Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-928/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2250 manat borcun və iki il həmin borcun qaytarılmasını gecikdirməklə özgəsinin pul vəsaitindən qanunsuz faydalanmağa görə hər bir ilə 5 faiz olmaqla 225 manat faizlərin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.03.2019-cu il tarixdə cavabdeh ondan 3000 manat borc pul almışdır. Borcunu 5 ay ərzində hissə-hissə ödəmək şərtilə 12.08.2019-cu il tarixinə kimi tam ödəməyə söz vermiş və həmin tarixdə bunu təsdiq edən özü yazdığı qəbzi vermişdir. Cavabdeh söz verdiyi tarixə kimi hissə-hissə olmaqla cəmi 750 manat pul ödəmiş, qalan 2250 manat borcunu müxtəlif bəhanələrlə indiyədək qaytarmaqdan boyun qaçırmış və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1500 manat borcun ödənilməsini nəzərə almaqla Cavabdeh 750 manatın, 225 manat faizin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə yazaraq iddia tələbini etiraf etdiyini, 750 manat borcun və faizin iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 12.03.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pulun götürdüyünü və 5 ay ərzində hissə-hissə 12.08.2019-u il tarixədək tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbini etiraf etməklə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 750 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin borcun ödənilməməsi səbəbindən iki illik müddətinə hesablanmış 225 manat pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarında olan qəbzdən görünür ki, cavabdeh borcu 12.08.2019-cu il tarixədək ödəməli idi. Belə olan halda sadə riyazi hesablama yolu ilə borcun qaytarılmasına görə gecikdirilmə həmin vaxtdan 24 ay deyil 17 ay müddətində 5 faiz hesablanmaqla 159.38 ((2250*5:100):12*17=159.375=159.38) manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, həmin məbləğin 20 manatı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 10 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 750 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 159.38 manat illik 5% və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 750 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 159.38 manat illik 5% və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat, cəmi 929.38 (doqquz yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qalan 10 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-928/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-928/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver