Məhkəmə qərarları › İş №2(003)-951/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-951/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-951/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə əsas borc üzrə 5991.79 manat, faiz borcu üzrə 1929.21 manat, cəmi 7921 manat və dövlət rüsumu kimi ödənilmiş 99.21 manat pul vəsaitinin cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1126 saylı, 15 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 29.01.2015-ci il tarixli 1-29.01.2015- MİN57 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 faiz tətbiq edilməklə, 6 ay müddətinə 1000 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh1 arasında 14.10.2014-cü il tarixli 1-14.10.2014-MİN57 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 faiz tətbiq edilməklə, 24 ay müddətinə 7500 manat məbləğində pul vəsaiti verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh3 və Cavabdeh2 ilə 14.10.2014-cü il tarixdə, 1-14.10.2014-MİN57 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə əsas borc üzrə 5991.79 manat, faiz borcu üzrə 1929.21 manat, cəmi 7921 manat və dövlət rüsumu kimi ödənilmiş 99.21 manat pul vəsaitinin cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçməsi ilə verilmişdir. O, 2014-cü ildə zaminlik müqaviləsi bağlamış və yalnız həmin müqavilə üzrə zamin durmuşdur. Ancaq iddiaçı onu digər kredit üzrə də zamin qismində cəlb edib və ondan borc tələb edir. 14.10.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə iddia müddəti 14.10.2016-cı il tarixində bitmişdir. Bununla belə hər iki müqavilə - həm 14.10.2014-cü il tarixli, həm də 29.01.2015-ci il tarixli kredit müqavilələri üzrə də iddia müddəti ötmüşdür. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin icra müddəti 14.10.2016-cı ildə bitmiş və həmin vaxtdan da iddia müddəti başlanmış və 3 illik iddia müddəti 14 oktyabr 2019-cu il tarixdə başa çatmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin icra müddəti 29.07.2015-ci ildə bitmiş və həmin vaxtdan da iddia müddəti başlanmış və 3 illik iddia müddəti 29 iyul 2018-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə 18.01.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, cavabdehlərə qarşı iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən, idida tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2015-ci il tarixli 1-29.01.2015-MİN57 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə illik 22 faiz tətbiq edilməklə, 6 ay müddətinə 1000 manat, 14.10.2014-cü il tarixli 1-14.10.2014- MİN57 saylı Kredit Müqaviləsinə əsasən illik 22 faiz tətbiq edilməklə, 24 ay müddətinə 7500 manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarından görünür ki, “X2” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “X4 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş 22.12.2021-ci il tarixli bildirişdən görünür ki, borcludan “müqavilə əsasında İddiaçı QSC-yə keçmiş tələb hüququ üzrə borcun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə, borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 sonuncu dəfə 2015-ci il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarında olan 1-14.10.2014-MİN57 saylı 14 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 14.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla belə, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bundan əlavə, həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, 14.10.2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti 14.10.2016-cı il tarixdə, 29.01.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti 29.07.2015-ci ildə bitmiş, cavabdeh tərəfindən sonuncu dəfə 2015-ci il tarixdə ödəniş edilmiş, həmin tarixdən müqavilə üzrə öhdəliklər pozulmuşdur. Beləliklə, işin hallarına əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrası 2015-ci il tarixdən pozulduğundan, məhkəmə qeyd edilən maddənin tələbinə əsasən, borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə cəmi borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yalnız 14.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin olmuşdur. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar