Məhkəmə qərarları › İş №2(004)-1029/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1029/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1029/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 300 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında qohumluq münasibəti olduğundan Cavabdeh ondan şəxsi biznesi ilə əlaqədar "xxxx" QSC-dən götürdüyü kreditə görə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili ipoteka ilə yüklü etməyini xahiş emiş, o da razılaşmışdır. Cavabdeh banka olan borcunu ödəyə bilmədiyindən bank ipoteka qoyulmuş iddiaçının mənzilinə tutma yönəltmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)- 74/2018-016 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdehin banka olan 130753,94 ABŞ dolları məbləğində borcunun ödənilməsinin təmin edilməsi üçün iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ilkin satış qiyməti 110000 manat müəyyən edilərək 2021-ci ilin avqust ayında açıq hərracda satışa çıxarılmış, hərrac baş tutmadığından mənzil bankın mülkiyyətinə keçmişdir. Cavabdehin bank qarşısında öz öhdəliyini icra etməməsi nəticəsində ona maddi ziyan dəymiş, 160.000 manat bazar dəyəri olan mənzili əldən çıxmışdır. Hazırda ailəsi ilə birlikdə yeni yaşayış sahəsi əldə etmək üçün 100000 manata yaxın borca düşmüşdür. Cavabdehin bank qarşısında olan borcunu kreditor qarşısında o, öz əmlakı hesabına ödəmiş olduğundan Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən bankın kredit borcu üzrə tələb hüququ ona keçmişdir. Cavabdehin maddi vəziyyətinin hazırda yaxşı olmadığını nəzərə alaraq ən azı banka əmlakının satılması nəticəsində ödənilmiş 70.000 manat pulun və ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-74/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 026L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 ay müddətinə 500 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmçinin, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014- cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında bank tərəfindən kredit alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 100 000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli 026M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316, ev 1b ünvanında İddiaçı mülkiyyətində olan 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-74/2018 saylı icra vərəqəsinə əsasən, xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh, İddiaçı və X2 85 285,78 ABŞ Dolları məbləğində kredit borcu, 39 468,16 ABŞ Dolları məbləğində faiz borcu və 6 000 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 130 753,94 ABŞ Dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı müştərək qaydada tutularaq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316, ev 1b ünvanındakı 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzilə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 110 000 manat müəyyən edilərək açıq hərracda satılmalı və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına banka olan borc ödənilməli, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə cavabdehlər Cavabdeh, İddiaçı və X2 pulun çatışmayan məbləği müştərək şəkildə ümumi qaydada tutulmalı, mənzilin satışından artıq qalan məbləğ mənzilin mülkiyyətçisinə qaytarılmalı, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316, ev 1b ünvanındakı 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzil satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. İş materiallarında olan “ipoteka predimetinin əldə edilməsinə dair” təklifdən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/7452585/1917 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu X1 məxsus ipoteka yüklü ünvan 3 ünvanında yerləşən 13 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında' Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana, yəni "xxxx" QSC-yə təklif olunmuşdur. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarrixli hərracın yekunları barədə 06/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, hərrac baş tutmamış elan edilmiş və ipoteka saxlayan "xxxx" QSC ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 13 saylı mənzili təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70125 manata almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 271.2-ci maddəsinə əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Həmin Məcəllənin 311.1-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.2-ci maddəsinə əsasən, əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə Cavabdeh ilə “Accessbank QSC arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı “Accessbank QSC ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 13 saylı mənzili ipoteka ilə yüklü etmişdir. Borclu Cavabdeh təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi səbəbindən, ipoteka saxlayan “Accessbank QSC-nin tələbi əsasında qəbul edilmiş məhkəmə qərarına əsəsən borc tələbinin ödənilməsinin təmin edilməsi üçün ipoteka predimeti olan iddiaçıya məxsus mənzil açıq hərracdan satılmış və satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilmişdir. Bununla da, Cavabdeh banka olan borcunun böyük bir qismi iddiaçının mülkiyyətində olan mənzilin satışından əldə edilən vəsait hesabına ödənilmiş, iddiaçı isə mənzil üzərində öz mülkiyyət hüququnu itirmişdir. Belə olduğu təqdirdə, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə banka olan borcunun 70125 manat hissəsi iddiaçıya məxsus ipoteka predmeti olan əmlakın satışından əldə edilən vəsait hesabına ödənildiyindən, borcun iddiaçıya məxsus əmlak hesabına ödənilmiş hissəsində tələb hüququ da iddiaçıya keçmişdir. Bu səbəbdən də, iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə qeyd edilməlidir ki, iddiaçı iddia tələbində cavabdehdən 70000 manat pulun tutulmasını tələb etdiyindən, həmin məbləğ iddiaçının tələbində göstərilən həcmdə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 70000 (yetmiş min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 70000 (yetmiş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar