Məhkəmə qərarları › İş №2(003)-904/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-904/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-904/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon Məhkəməsinin 2(011)-10294/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 220 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İzahatında həmçinin bildirdi ki, hazırki mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tələbdən görünür ki, mübahisə ailə münasibətlərindən irəli gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiqi dairəsinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.7.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, alimentin artırılması barədə tələblə məhkəməyə müraciət etməzdən əvvəl yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair hərəkətlər etmədiyindən və bu barədə müvafiq sənədlər məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar