Məhkəmə qərarları › İş №2(003)-93/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-93/2025

27.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-93/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) qarşı ərazinin (dalanın) əvvəlki vəziyyətinə qaytarılması, dirəyin cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanındakı darvazanın qarşısında yerləşən ərazinin (dalanın) əvvəlki vəziyyətə qaytarılması, həmin darvazanın qarşısındakı yol kənarı dirəyin (bordürün) cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən adına ünvan 3-da yerləşən fərdi yaşayış evi və 0,0440 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Cavabdeh mənim qonşumdur. O, ona darvazasının qarşısında yerləşən dalandakı keçid yoldan istifadə etməsinə mane olur. Bundan başqa darvazasının qarşısında heç bir tikinti normalarına əməl etmədən qanunsuz yol kənarı dirəklər (bordür) yerləşdirmiş, bu əməllə dalandakı keçid yolu daraltmışdır. Yol daraldığından həmin dalanda yalnız bir nəqliyyat vasitəsi saxlamaq mümkün olur. O həmin dalanda avtomobilini saxlayanda isə cavabdeh öz fərdi yaşayış evinə daxil ola bilmir, cavabdeh öz avtomobilini saxlayanda isə o, öz avtomobilini darvazasının qarşısında saxlaya bilmir. Texniki pasportdan da göründüyü kimi torpaq sahəsi üzrə darvazanın qarşısı dalan, kənarı isə yoldur. Cavabdehin hərəkətlərinə görə o, avtomobilini evdən çox kənarda saxlayır. Hasarın kənarı üzrə gedən yol kənarında saxlamaq isə başqaları üçün təhlükəli, həm də qanunsuzdur. Həmçinin qeyd edir ki, övladlarından biri serebral iflicdir və o, daimi əlil arabasında gəzir. Onun sağlamlığı yerində olmadığından tez-tez xəstəxanaya aparmalı olur. Bu zaman isə nəqliyyat vasitəsinin ona məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan keçid yolda saxlaya bilmədiyindən onun vaxtında xəstəxanaya çatdıra bilmir. Cavabdehə mübahisə ilə bağlı dəfələrlə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh barəsində Xəzər PPİ 2-ci PŞ tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə edilmişdir. Bundan başqa mübahisə ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə də müraciət olunmuş, cavabdehə izah olunmuşdur ki, qapıların qarşısındakı ərazi dövlətə məxsusdur və hər iki qonşu həmin ərazidən istifadə edə bilər. həmin ərazidə abadlıq işləri aparılarkən gül bitkilərinin əkilməsi elə təşkil edilməlidir ki, həmin ərazidə maşın saxlanılması mümkün olsun. Həmçinin ona bildirilmişdir ki, əkdiyi gül bitkilərinin yerlərini dəyişdirsin ki, qonşunun narazılığına səbəb olmasın və maşın saxlanılması mümkün olsun. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı avtomobilini öz darvazasını qabağında saxlaya bilmir. Cavabdeh evinə girərkən iddiaçı avtomobilini yoldan çəkməyə məcbur olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin teleqram vasitəsilə məhkəməyə müraciət edərək məhkəməyə təqdim etdiyi sənədlər nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Həmçinin cavabdeh iddiaya etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı onunla qonşuluqda yaşayır, guya ki, o, onun darvazasının qarşısında yerləşən dalandakı keçid yoldan istifadə etməyinə mane olur, darvazanın qarşısında heç bir tikinti normalarına əməl etmədən qanunsuz yol kənarı dirəklər yerləşdirmiş, bu əməllə dalandakı yolu daraltmışdır. Guya ki, yol darısqal olduğundan avtomaşını saxlayanda bir-birilərinə mane olurlar. Ona görə də, o öz avtomobilini evdən çox kənarda saxlayır, beləliklə də onun guya ki hüquqları məhdudlaşır və sair. İddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı öz avtomaşınını öz darvazasınn qarşısında sərbəst surətdə saxlaya bilir, həyətinə sərbəst surətdə girib-çıxa bilir. Ona heç bir maneəçilik törətmir. Ona maneəçilik törədən iddiaçıdır, çünki iddiaçının evi, onun evinindən qabağında yerləşir və iddiaçı öz avtomaşınını darvazasının qarşısında saxlayanda o öz darvazasına maşınla yaxınlaşa bilmir. O, öz evinin qarşısında abadlıq işləri görmüş, çünki həmin ərazi vaxtı ikən zibillikdən ibarət olmuşdur, ora xərc çəkmiş, öz hesabına abadlıq işləri görmüş və abadlaşdırıb kollar əkmiş, oranı yaxşılaşdırmışdır. İndi iddiaçı ondan nə istəyir, onu başa düşə bilmir. İddiaçı 2021-ci ildə həmin evi alanda artıq bu abadlıq işləri olmuş, işlərin 80 faizi görülüb qurtarmışdır. Onda iddiaçı bunu görmüş və bilmişdir. Belə olan halda evi almayaydı. Hətta o, iddiaçının darvazasının qarşısını təmizlədib abadlaşdırmış, ora aqlay daş düzdürmüş, özündən onu ayırmamış, özünə necə təmir etmiş, ona da elə. Ona görə bunu etmişdir ki, gələcəkdə aralarında narazılıq olmasın, mehriban qonşuluq münasibətlərində olsunlar. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, onun darvazasının qarşısındakı hal-hazırda abadlaşdırdığı sahə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 144 saylı sərəncamı ilə ona satılmışdır. Həmin sərəncama əsasən ona 198,5 kv.metr torpaq sahəsi satılmışdır və o, Bələdiyyəyə torpaq sahəsinin 1 sotuna 13.600 manat, cəmi 2.700.000 manat pul ödəmişdir. Həmin sahə onun mülkiyyətindədir. İddiaçının həmin torpaq sahəsinə qarşı heç bir hüququ ola bilməz, həmin torpaq sahəsinə görə o, bələdiyyəyə əmlak vergisi ödəyir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarışın surətindən görünür ki, ünvan 3 (daşınmaz əmlakın ümumi sahəsi 99.10 kv.metr, torpaq sahəsinin ölçüsü 0.0440 ha olan) – daşınmaz əmlak İddiaçı mülkiyyətidir. -K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutu uşaq nevroloji xəstəxası tərəfindən verilmiş epikrizin surətindən görünür ki, X1 diaqnozu G 80.0 kvadroplegik serebral iflicdir. - Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Eldar Pəncəliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, həmin məktubda sonuncunun nümayəndəliyə ünvanladığı ərizə ilə bağlı bildirilmişdir ki, Cavabdeh iştirakı ilə birlikdə tərəflərindən sözügedən əraziyə baxış keçirilmişdir. Cavabdeh izah olunmuşdur ki, qapılarının qarşısındakı ərazi dövlətə məxsusdur və hər iki qonşu həmin ərazidən istifadə edə bilər. Həmin ərazidə abadlıq işləri aparılarkən gül bitkilərini əkilməsini elə təşkil etməli idi ki, həmin ərazidə maşın saxlanılması mümkün olsun. Tərəflərindən vətəndaş Cavabdeh bildirilmişdirki, əkdiyi gül bitkilərinin yerlərini dəyişdirsin ki, qonşunun narazıçılığına səbəb olmasın və maşın saxlanılması mümkün olsun. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli, 144 nömrəli sərəncamın surətindən görünür ki, Buzovna qəsəbəsi, R.İmanov küçəsində zəbt etdiyi 198,5 kv.metr torpaq sahəsi Cavabdeh 1 kv.m torpaq sahəsinin qiyməti 13600 manat hesabı ilə satılması, torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır. -torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Buzovna bələdiyyəsinin ərazisində olan 198,5 kv.metr torpaq sahəsi Cavabdeh satılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/2601 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi 26 saylı evin giriş-çıxış qapısı fərdi yaşayış evinin texniki pasportuna və layihə sənədlərinə uyğundur. Qeyd olunan girişçıxış darvazası qonşu ilə ümumi istifadədə olan dalana açılır. Faktiki olaraq iddiaçının qonşusu (Cavabdeh) həmin dalanda abadlıq işləri apararaq iddiаçının mülkiyyətində olan ərazisinə giriş-çıxışına narahatçılıq yaradır. İddiaçı məxsus evin giriş-çıxış qapısındakı həmin yolun eni 4 (dörd) metr təşkil edir. Mülki iş materiallarında olan (səh.29), Buzovna Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş, “Cavabdeh ayrılan torpaq sahəsinin sxemi və xəritədən çıxarış"da torpaq sahəsinin koordinatları, istinad nöqtələri, istinad nöqtələrindən torpaq sahəsinə qədər məsafələr qeyd olunmadığından ünvan 2 ünvanda iddiaçıya məxsus evin giriş-çıxış yolunun qarşısında yerləşən mübahisəli torpaq sahəsinin Buzovna bələdiyyəsinin verdiyi sxeme (Cavabdeh adına) uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş üzrə mübahisə predmetinə daxil olan ünvan 3 ünvanının qarşısında yerləşən dalan tərəflərin iştirakı ilə məhkəmə tərəfindən yerində müayinə edilmiş və yerinə müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyd olunan ünvan avtomobil yolunun kənarında yerləşir. Mübahisə predmetinə daxil olan dalan həmin avtomobil yolun kənarında olmaqla iddiaçıya və cavabdehə məxsus yaşayış evlərinin darvazaları orada yerləşir. Dalana daxil olduqda təxminən 2 metr sonra solda iddiaçıya məxsus darvaza yerləşir, dalanın sol hissəsində uzununa iddiaçının yaşadığı ev, evin qurtaracağı hissədə, yəni dalanın giriş hissəsinin qarşısında cavabdehə məxsus yaşayış evinin dəmir darvazası yerləşir. Dalanın sol hissəsi təxminən eni 4 metrdən, örtüyü aqlay daşlardan ibarət olan yoldan, sağ hissəsi isə hündürlüyü təxminən 10 sm olan beton dirəklərlə (bordürlara) əhatə olunmuş sahədən ibarətdir. Həmin sahənin örtüyü kiçik ölçülü daşlardan ibarətdir, sahənin sərhədlərində olan dirəklərin yanında isə bitki kolları əkilmişdir (abadlaşdırılmışdır). Həmin sahə cavabdehə məxsus divardan başlamaqla sonu təxminən iddiaçıya məxsus darvazanın sol dirəyində bitir. Həmçinin müəyyən olunur ki, həmin dalanın qarşısında olan avtomobil yolunun kənarı eni təxminən 2 metr olan səkidən ibarətdir. Hətta dalanın abadlaşdırılmış hissəsinə düşən həmin səkinin hissəsi təxminən 3- 4 metr olar. Sökülməsi tələb olunan dirək (bordür) isə iddiaçıya məxsus darvazanın qarşı hissəsinə düşən abadlaşdırılmış sahənin dirəklərindən ibarətdir. Dalanın fotoşəkilləri iş materiallarında mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin əsaslarını, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanına aid darvazanın yerləşdiyi dalanda, qanunsuz olaraq abadlaşdırma işlərinin aparılması və bunun nəticəsində dalanda olan yolun daralması səbəbindən iddiaçı tərəfindən darvazasının qarşısında nəqliyyat vasitəsinin saxlaya bilməməsi, bununlada həmin dalandan istifadə edilməsinə cavabdeh tərəfindən maneənin yaradılması hallarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı hesab edilməsi üçün həqiqətəndə mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud olmalıdır ki, hazırki iş üzrə bu hal müəyyən edilmir. Belə ki, işin hallarından müəyyən edilir ki, cavabdehin darvazası iddiaçıya məxsus darvazadan sonra yerləşir və cavabdeh özünə aid nəqliyyat vasitəsini öz darvazasının qarşısında saxlayır və bu zaman iddiaçıya hər hansı bir maneə törədilmir. Əksinə iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı özünə məxsus nəqliyyat vasitəsini dalanda, darvazasının qarşısında saxladığı vaxtı cavabdeh avtomobili ilə öz həyətinə daxil ola bilmir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının nəqliyyat vasitəsinin saxlanılması üçün bir neçə seçimi olduğu halda, o, bu seçimlərdən istifadə etmək niyyətində deyil və onun istəyi məhz dalanda olan və cavabdeh tərəfindən abadlaşdırımış sahənin kənarında olan dirəklərin sökülməsidir. Halbuki, iddiaçı nəqliyyat vasitəsini darvazasının tam qarşısında və ya abadlaşdırılmış sahənin qarşısında (iş materiallarında olan fotoşəkillərdə əks olunmuş “Toyota prius” markalı avtomobilin saxlanıldığı yer), və ya həyətində saxlamaq imkanı vardır. Lakin onun bu imkanların olmasına baxmayaraq, o bu imkanlardan istifadə etmək istəmir. Ona görə də məhkəmə, “iddiaçının avtomobili dalanda olduğu zaman cavabdeh avtomobili ilə evinə daxil ola bilməməsi, cavabdehin avtomobili dalanda olması səbəbindən iddiaçı öz avtomobilini darvazasının qarşısında saxlaya bilməməsi və bu səbəblərə görə iddiaçının nəqliyyat vasitəsinin yaşadığı evdən çox kənarda saxlaması” əsasını cavabdeh tərəfindən əmlakdan istifadəyə törədilən maneə kimi qəbul edilməsini mümkün və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsini düzgün hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan dalanda cavabdeh tərəfindən iddiaçıya əmlakından istifadə etməsi barədə mötəbər və əsaslı dəlillər təqdim edilməmiş, həmçinin bu hal məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində cavabdeh tərəfindən dalanda abadlıq işləri aparılaraq iddiaçının mülkiyyətində olan ərazisinin girişçıxışına narahatçılıq yaradıldığı göstərilsə də, bu hal hər hansı bir ekspertiza tədqiqatı ilə əsaslandırılmamış, ümumiyyətlə bu sual üzrə hər hansı bir araşdırmanın aparılması, narahatçılığın nədən ibarət olması ekspert rəyində göstərilməmişdir. Ona görə də ekspert rəyinin həmin hissəsini məhkəmə, iş üzrə sübut kimi qiymətləndirilməsini mümkün hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il tarixli Dövlət Şəhərsalma Norma və Qaydalarının 9-cu cədvəlinə əsasən məhəllə daxilində yerləşən küçədə hərəkət zolağının eni 2,75-3,0 metr və səkinin piyada hissəsinin eni isə 0-1,0 metr olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, faktiki vəziyyətdə yol kimi qeyd edilməklə tutulmuş sahə Dövlət Şəhərsalma Norma və Qaydaların 9-cu bəndi üzrə qiymətləndirilməlidir (yəni kəndllərdə tətbiq edilən cədvəl). Eyni zamanda məhkəmə onuda qeyd edir ki, tərəflər arasında qonşuluq münasibətləri mövcuddur və sözügedən sahə məhəllə arası yol kimi qiymətləndirilməlidir. Sözügedən normanın 9-cu cədvəlinə uyğun olaraq isə məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi əsasən hərəkət zolağının eni 2,75-3 metr, səkinin piyada hissəsi 0-1 metr, yəni maksimum 4,0 metr (səkinin piyada hissəsinin eni ilə birlikdə) müəyyən edilmişdir. Hazırki halda isə görünür ki, tərəflərin yaşadığı küçənin maksimum eni 4 metr nəzərdə tutulmuşdur ki, mübahisəli ünvanda yerləşən yolun eni 4 metrdir. Yəni, qanunvericikdə göstərilən cədvəl göstəricilərinə münasibətdə yolun eni maximum olmalı məsafəni tamamlamaqla qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli yolun kənarında sahənin abadlaşdırılması iddiaçının hüquqları pozmur. Həmçinin cavabdeh tərəfindən abadlaşdırma işlərinin aparıldığı torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmadığından məhkəmə hesab edir ki, dalanın həmin hissəsi ilə bağlı iddiaçının iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsinin hissəsinin cavabdehin qanuni sahibliyində olub-olmamasından asılı olmayaraq iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüquqi bağlılığı yoxdur. Bu torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olmayan hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi, aparılmış tikintinin sökülməsi və ya aparılmış abadlıq işlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddia irəli sürmək müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid məsələlərdən ibarətdir. Hazırki işdən isə görünür ki, Xəzər rayon İcra hakimiyyəti tərəfindən iş üzrə tərəflərin darvazalarının qarşısındakı ərazi dövlətə məxsus olması və həmin ərazidə hər iki tərəfin maşın saxlanılması mümkün olması üçün gül bitkilərinin yerlərinin dəyişdirilməsi yalnız şifahi qaydada bildirilmiş və bunun halın qanunsuz olması müvafiq qaydada mübahisələndirilməmişdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə, iş üzrə dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edirki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələb irəli sürülmədiyindən, həmçinin iddia tələbi təmin edilmədiyindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı ərazinin (dalanın) əvvəlki vəziyyətinə qaytarılması, dirəyin cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar