Məhkəmə qərarları › İş №2(003)-95/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-95/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-95/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Kiçik Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 2027,0 ABŞ dolları məbləğində pul vəsaitini, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat məbləğində dövlət rüsumu tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22A, mənzil 110 ünvanında yerləşən mənzili "xxxx" Kiçik Müəssisəsindən 21 sentyabr 2006-cı il tarixdə qeyd etdiyi şirkətdən müqavilə əsasında almışdır. Yuxarıda qeyd olunan müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22A, mənzil 110 ünvanında yerləşən mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 80,19 kv.m və dəyəri 28 066,0 ABŞ dolları təşkil edir. Elə müqavilə bağlanan gün 21 sentyabr 2006-cı il tarixdə tərəfindən mənzili tam dəyəri olan 28066,0 ABŞ dollarım ödəmiş və "xxxx" Kiçik Müəssisəsi tərəfindən ödənişi sübut edən maliyyə arayışı təqdim edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən “əgər mənzilin ümumi sahəsində müqavilədə göstərilən sahəsindən artıq olarsa payçı tərəfindən, əskik olarsa "xxxx" Kiçik Müəssisəsi tərəfindən fərq ödəniləcəkdir. Sonra o, aldığı mənzili özəlləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş və ona mənzilinin xüsusi mülkiyyəti olmasına dair xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli Çıxarış və həmin mənzilin texniki pasportu verilmişdir. Həm çıxarışda həmdə texniki pasportda mənzilin ölçüsü 74.40 kv.m göstərilmişdir. Lakin o, "xxxx" Kiçik Müəssisəsinə 80,19 kv.min dəyərini ödəmiş, yəni 5.79 kv.m-ə görə artıq pul ödəmişdir. "xxxx" Kiçik Müəssisəsinə dəfələrlə artıq ödədiyi pulun verilməsini tələb etsə də, "xxxx" Kiçik Müəssisəsinin rəhbərliyi hər dəfə vaxtı uzadaraq pulun ödənilməsindən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi ilə razılaşdığını, mənzil aldıqdan sonra orada yaşamağa başladığını, müqavilə bağladıqdan sonra təkrar olaraq heç bir ölçü işlərini aparmadığını bildirdi. Cavabdeh "xxxx" Kiçik Müəssisəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Kiçik Müəssisəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli yaşayış binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş KM "xxxx"-nın tikilməkdə olan binasında 110 nömrəli mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 80,19 m2. Mənzilin mərtəbəsi, bloku Blok İİ (iki), mərtəbə XİV (on dörd). Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 28066 (iyirmi səkkiz min altmış altı) ABŞ dolları şərti vahid məbləğində müəyyən edilmişdir. Mənzil payçıya təhvil verilən zaman hər iki tərəflərin iştirakı ilə, mənzilin sahəsi yenidən ölçüləcək. Əgər mənzilin ümumi sahəsində müqavilədə göstərilən kv.metr sahəsində artıq olarsa payçı tərəfindən, əksik olarsa KM tərəfindən fərq ödəniləcəkdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli maliyyə arayşının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binası "xxxx" KM-sinə məxsusdur. Bu binanın İİ giriş, XİV mərtəbəsində, ümumi sahəsi 80,19 kv.m olan 2 otaqlı, 110 saylı mənzilin pay dəyəri 28066 (iyirmi səkkiz min altmış altı) ABŞ dolları alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. KM-yə borcu yoxdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın reyestrində xx.xx.2020-ci il tarixdə, **********80- 05301-093148 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-cı il tarixdə tərtib edilmiş, inventar nömrəsi 04/34428 olan, reyestr nömrəsi **********80-05301-093148 olan texniki parportun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzilin yerləşdiyi mərtəbə 14, otaqların sayı 2, ümumi sahəsi 74.2 kv.metr, yaşayış sahəsi 39.1 kv.metrdən ibarətdir. İş materiallarında olan məhkəmənin qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3750 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22A ünvanında yerləşən, İddiaçı məxsus olan 110 saylı mənzilin oxdan-oxa olan sahəsi 89.45 kv.m; - daxili və xarici divarlarının, arakəsmələrinin dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi 93.21 kv.m; daxili divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi 85.76 kv.m; - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan mənzilin sahəsi 76,13 m2 təşkil etdiyi müəyyən olunur. Rəyə əlavə olunan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri “100 manat” təşkil edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" Kiçik Müəssisəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli yaşayış binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş KM "xxxx"-nın tikilməkdə olan binasında 110 nömrəli mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, göstərilən mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 80,19 m2. Mənzilin mərtəbəsi, bloku Blok İİ (iki), mərtəbə XİV (on dörd), mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verilməsi, göstərilən mənzilin ümumi dəyəri 28066 (iyirmi səkkiz min altmış altı) ABŞ dolları şərti vahid məbləğində müəyyən edilmiş, mənzilin payçıya təhvil verilən zaman hər iki tərəflərin iştirakı ilə, mənzilin sahəsi yenidən ölçülərək, əgər mənzilin ümumi sahəsində müqavilədə göstərilən kv.metr sahəsində artıq olarsa payçı tərəfindən, əksik olarsa KM tərəfindən fərq ödəniləcəkdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 437.1-ci maddəsinə əsasən əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilənin müvafiq olaraq 1.1-ci və 2.1-ci bəndlərinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 80.19 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (daxili divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə) sahəsinin 85.76 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 80.19 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 76.13 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, daxili divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 85,76 kv.m təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Eyni zamanda, iddiaçının cavabdeh tərəfindən təklif edilən mənzil iddiaçıya təhvil verilən zaman mənzilin sahəsi yenidən ölçülməsi müəyyən edilsə də, lakin o, bunu etməmiş, cavabdeh tərəfindən təklif olunan müqavilə şərtini qəbul etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin mənzillərin ümumi sahəsinin hesablanması ilə bağlı müddəaları alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı "xxxx" Kiçik Müəssisəsinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul iddiaçıdan tutularaq MəhkəməEkspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 54,45 (əlli dörd manat qırx beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 54,45 (əlli dörd manat qırx beş) manat məbləğində dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 54,45 (əlli dörd manat qırx beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (bir yüz) manat İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar