Məhkəmə qərarları › İş №2(003)-988/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-988/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-988/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə arasında xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri 14 sayl notariat ofisində 3M-1550 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə o, cavabdehə 3000 manat 00 qəpik depozit hesabı vasitəsi ilə pulu borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx xxxxxx 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin ödəniş müddəti keçməsinə baxmayaraq ötən müddət ərzində o, heç bir ödəniş etməmişdir. Bundan başqa o, kredit müqaviləsindən təxminən on gün sonra cavabdehin müəyyən işlər görməsi üçün 500 manat ödəniş etmişdir. Qeyd edir ki, cavabdeh dizayn və təmir işləri ilə məşğuldur. Alınan pullara rəğmən cavabdeh heç bir iş görməmişdir. Lakin cavabdehə dəfələrlə həm şifahi, həm yazılı xəbərdarlıq edilməsinə baxmayaraq halhazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəlikləri yerinə yetirilməmiş, borc ödənilməmişdir. Bundan başqa AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə və AR DİN-nin Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə müraciət olunsa da oradan ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini tam etiraf etmiş və bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tamamilə doğrudur. Onun iddiaçıya 3500 manat məbləğində borcu vardır. Həmin məbləğin 3000,0 manatını aralarına bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında, 500,0 manatını isə iddiaçıdan aralarında olan şifahi razılaşma əsasında götürmüşdür. Lakin hazırda pandemiya şəraiti olduğu üçün həmin borcu qaytara bilməmişdir. Həmin pulu hissə-hissə ödəyə bilər. İddia ərizəsində qeyd olunan məbləğin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmir. O, iddianı etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 sayl notariat ofisində bağlanmış xx xxxx 2020-ci il tarixli 3M-1550 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3000 manat 00 qəpik depozit hesabı vasitəsi ilə pulu borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx xxxxxx 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində pul ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, iddia tələbini etiraf edir və 3500 manat məbləğində iddiaçıya borcu vardır. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Məmmədov Cavabdeh Afaq Abid qızı ilə aralarında xx.xx.2020-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 3000 manat məbləğində pulu xx xxxxxx 2020-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyıən olunmuşdur ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən Cavabdehdən 500,0 manat məbləğində borc almışdır. Cavabdeh İddiaçı 3500,0 manat borcu olmasın etiraf edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi və şifahi borc müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 329.2. maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3. maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. İddia tələbi həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi həm də Cavabdeh özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan və sübuta yetdiyindən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3530 (üç min beş yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar