Məhkəmə qərarları › İş №2(004)-1013/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1013/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1013/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyərinin əvəzi olan 2.277,4 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh məhkum Cavabdeh Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və həmin tarixdə məhkum Cavabdeh ünvanına 3 gün müddətində idarəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçınə gələrək izahatı alınmış, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2021-ci il tarixdə ona yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh ona təhkim edilmiş mobil qurğunu itirdiyinə görə xx.xx.2022-ci il tarixdə izahatı alınmış və mobil qurğunun dəyərinin ondan tutulacağı ilə bağlı ona xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-310/2022 saylı hökmünə əsasən Cavabdeh 2 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. İş materiallarında olan Bakı şəhər Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolun surətinə əsasən bir ədəd “Attenti” markalı mobil qurğu, bir ədəd “Attenti” markalı elektron qolbaq və bir ədəd adapter Cavabdeh təhkim edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçınə verdiyi xx.xx.2022-ci il tarixli izahatından müəyyən olunur ki, o, məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.2022-ci ildə təhkim edilmiş elektron nəzarət vasitəsinə aid qolbaqla xx.xx.2022-ci il tarixdə evdən çıxmış və həmin gün qolbağı itirmişdir. Dəfələrlə keçdiyi yerlərdə axtarsa da qolbağı tapa bilməmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məktubunun surətinə əsasən “Attenti” markalı bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektrik adapteri və bir ədəd proqram lisenziyasının ƏDV daxil olmaqla cəmi dəyəri 2.277,4 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, cavabdehə məhkəmə hökmünə əsasən 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş və ona elektron qolbaq təhkim edilməklə digər qurğularla birlikdə təhvil verilmişdir. Lakin cavabdeh həmin qurğuya aid olan qolbağı itirmişdir. Hazırda iddiaçı cavabdehə təhvil verilmiş və onun tərəfindən itirilmiş elektron nəzarət qurğusunun dəyəri olan 2277,4 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair etiraz və ya hər hansı sübut verməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisə predmeti olan əşyaların cavabdehə təhvil verildiyi müəyyən edilmiş, lakin həmin əşyaların geri qaytarıldığı müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan izahatdan da müəyyən edilmişdir ki, cavabdeh nəzarət qurğusuna aid olan qolbağı itirdiyini etiraf etmişdir. Belə olan halda dövlət büdcəsinə həmin əmlakın dəyəri həcmində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X1, M\H: AZ41NABZ********************, VÖEN **********, kod 210005, SWİFT CTREAZ22) ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X1, M\H: AZ41NABZ********************, VÖEN **********, kod 210005, SWİFT CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar