Məhkəmə qərarları › İş №2(003)-987/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-987/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-987/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi ilə İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı “X1” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 23% ödəmək 60 ay müddətinə qaytarmaq şərti ilə 3795 manat kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh əsas borc üzrə 3650,4 manat, faiz borcu üzrə 471,93 manat və 10,78 manat cərimə borcu mövcuddur. Ona görə də Cavabdeh “X1” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3650,4 manat, faiz borcu üzrə 471,93 manat, cəriməyə görə 10,78 manat və ödənilmiş dövlət rüsumuna görə 61,79 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 414nkAHM/22 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank müştəriyə 60 ay müddətinə, yəni xx.xx.2027-ci il tarixinədək, illik 23% ödəmək şərti ilə 3795 manat məbləğində kredit limiti ayırmağı, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.7-ci bəndindən görünür ki, bank borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu maddənin müvafiq hissələrində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 414nkAHM/22 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər borcalan tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixə qədər olan dövr ərzində hər ay 108 manat, xx.xx.2027-ci il tarixdə isə 11,10 manat olmaqla 60 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh 414nkAHM/22 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3650,4 manat, faiz borcuna görə 471,93 manat, cəriməyə görə 10,78 manat olmaqla cəmi 4133,11 manat borcu vardır. Kredit müqaviləsindən müəyyən olunur ki, müştəri müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında dəbbə pulu ödəyir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli 414nkAHM/22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 3650,4 manat, faiz borcuna görə 471,93 manat, cəriməyə görə 10,78 manat olmaqla cəmi 4133,11 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 414nkAHM/22 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 3650,4 manat, faiz borcuna görə 471,93 manat, cəriməyə görə 10,78 manat və ödənilmiş dövlət rüsumuna görə 61,79 manat olmaqla cəmi 4194,9 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar