,01 Manat məbləğində kredit borcu, 1724,8 Manat məbləğində faiz borcu faiz borcu var. İşə əlavə edilmiş Cavabdehnun məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, iddia üzrə əsas və faiz borcu ilə razıdır. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "İddiaçı" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 29.03.2019-cu il tarixli kredit sazişinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 25,5% olmaqla 10500 Manat məbləğində kredit vermişdir. Cavabdeh həmin kredit məbləği üzrə ödənişi tam olaraq həyata keçirmədiyi üçün hazırda cavabdehin 7954,01 Manat əsas və 1724,8 Manat faiz borcu olmaqla, cəmi 9678,81 Manat məbləğində borcu ödənilməmiş qalmışdır. Hazırda iddiaçı bu borcun cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit sazişi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndan 7954,01 manat məbləğində əsas kredit borcu, 1724,8 manat məbləğində faiz borcu olmaqla, ümumiliklə cəmi 9678,81 (doqquz min yeddi yüz yetmiş səkkiz manat, səksən bir qəpik) Manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar