Məhkəmə qərarları › İş №2(004)-10/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-10/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-10/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “İddiaçı” ASC-dən illik 30 faizlə 36 ay müddətinə 8000 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxx 2016-dək Cavabdeh1 banka xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5654.65 ABŞ Dolları əsas borc, 103.67 ABŞ Dolları faiz borcu və 138.59 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 5896.91 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada “İddiaçı” ASC-nin xeyrinə xx xxxxxx 2014-cii il tarixli kredit müqaviləsi üzrə 5654.65 ABŞ Bolları əsas borc, 103.67 ABŞ Dolları faiz borcu və 138.59 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 5896.91 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, LPO “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi üzrə müştəri məlumatları kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Məlumatlara əsasən müştəriyə kredit üzrə restrukturizasiya düşmüş, lakin müştəri vaxtı keçmiş əsas kredit müqaviləsinin restrukturizasiya olunması ilə bağlı banka müraciət etməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-ci bəndinə əsasən Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə sonuncu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx xxxxxx 2014-cü il tarixli, ********* №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 «İddiaçı» ASC-dən illik 30 faizlə 36 ay müddətinə 8000 ABŞ Dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə onlara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışlar. xx xxxxxxx 2016-ci il tarixədək Cavabdeh1 banka xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5654.65 ABŞ Dolları əsas borc, 103.67 ABŞ Dolları faiz borcu və 138.59 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 5896.91 ABŞ Dolları borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci madddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 138.59 ABŞ dolları dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 20 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi hissisənə münasibətdə qeyd edir ki, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi 36 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixdək qüvvədə olduğundan və halhazırda həmin müqavilənin qüvvədə olma tarixi artıq bitdiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ləğv prosesində olan «İddiaçı» ASC-nin xeyrinə əsas borc üzrə 5654 (beş min altı yüz əlli dörd) ABŞ dolları 65 (altmış beş) sent, faiz borcu üzrə 103 (bir yüz üç) ABŞ dolları 67 (altmış yeddi) sent, cərimə borcu üzrə 20 (iyirmi) ABŞ dolları olmaqla, cəmi 5778 (beş min yeddi yüz yetmiş səkkiz) manat ABŞ dolları 32 (otuz iki) sent məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla)tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ləğv prosesində olan «İddiaçı» ASC-nin xeyrinə əsas borc üzrə 5654 (beş min altı yüz əlli dörd) ABŞ dolları 65 (altmış beş) sent, faiz borcu üzrə 103 (bir yüz üç) ABŞ dolları 67 (altmış yeddi) sent, cərimə borcu üzrə 20 (iyirmi) ABŞ dolları olmaqla, cəmi 5778 (beş min yeddi yüz yetmiş səkkiz) manat ABŞ dolları 32 (otuz iki) sent məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla)tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar