Məhkəmə qərarları › İş №2(003)-849/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-849/2024

27.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-849/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sökülmüş darvazanın yerinə bərpa edilməsi, yaranmış maneənin aradan qaldırılması" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evində darvazanın cavabdehlər tərəfindən yerinə bərpa edilməsi, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 22 noyabr 2014-cü il tarixdə evlənərək ailə qurmuşlar. Bu izdivacdan 14 avqust 2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 adında övladları doğulmuşdur. Ailə qurduqdan sonra Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində ev atasının vəsaiti hesabına tikilmişdir. Evin təmiri isə iddiaçıya hədiyyə verilmiş qızılların lombarda qoyularaq götürülmüş pulun hesabına həyata keçirilmişdir. Üç otaqlı, sanuzel qovşağı (hamam və tualet), mətbəxdən və dəhlizdən ibarət olan ayrıca yaşayış sahəsidir. Kifayət qədər böyük tikilidir. Evin kommunal qaz sayğacı, bələdiyyəyə ödənilən torpaq və əmlak vergisi adınadır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2341/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X8 qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment" barədə iddiası təmin edilmiş və nikahları pozulmuşdur. 12031xxxxxxx saylı kod üzrə Qala Bələdiyyəsinə ödənilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən adı çəkilən Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq və üzərində yerləşən əmlak (ev) vergisi onun tərəfindən ödənilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının cavabdeh X8 qarşı mənzilə köçürülmə və evdən istifadə qaydalarının tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra övladı ilə birlikdə sözü gedən evə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən köçürülmüşdür. Köçürüldükdən sonra cavabdehlər tərəfindən orada yaşamağına daim maneələr yaradılır. Belə ki, qoyulmuş darvaza onlar tərəfindən sökülərək kənara qoyulmuş, yaşadığı fərdi yaşayış evinin kənarı ilə isə yeni tikinti işləri aparılır, beləliklə onun evə sərbəst giriş-çıxış yollarına isə maneə yaradılır. Cavabdehlərin qeyri-qanuni hərəkətləri üzündən məhkəmə tərəfindən tanınan qanuni istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində sahiblik, istifadə və hüquqlarını tam həyata keçirə bilmir. Bu səbəbdən də, qoyulmuş darvaza cavabdehlər tərəfindən yernə bərpa edilməli, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməli, cavabdehlər tərəfindən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneə aradan qaldırılmalıdır. Cavabdehlərin hərəkətləri fərdi yaşayış evindən istifadə etməyinə maneə yaradır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, məhkəmə qətnaməsi ilə köçürüldüyü evə cavabdehlərin evinin qarşısından keçməklə gedir. Bəzi hallarda apı bağlı olduğundan evinə daxil ola bilmir. Onun köçürüldüyü evin əvvəllər ayrıca giriş-çıxış darvazası olmuş, lakin cavabdehlər tərəfindən həmin darvaza sökülmüşdür. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdehlər iddiaçının mənzildən istifadə etməsinə maneələr törədirlər. Qapının ağzına it bağlanmış, bu isə uşağın qorxmasına səbəb olmuşdur. Gələcəkdə bu kimi halların baş verməməsinə heç kim cavabdehlik daşıya bilməz. Ona görə də, cavabdehlər tərəfindən yaradan maneələr aradan qaldırılmalı, darvaza yerinə bərpa edilməli, qanunsuz tikililər sökülməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya qarşı yazılı etirazla müraciət edərək göstərdi ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən yaşayış evinə (Dürdanə X5 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-806/2023 nömrəli qətnaməsi ilə hazırki iddia ilə bağlı bir çox vacib faktiki hallara aydınlıq gətirilmişdir. Belə ki, sözügedən qətnamədə qeyd olunduğu kimi bağlanmış darvazanın qarşısından yerdən yüksəklildə qaz borusu keçir və həmin hissədən həyətə ikinci giriş qapısının açılması nə mümkündür və nə də buna zərurət mövcud deyildir. Belə ki, həyətə ümumi giriş-çıxış qapısı mövcuddur və cavabdehlər tərəfindən iddiaçının həmin giriş-çıxış qapısından istifadəsinə əvvəllər və indi heç bir maneə yaradılmamışdır. Ümumilikdə isə hər üç iddia tələbi haqqında qeyd etmək vacibdir ki, cavabdehin ümumiyyətlə hazırki iddia tələblərini qaldırmağa subyketiv hüququ mövcud deyildir. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 806/2023 nömrəli qətnaməsi ilə İddiaçı yalnız sözügedən ünvanda yerləşən Səbuhi oğlu ilə birgə yaşadığı yeni tikiliyə köçürülməsi hüququ təmin edilmişdir və onun bu hüququn istifadə etməsi üçün heç bir maneə mövcud deyildir. Qeyd olunan yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 Kəlbəcər rayonundan məcburi köçkün düşdüyü vaxtdan təqribən 30 il müddətində sahibliyində və istifadəsindədir. Xəzər Rayon Məhkəməsi qeyd olunan qətnaməsi ilə iddiaçının yalnız Həmçinin iddiaçıran qaz sayğac, və bələdiyyə vergilərini ödəməsinə dair qəbzlən eyni məqsədlə iddia ərizəsinə əlavə etməsi onun sözügedən torpaq sahəsi üzərində heç bir mülkiyyət yaranması,na dəlalət edən sübut kimi qiymətləndirilə bilməz və qeyd olunan sənədlər hazırki iş üzrə heç bir sübut, əhəmiyyətə malik deyildir. Qaz sayğacının şəxsin adına quraşdırılması və bələdiyyə vergilərininin ödənilməsi birmənalı şəkildə Azərbaycan Respublikasının qanunvericiliyində daşınmaz əmlak uzərində mülkiyyət hüququnun yaranması üçün əsaslara aid edilməmişdir. Cavabdehlər tərəfindən iddiaçının köçürüldüyü yeni tikilidə yaşamaq hüququnu məhdudlaşdıran heç bir tikinti işi aparılmamışdır və iddiaçının sözügedən evə daxıl olmasına cavabdehlər tərəfindən yaradılmış heç bir maneə mövcud deyildir. İddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda məhkəmə iclasında iddiaçı evə köçürüldükdən sonra ona maneçilik törədilməmiş, lakin bəzi hallarda cavabdehlər evdə olmadığından iddiaçı evə daxil olmamışdır. Cavabdehlər tərəfindən iddiaçının maneəsiz evə daxil olmasına hal-hazırda hər hansı maneə mövcud deyil. Halhazırda darvazanın açarlarının yenisi ilə əvəz olunmuş, açarın bir nüsxəsinin iddiaçıya təqdim etməyə razıdırlar. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Həmçinin izahatında göstərdi ki, iddiaçı evə köçürüldükdən sonra ona evdən istifadə etməsinə heç bir maneçilik törədilməmişdir. Darvazanın açarları dəyişilmişdir. İndidə açarın bir nüsxəsini iddiaçıya təqdim edir. Həyətdə it saxlamağı xoşlayır. Lakin həmin it istər iddiaçıya, istərsə də, uşağa qarşı heç bir xəsarət yetirməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2341/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 ilə cavabdeh X11 arasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1334 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 noyabr 2014-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş 14 avqust 2019-cu il təvəllüdlü X12 və 18 iyun 2021-ci il təvəllüdlü X9 iddiaçı X2 himayəsində saxlanılması, X3 xx.xx.2022-ci il tarixdən etibarən (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli MTT(008)- 104/2022 saylı müvəqqəti alimentə dair qərardadı nəzərə alınaraq) X7 ilə cavabdeh X6 birgə nikahından olan 14 avqust 2019-cu il təvəllüdlü X10 və xx.xx.2021 -ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi qət edilmişdir İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan abonent saldosunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında X4 məxsus qaz xətti **********01778 abonent kodu ilə qeydə alınmışdır. (sayğacın quraşdırılma tarixi xx.xx.2021) İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, X7 tərəfindən xx.xx.2021-ci il tarixdə Qala Bələdiyyəsinin hesabına pul ödənişləri həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfində təqdim edilmiş video diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və həmin video diskdən müəyyən edilmişdir ki, iddiaçı köçürüldüyü evə gələrkən qapı bağlı olmuş, o maneəsiz evinə daxil ola bilməmişdir. Həyətdə 2 baş itin olması və itlərin uşağa hürməsi müəyyən edildi. Məhkəmə araşdırılması, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə aktı olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda bir həyətdə iki ev mövcud olmaqla, evlərin arasında hasar yoxdur, lakin əvvəldən olmuş və sökülmüş hasar izi qalmaqdadır. Giriş qapısı daş hasarla tikilib bağlanmışdır. Həmin qapının qarşısından yerdən yüksəklikdə qaz borusu keçir. Mübahisəli ev yaşamağa yararlıdır. Evin içərisi demək olar ki, boşdur. Bir otaqda stol-stul, bir otaqda isə yerdə döşəklər mövcuddur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı cavabdeh X11 ilə xx.xx.2014-cü il tarixdə ailə qurmuş, onların birgə nikahından iki uşağı, X12 və X13 dünyaya gəlmişdir. 2014-cü ildən hazırkı iş üzrə tərəflər mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən cavabdehin anasına məxsus evdə, sonra isə həmin ünvanda yerləşən sonradan inşa olunmuş evdə yaşamağa başlamışlar. Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli torpaq sahəsi uzun müddətdir Cavabdeh1 istifadəsində olmaqla İddiaçı həmin torpaq sahəsində yerləşən evə gəlin köçmüşdür. Mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən evlərin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi qət edilmiş və iddiaçı mübahisəli mənzilə köçürülmüşdür. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə köçürüldükdən sonra cavabdehlər tərəfindən orada yaşamağına daim maneələr yaradır. Qoyulmuş darvaza onlar tərəfindən sökülərək kənara qoyulmuş, yaşadığı fərdi yaşayış evinin kənarı ilə isə yeni tikinti işləri aparılır, beləliklə onun evə sərbəst giriş-çıxış yollarına isə maneə yaradırlır. Cavabdehlərin qeyri-qanuni hərəkətləri üzündən məhkəmə tərəfindən tanınan qanuni istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində sahiblik, istifadə və hüquqlarını tam həyata keçirə bilmir. Bu səbəbdən də, qoyulmuş darvaza cavabdehlər tərəfindən yernə bərpa edilməli, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməli, cavabdehlər tərəfindən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneə aradan qaldırılmalıdır. Cavabdehlərin hərəkətləri fərdi yaşayış evindən istifadə etməyinə maneə yaradır. Məhkəmə iclasında tərəflərin izahatları və toplanmış sübutlarla iddiaçının fərdi yaşayış evindən istifadə edən zaman cavabdehlərin ona maneələr yaratması halları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respubikasının MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddianın Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi hissəsində qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Ona görə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi qət edilmiş və iddiaçı mübahisəli mənzilə köçürülmüşdür. İddiaçıya cavabdehlər tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa maneələr yaradılması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan video diskə baxış zamanıda müəyyən edilmişdir ki, iddiaçı köçürüldüyü evə gələrkən qapı bağlı olmuş, o maneəsiz evinə daxil ola bilməmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsinin və vəkilinin iddiaçıya yaradılan maneənin artıq aradan qaldırıldığının, ona görə də iddia tələbinin həmin hissədə rədd olunması ilə bağlı etirazına tənqidi yanaşaraq qeyd edir ki, iddiaçının evinə girməsi zamanı əvvəl maneələrin olması işin araşdırılan hallarından müəyyən edilmiş və bu da cavabdeh tərəfindəndə təsdiq olunmuşdur. Yəni iddiaçının hüququları artıq pozulmuşdur. Hal-hazırda iddiaçıya qeyd olunan darvazanın yeni açarının təqdim olunması həmin maneələrin gələcəkdə də olmamasına əsas deyil. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa maneələr yaradılması müəyyən edildiyindən, bununla da iddiaçının sərbəst şəkildə istifadə hüquqları pozulduğundan, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilərək, cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin, iddia tələbinin “Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evində darvazanın cavabdehlər tərəfindən yerinə bərpa edilməsi, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi tikiliyə (darvazaya) dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi bu hissədə təmin edilməməlidr. Belə ki, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməsədə, həmin torpaq sahəsi uzun müddətdir Cavabdeh1 istifadəsində olmaqla İddiaçı həmin torpaq sahəsində yerləşən evə gəlin köçmüşdür. Göründüyü kimi məhkəmə qətnaməsi ilə Dürdanə Orucov mübahisəli torpaq sahəsində yerləşən ikinci evə gəlin köçürülməklə onun həmin evdə yaşamaq hüquq təmin edilmişdir. Qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddia üzrə iddiaçı özünün irəli sürdüyü hazırki tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır, qismən təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar