Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-886/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5557 manat əsas, 517,86 manat faiz borcu olmaqla, cəmi 6074,86 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,15 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 5557 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 dekabr 2023-cü il tarixə "xxxx" KB ASC-yə 5557 manat əsas və 517,86 manat faiz borcu olmaqla, cəmi 6074,86 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) hər hansı fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı bankdan kredit götürmüşdür. Əvvəllər ödəniş etsə də, sonradan ödəniş edə bilməmiş və nəticədə hər ay 80 manat olmaqla ödəniş barədə yeni qrafik müəyyən olunmuşdur. Hazırki vəziyyətdə müəyyən olunmuş qrafikə əsasən ödənişlər edə bilmir. Bununla bağlı olaraq banka müraciət etmiş və yeni qrafikin müəyyən olunmasını xahiş etsə də, bank tərəfindən razılıq verilməmişdir. Hazırda tələb edilən əsas borcu qəbul edir, lakin hesablanmış faiz borcu ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf nümayəndənin iştirakını təmin etməmiş, bununla belə iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, mülki işə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2023-cü il tarixli 209nkMDK/23 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “bank” 14 may 2026-cı il tarixinədək illik 18 faiz ödəmək şərti ilə 5557 manat məbləğində krediti “borcalan”ın mülkiyyətinə verir və ona bank hesabı açır. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “bank”a qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndində əsasən kreditin məqsədli təyinatı – 30 iyun 2022-ci il tarixli, 566nkMDK/22 nömrəli müqavilənin (məbləğ – 5551,7 manat) bağlanılmasıdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın 30 iyun 2022 tarixli 566nkMDK/22 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan maxaric edilməsini istisna edir. İş materiallarında olan 209nkMDK/23 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında qeyd olunan müqavilə üzrə aylıq ödənişlərin məbləği müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 18 oktyabr 2023-cü il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh 15 may 2023-ci il tarixli, 209nkMDK/23 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyi üçün Banka 18 oktyabr 2023-cü il tarixə 5557 manat əsas və 362,18 manat faiz olmaqla cəmi 5919,18 manat borcu yaranmışdır. Bununla bağlı olaraq Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin lazımınca və vaxtında icra edilmədiyi üçün gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanması Cavabdeh nəzərinə çatdırılmış və banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 81.15 (səksən bir manat, on beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh "xxxx" KB ASC ilə bağladığı 15 may 2023-cü il tarixli 209nkMDK/23 nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu iddiaçı "xxxx" KB ASC-yə ödəməlidir. Bununla yanaşı məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" ASC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, 15 may 2023-cü il tarixli 209nkMDK/23 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləği 5557 manat müəyyən edilməlidir. Belə ki, cavabdeh əsas borcu iddia ərizəsində göstərilən həcmdə qəbul etmiş, həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müəyyən edilmiş qaydada aylıq ödənişlər həyata keçirilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında faiz borcu ilə razı olmadığını bildirsə də faiz borcunun daha az olması barədə hər hansı mötəbər sübut təqdim edilməmiş, eləcə də tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə cavabdehə verilmişkredit vəsaiti illik 18 faizlə verilməsi şərtləndirilmiş və müəyyən edildiyi kimi (məhkəmə iclasında cavabdeh aylıq ödənişləri etməməsini qəbul etmişdir) cavabdeh tərəfindən ödəniş cədvəlinə uyğun olaraq ödənişlər edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin - faiz borcu məbləğinə dair hissəsi ilə bağlı hesab edir ki, cavabdehlə bağlanmış kredit müqavilələri üzrə müqavilənin müddəti bitmədiyindən, faiz borcu məhz maliyyə aarayışında hesablanmış məbləğdə müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında ödənişləri edə bilməməsini maddi vəziyyətinin buna imkan verməməsini qeyd etsə də, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, 15 may 2023-ci il tarixli, 209nkMDK/23 nömrəli kredit müqaviləsinə əsasən 5557 manat məbləğində əsas borc və 517,86 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6074,86 (altı min yetmiş dörd min manat, səksən altı qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 81,15 (səksən bir manat, on beş qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2023-ci il tarixli, 209nkMDK/23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 5557 (beş min beş yüz əəli yeddi) manat məbləğində əsas borc və 517,86 (beş yüz on yeddi manat, səksən altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6074,86 (altı min yetmiş dörd min manat, səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş 81,15 (səksən bir manat, on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-886/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-886/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver