Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-886/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı “X7” MMC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X7” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, “X7” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında internet informasiya ehtiyatlarında yayılmış uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və məcbur olunması, cavabdehdən iddiaçının xeyrinə 17880 manat miqdarında dəymiş maddi zərərin əvəzi, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X7” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri olan Gədəbəy rayonu füsunkar təbiəti ilə yanaşı, həm də içməli bulaqları ilə məşhurdur. Dünyada qlobal içməli su problemi yarandığı 'bir dövrdə Gədəbəydə içməli su ehtiyatları yetərincədir. Ölkə başçısının Regionların Sosial və X5 haqqında müvafiq Fərmanı qüvvəyə mindikdən sonra, bu fərman şirkətin yaranmasında bir stimul rolunu oynamış və suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmiş və həmin vaxtdan “X7” MMC təsis edilmişdir. “X7” MMCdə bütün istehsal prosesi İSO standartlarının tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Türkiyənin “X2” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004, İSO 22000-2005 və İSO 9001-2008 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. “X7” MMC fəaliyyətə başladığı dövrdən bugünə qədər vətəndaşların sağlamlığını ön plana çəkmiş və insanların sağlamlığına faydalı olan minerallarla zəngin “Slavyanka 1” əmtəə nişanlı təbii içməli suların istehsalını həyata keçirməklə xalqa xidmət edir. “X7” MMC-nin istehsal etdiyi “Slavyanka 1”, “Gədəbəy”, “Azari” və “Novlu” əmtəə nişanlı sular AZS ***-**** - "Təbii içməli mineral su" standartının tələblərinə uyğun istehsal olunur və suyun tərkibinin bütün göstəriciləri X3, QOST və Avropa İttifaqının standartlarına uyğundur. Artıq uzun müddətdir əməkdaşlıq etdikləri suyun laboratoriya fəaliyyəti üzrə akkredasiya olunmuş "xxxxxxxxxxxxxxxx" MMC də onların sularının tərkibinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir. Həmçinin fabrikin nəzdində də laboratoriya fəaliyyət göstərir, mütəmadi olaraq gündəlik suyun analizini həyata keçirir. O cümlədən təbii mineral suları zamanla Bəhrəyn, İraq, Qazaxstan, Belarus və hal-hazırda Rusiya Federasiyasına ixrac olunur ki, bu da sularına Azərbaycan Respublikasından kənarda marağın və ona tələbatın göstəricisidir. Qısa müddət ərzində “X7” MMC-nin istehsal etdiyi “Gədəbəy”, “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları Azərbaycan Respublikasının içməli su bazarında öz önəmli yerini tutmuş və Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, X4 Palatası və digər qurumlar tərəfindən istehlak olunur və aidiyyatı dövlət qurumların rəsmi tədbirlərində qonaqlara təqdim edilir. Təbii ki, “Slavyanka 1” təbii mineral sularının tərkibinin mineralla zəngin olması və insan orqanizminə müsbət təsir göstərməsi sularının analizi ilə məşğul olmuş bütün şəxslərə məlumdur. Cavabdeh “Sahil usta” adlı Cavabdeh youtube.com, Masterclass Azerbaijan (https://www.facebook.com/masterclassaz/) facebook saytında və masterclass.az internet informasiya ehtiyatlarında “Slavyanka 1” əmtəə nişanlı suları (o Cümlədən ölkədə istehsal olunan bəzi suları) TDS metr adlı cihazla ölçərək haqqında həqiqəti əks etdirməyən məlumatlar yayaraq firmanın işgüzar nüfüzunu ləkələmişdir. Müəyyən zaman keçdikdən sonra cavabdeh yenidən ikinci dəfə yuxarıdakı internet informasiya ehtiyatlarında “Slavyanka 1” əmtəə nişanlı sular haqqında həqiqəti əks etdirməyən məlumat yaymış və “X7” MMC-nin işgüzar nüfüzuna ikinci dəfə zərər vurmuşdur. Həmin video görüntülərinə baxmış kimya haqqında ibtidai savadı olmayan bəzi istehlakçılar tədricən suların istifadəsindən imtina etmələrinə səbəb olmuşdur. Aidiyyatı video görüntülərinə baxarkən aydın olur ki, avtomobil ustası Cavabdeh öz müştərilərinə avtomobil akumlyatorları üçün yalnız distilə olunmuş suların istifadə edilməsi haqqında danışır və distilə olunmuş insanların istehlakı üçün qadağan olan suların içməli sular olduğunu zənn edir. Lakin təssüflər olsun ki, Sahil usta 9-cu sinif məktəblilərin də bildiyi distilə prosesi haqqında məlumatlara malik deyildir və insan orqanizminə faydalı olan mineral sularla distilə olunmuş tərkibində heç bir mineral maddə olmayan ölü suları ayıra bilməyərək, “Slavyanka-1” əmtəə nişanlı sular haqqında həqiqətə uyğun olmayan məlumatlar yayaraq suları haqqında ikinci-üçüncü dərəcəli içməli olmayan su ifadəsini işlədərək şirkətin nüfuzuna zərər vurmuşdur. Video görüntülərə baxdıqda, məlum olur ki, ümumiyyətlə Cavabdeh kimyadan heç bir məlumatı yoxdur və suların hansı metodlarla analiz edilməsindən heç bir xəbəri yoxdur. Bununla yanaşı internet informasiya ehtiyatlarında vətəndaşlara yalnış məlumat verərək “Slavyanka 1” mineral suları və digəri yerli suları öz “Sahil” usta metoduyla analiz edərək onları 1-ci dərəcəli, 2-ci dərəcəli və.s dərəcələrə bölərək istehlakçılara yalnış məlumat verərərək firmaya maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, “X7” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında internet informasiya ehtiyatlarında yayılmış uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və məcbur olunması, cavabdehdən iddiaçının xeyrinə 17880 manat miqdarında dəymiş maddi zərərin əvəzi, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə heç bir qərəzi yoxdur. O, videoçəkilişdə sadəcə olaraq hansı suların akkumulyatora tökmək olmasını göstərmək istəyib, belə ki, həmin sular distilə olunmuş su olmalıdı. Həmin videoçəkilişdə o, bir necə suların o, cümlədən də slavyanka suyunun cod su olduğunu, yəni distillə olunmuş su olmadığını bildirib. O sadəcə suların fərqi barədə video çəkmişdir, orada qərəzli heç bir şey yoxdur. Videogörüntüdəki aparat suyun yalnız codluğunu yoxlayır, distillə olunmuş suda heç bir mineral olmur, ona görə də, distillə olunmuş suların codluğu çox az olur. Həmin videogörüntüdə slavyanka suyundan başqa digər sular da var idi, adi müqayisə videosudur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. İddia tələbindən görünür ki, iddiaçı “X7” MMC cavabdeh tərəfindən sosial şəbəkədə yerləşdirilən videoda səsləndirilən fikirlərin onların işgüzar nüfuzuna zərər gətirdiyi, bununla da MMC-yə maddi zərər dəydiyini irəli sürmüşlər. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh facebook.com sosial şəbəkəsində profilində yerləşdirdiyi videolarda mağazadan aldığı bir neçə su məhsullarının TDS aparatı vasitəsilə növbə ilə codluğunu yoxlayaraq, distillə olunmuş su olub-olmaması barədə məlumat vermişdir. Həmin videoda “X7” MMC-nin istehsal etdiyi “Slavyanka” markalı suyun codluğu yoxlanıldıqdan sonra suyun distillə olunmuş su olmadığı, yəni codluğuna görə ikinci dərəcəli su olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx xxx 1999-cu il tarixli qərarının 1-ci bəndində qeyd eidlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərpəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Həmin qərarın 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən videogörüntüdə cavabdeh tərəfindən 1-ci dərəcəli, 2-ci dərəcəli ifadələrinin işlədilməsi iddiaçı “X7” MMC-nin nüfuzuna zərər gətirmir. Belə ki, materialın araşdırılması zamanı görünür ki, cavabdeh tərəfindən həmin ifadə analiz edilmiş suların riyazi göstəriciyə uyğun olaraq qruplaşdırılması məqsədilə işlədilir və bunun müəyyən edilməsi xüsusi bilik tələb etmir. Məhkəmə, cavabdeh tərəfindən sosial şəbəkədə yerləşdirilmiş videogörüntüdə əks olunmuş Slavyanka markalı suların distillə olunmamış sular olmasına dair fikirlərin həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə fiziki-kimyəvi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1224 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 03 ədəd “Slavyanka-1” əmtəə nişanlı suların ümumi codluğu 1.18-1.19 mqXekv/L təşkil edir. Orqanoleptik əlamətlərinə, tərkiblərində müəyyən edilən kalsium, maqnezium duzlarının miqdarına, codluq və pH göstəricilərinə əsasən həmin sular distillə suyundan tamamilə fərqlidir. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertizanın rəyinə sübut növü kimi qiymət verərək, qeyd edir ki, cavabdeh “X7” MMC-nin istehsal etdiyi “Slavyanka” markalı suyun distillə su olmadığı müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, cavabdeh peşə fəaliyyəti ilə bağlı tövsiyyə xarakterli videolar çəkmiş, hazırki iş üzrə tədqiq edilən videogörüntüdə də “Slavyanka-1” əmtəə nişanlı suların distillə olunmuş su olmadığından avtomobil üçün zərərli ola biləcəyini bildirmişdir. Bununla cavabdeh real analizin nəticəsini izləyicilərinə təqdim etməkdən əlavə iddiaçının işgüzar nüfuzuna zərər vura biləcək hər hansı ifadə işlətməmiş, məlumat yaymamışdır. Məhkəmə hesab edir ki, “X7” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında internet informasiya ehtiyatlarında yayılmış uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Eyni zamanda, iddia tələbinin vurulmuş 17880 manat maddi zərərin ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən “X7” MMC-nin işgüzar nüfuzuna zərər gəlməsi sübuta yetirilməmiş, iddiaçı məhkəmə iclasında zərərin mövcudluğu, iddiaçının təqsirli hərəkəti nəticəsində yaranması, maddi zərərin məhz 17880 manat məbləğində olmasını və hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilən dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri qismində 109.90 manat da iddiaçıya aid edilərək ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Beləliklə bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X7” MMC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı “X7” MMC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 109.9 (bir yüz doqquz manat doxsan qəpik) manatiddiaçı “X7” MMC-dən tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, ekspertizaxərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,HesabAZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-886/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-886/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver