Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-936/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat məbləğində vurulmuş maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1030 manat məbləğində zərərin cavabdeh X2 tutularaq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2020-ci il tarixində, saat 17:03 radələrində İddiaçı MMC-yə məxsus 76 saylı “Mərdəkan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olan ** TA *** dövlət qeydiyyat nişanlı elektromobilin (London taksisinin) sürücüsü sözügedən elektromobilə enerjidolduran qurğusu vasitəsi ilə enerji doldurarkən qurğuya aid tapançanın kabelini tapdalayaraq, tapança ilə pompanın birləşmə hissəsini qırmışdır. Nəticədə şirkətə sözügedən məntəqəsinə maddi ziyan dəymişdir. Hadisəni törədən şəxs şəxsiyyəti barədə məntəqənin əməkdaşlarına heç bir məlumat verməmiş və hadisə yerini tərk etmişdir. Həmin hadisə ilə bağlı Şirkətin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Sözügedən aktın əsasında tərtib edilmiş smeta ilə məntəqəyə dəyən maddi ziyan 1000 (bir min) manat məbləğində müəyyən edilmişdir. Baş vermiş hadisə nəticəsində Şirkətimizin əməkdaşı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 2-ci PŞ-nə ərizə ilə müraciət olunmuşdur. Sözügedən şöbənin təhqiqatçısı X3 tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində hadisənin Cavabdeh tərəfindən törədilməsi müəyyən olunmuş, baş vermiş hadisə nəticəsində vurulmuş maddi ziyanın mülki xarakter daşıması əsası ilə 29.10.2020-ci il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin qərarda hadisəni törədən şəxs Cavabdeh hadisənin onun təqsiri nəticəsində baş verdiyini etiraf etmiş, bundan başqa həmin hadisənin baş verməsi məntəqədə quraşdırılmış videoyazan qurğusu ilə qeydə alınmışdır. Məhkəmə iclasında iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsionin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.12.2020-ci il tarixli Mərdəkan YDM-də 21.10.2020-ci il tarixində **-TA-*** dövlət qeydiyyat nişan nömrəli münik avtomobilinin törətdiyi qəza nəticəsində sınmış elektrik dolum pompasının şarj qurğusunun başlığının təmiri smeta üzrə 1000 manat təşkil edir. İş materiallarında olan 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 2-ci PŞ-nə ərizə ilə müraciət olunmuşdur. Sözügedən şöbənin təhqiqatçısı X3 tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində hadisənin Cavabdeh tərəfindən törədilməsi müəyyən olunmuş, baş vermiş hadisə nəticəsində vurulmuş maddi ziyanın mülki xarakter daşıması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin qərardadan görünür ki, hadisəni törədən şəxs Cavabdeh hadisənin onun təqsiri nəticəsində baş verdiyini etiraf etmişdir. İş materiallarında olan A/772-20 nömrəli 20.12.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti “ABB Elektrin Sənaye A.Ş.” şirkəti arasında bağlanmış müqavilədən görünür ki, satıcı müqaviləyə əsasən əlavə edilmiş qoşma 1də göstərilən spesifikasiya, miqadarda və qiymətə uyğun malları çatdırılması barədə üzrəinə öhdəlik götürmüşdür. İş materiallarında olan A/772-20 nömrəli 20.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, AC CABLE CONNECTOR TYPE 2 3PHASE 32A 22 KW 4-5M dəyəri 430 avrodur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhəkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 21 oktyabr 2020-ci il tarixində, saat 17:03 radələrində İddiaçı MMC-yə məxsus 76 saylı “Mərdəkan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olan ** TA *** dövlət qeydiyyat nişanlı elektromobilin (London taksisinin) sürücüsü sözügedən elektromobilə enerjidolduran qurğusu vasitəsi ilə enerji doldurarkən qurğuya aid tapançanın kabelini tapdalayaraq, tapança ilə pompanın birləşmə hissəsini qırmışdır. Nəticədə şirkətə (sözügedən məntəqəsinə) maddi ziyan dəymişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, törədilmiş hadisə nəticəsində yanacaqdoldurma məntəqəsində ziyan dəymiş qurğunun dəyəri 430 avro təşkil edir. Hazırda İddiaçı MMC 1000 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsini tələb etsə də, məhkəməyə təqdim edilmiş olan müqavilədən və təqdim edilmiş qaimədən görünür ki, vurulmuş ziyan nəticəsində zədələnmiş olan avadanlığının alış qiyməti 430 avrodur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq məbləğ məhz zədələnmiş avadanlığın alış qiyməti həcmində tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, zədələnmiş olan avadanlığın dəyəri 430 avronun hadisənin törədildiyi günə, yəni 21.10.2020-ci il tarixə olan məzənnə nisbəti nəzərə alınmaqla ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi bankının 21.10.2020-ci il tarixə 1 avronun manata olan məzənnəsi 2,0141 manatdır. Qeyd edilənlərə əsasən dəymiş zərər əvəzi olaraq (430 avro x 2,0141 manat = 866,02 manat) 866,02 manat Cavabdeh tutularaq iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 25.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 866,02 manat məbləğində (hadisəsi nəticəsində dəymiş maddi zərər) pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətina ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-936/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-936/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver