Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-989/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı cavabdeh X1 qarşı borc münasibətlərinə xitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı borc münasibətlərinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək– Cavabdeh 14300 manat borc pulun qaytarılmasına dair kağız üzərində sadə formada yazılan əqdin etibarsız hesab edilməsi və 14300 manat pulun qaytarılması barədə münasibətlərə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildən hüquq şirkətində hüquq fəaliyyəti ilə məşğul olmuş və 2018-ci ilin əvvəllərində tanışı Kamal Bağırov onu iş üzrə cavabdeh X2 ilə tanış edərək sonuncuya məxsus evə qaz xəttinin çəkilməsində hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Yaranmış problemi araşdırarkən cavabdeh bildirmişdir ki, Qaz xəttinin çəkilməsindən “Azəriqaz” İB imtina etmiş və bununla bağlı o, Səbail Rayon Məhkəməsinə şikayət etmişdir. Buna görə də yaranmış mübahisənin həll edilməsi məqsədi ilə, yəni qazla təmin olunmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciətlər edib, layihə və digər sənədlər paketini hazırlayıb xəttin çəkilməsində hüquqi yardımın göstərilməsini, eyni zamanda ehtiyac olduğu halda məhkəməyə müraciət etmək üçün köməklik göstərilməsini xahiş etmişdir. Tərəfindən sənədlər təhlil olunaraq araşdırma aparılarkən, məlum olmuşdur ki, Səbail Rayon Məhkəməsinə müraciət olunarkən həm aidiyyat məsələsi pozulmuş, həm də iddia ərizəsi primitiv formada, AR MPM-nın 149-cu maddəsinin tələbləri kobud surətdə pozulmaqla verilmişdir. X1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən 5 saylı evin həyətyanı torpaq sahəsinin sxemini (eskiz lahiyəsini), arxiv arayışları və digər sənədləri, eyni zamanda qazla təhciz edilməsi ücün qanunvericiliklə müəyyən edilmiş sənədlərin hazırlanması və alınması üçün hüquqi xidmət göstərmək razılığına gəlmişlər və bu işlərin görülməsi üçün ondan 3000 manat məbləğində pul almışdır. Aldığı xidmət haqqı yalnız sənədlərin əldə edilməsi və lazımi təqdirdə məhkəməyə sənədlərin hazırlanaraq verilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdehə hüquqi yardım göstərərkən dəfələrlə qaz çəkilməsi üçün “Azəriqaz” İB-nə və torpağa dair eskiz layihəni almaq üçün Xəzər Rayon İcra Hakimiyyətinə müraciətlər etmiş və əldə olunan nəticələri cavabdeh Ceyhun Məmmədovla birlikdə müzakirə etmişdir. Göstərdiyi fəaliyyət nəticəsində məlum olmuşdur ki, Ceyhun Məmmədovun istifadəsində olan torpaq sahəsi “SOCAR” DNŞ-nin ərazisinə düşür və bu səbəbdən əraziyə qazın çəkilməsində imtina edilmişdir. Digər tərəfdən, Xəzər Rayon İcra Hakimiyyəti isə cavabdehə məxsus torpaq sahəsinin yerləşməsinə dair eskiz layihənin verilməsində imtina edilmişdir. Bu səbəbdən o, iddia ərizəsi hazırlayıb və müvafiq sənədləri toplayıb ərizəyə əlavə edərək Xətai Rayon Məhkəməsinə təhvil vermişdir. Xətai Rayon Məhkəməsinə iddia ərizəsini verəndən sonra onun vasitəçiliyi ilə Ceyhun Məmmədov vəkillə müqavilə bağlanmış və prosesin aparılması vəkilə həvalə edilmişdir. Artıq, onun cavabdehlə gözəl yoldaşlıq münasibəti yaranmışdır. Həmin ərəfədə o, təmirtikinti, dizayn və yaşıllaşdırma şirkətini (MMC) təsis etmiş və 2019-cu ilin axırlarında cavabdeh Ceyhun Məmmədovla yaşıllaşdırma işlərinin aparılması ilə əlaqədar əməkdaşlıq müqaviləsi bağlamışdır. Müqavilə bağlanan zaman Ceyhun Məmmədov işlərin səhmana salınması, ona məxsus MMC-nin bəzi sənədlərinin düzəldilməsi üçün hissə-hissə 11300 manat məbləğində pulu borca vermişdir. Aralarında olan razılaşmaya görə, biz birgə yaşıllaşdırma fəaliyyətinə başlayandan sonra cavabdeh tərəfindən verilmiş 11300 manat əldə olunan gəlirdən ona qaytarılacaq. Lakin, 2020-ci ilin əvvəllərində Covid-19 pandemiyası başladığından, şirkətlərin fəaliyyəti dayanmış, nəticədə yaşıllaşdirma işlərinin aparılması mümkün olmamış və bu səbəbindən fəaliyyət göstərib gəlir əldə edə bilməmişlər. Bundan sonra cavabdeh verdiyi borcu və göstərdiyi xidmətə görə ödədiyi pulu geri qaytarılmasını tələb edərək ona təzyiqlər göstərib söz-söhbət yaratmış və o, cavabdehə 2019-cu ilin mart ayında 2000 manat, sonradan isə 1800 manat məbləğində pul qaytarmışdır. Aralarında olan münasibətlər gərginləşməsin deyə, cavabdehə 14300 manat borcun 2020-ci ilin avqust ayına qədər qaytaracağını kağız üzərində sadə yazılı formada tərtib edib imzalamışdır. Qeyd edir ki, borcun qaytarılması barədə kağızı imzalayandan sonra onun tərəfindən cavabdehə 3800 manat məbləğində nəğd pul qaytarılmışdır. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh Ceyhun Məmmədov ona 11300 manat borc verdiyi halda, onun (təzyiqlər və hədə-qorxusu nəticəsində imzaladığı kağızda 14300 manat borcun qaytarılmasını göstərmişdir. Pulun bir hissəsini alandan sonra Ceyhun Məmmədovun yenə də təzyiqləri davam etmiş, sononcu dəfə o qohumu ilə üstünə gələrək ona hədə-qorxu gəlmiş və sonuncu görüşdə etirazlarını bildirərək ona qarşı olan qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş edərək əks halda polisə şikayət edəcəyini bildirmiş və bu hadisədən sonra 3000 manat məbləğində pulu cavabdehə qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, kağız üzərində əks olunmuş 14300 manat borc pulun qaytarılması barədə əqdən irəli gələn münasibətlərə xitam verilməlidir. Belə ki, yuxarıda göstərdiyi kimi, 14300 manat məbləğin 3000 manatı hüquqi yardım göstərmək məqsədi ilə cavabdeh tərəfindən ona ödənilmiş, yerdə qalan 11300 manat məbləğdən 6800 manat məbləğində pulu isə cavabdehə artıq qaytarmışdır. Belə olduğu halda onun Ceyhun Məmmədova 4500 manat məbləğində borcu qalmış olur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək o, iddia tələbini müdafiə etmiş və onun iştirakı olmadan iddia tələbinə baxılaraq təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, həmin qəbzdə qeyd olunub: "Biz aşağıda imza edənlər imzamızla təsdiq edirik ki, İddiaçı ilə X2 arasında olan 14300 AZN borcu İddiaçı 2020-ci ilin avqust ayına qədər tam şəkildə ödəyəcək." İddiaçı "imza var" və Cavabdeh "imza var" Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən,əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İşin müəyyən edilmiş halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 14300 manat borc pulun qaytarılmasına dair kağız üzərində sadə formada yazılan əqdin etibarsız hesab edilməsi və 14300 manat pulun qaytarılmasını xahiş etsə də, iddiaçı etibarsız hesab edilməsini xahiş etdiyi qəbzi zor tətbiq edəcəyi hədəsi altında yazdığını bildirmiş, lakin həmin halın təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında da cavabdehin iddiaçıya hazırki qəbzi hədə-qorxu altında yazdırması halı sübut edilməmişdir. Odur ki, iddiaçının iddia ərizəsinin dəlilləri əsassızdır. Məhkəmə hesab edir ki, qəbzin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X1 qarşı - Cavabdeh 14300 manat borc pulun qaytarılmasına dair kağız üzərində sadə formada yazılan əqdin etibarsız hesab edilməsi və 14300 manat pulun qaytarılması barədə münasibətlərə xitam verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-989/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-989/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver