Məhkəmə qərarları › İş №2(003)-999/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-999/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-999/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Çingiz Dibirovun, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 847.44 manat əsas, 53.24 manat faiz, 294.25 manat cərimə, müqavilə bitdikdən sonra hesablanmış 244.08 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 30 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2lə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini öz üzərinə götürməklə zaminlik müqavilə bağlanmışdır. Məhkəmə iclasında Çingiz Dibirov iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etdi. Bildirdi ki, İddiaçı ASC-nın ilə aralarında bağlanmış 04.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddəsinə 4000 manat kredit verilmişdir. Həmin müqavilənin müddətinin bitməsindən xeyli vaxtın keçməsinə baxmayaraq iddia məhkəməyə müraciət etməmişdir. Cavabdeh2r oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməyərək, izahatında bildirmişdir ki, ekspert rəyinə əsasən zaminlik müqaviləsindəki imza ona məxsus deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 04.02.2013-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ASC-nin Qara Qarayev filialı ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında 24 ay müddətinə 30 faiz ödəmək şərtilə 4000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 06.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 28.09.2020-ci il tarixə Cavabdeh1 847.44 manat əsas, 53.24 manat faiz, 294.25 manat cərimə, müqavilə bitdikdən sonra hesablanmış 244.08 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 04.02.2013-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilənin müddəti 04.02.2015-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla da müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti 04.02.2018-ci il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə 15.01.2021-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh bank arasında bağlanmış 04.02.2013-cü il tarixli müqavilə üzrə icra müddəti 04.02.2015-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 04.02.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar