Məhkəmə qərarları › İş №2(004)-106/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-106/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-106/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə, üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət X3rşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə inşa olunmuş, 46 kv.mdən ibarət evinə 37000 manat xərci çıxmışdır. Həmin evdə uşaqları ilə rahat yaşamışdır. Təəssüf ki, evinin qarşısında və böyründə qazıntı işləri aparılan zaman evi yararsız hala salmışdırlar. Cavabdeh1 ASC-nin işçiləri “xxxx” MMC evin böyründə kanalizasiya xətti çəkildiyi zaman 3 dəfə eyni yeri qazmış, quyu su ilə dolmuş və oradan evin altına, oradan isə evin içinə dolaraq, evi yararsız hala salmışdır. Eyni zamanda, qazıntı zamanı ev silkələnmiş, divarlar tavana kimi çatlamış, paltar şkafı uşağın üstünə düşərək ona xəsarət yetirmişdir. Evi nəmişlik içərisindədir. Nəmişlikdən qızı ciyər xəstəliyi tapmışdır. Özünün də ağır işlərdə işləməkdən böyrü ağrıyırdı. İndi isə böyrəyinin vəziyyəti pisləşib. Prosesin gedişində İddiaçı ərizə verərək “xxxx” MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və vəsatət təmin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən müştərək qaydada sahəsi 46 kv.m olan mənzilin hər kvadrat metri üçün 2000 manat olmaqla, cəmi 92000 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, qazıntı işlərini verilən layihəyə əsasən aparmışlar. Tikili standartlara uyğun deyil. Evə dəymiş ziyanın aparılan qazıntı işləri ilə heç bir əlaqəsi yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Cavabdeh1 ASC sifarişçi təşkilatdır. Podratçı təşkilat “xxxx” MMC-dir. Ekspertin göstərdiyi mühafizə zonası ilə bağlı hazırda mübahisə var. Ev mühafizə zonasında yerləşmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evi İddiaçı sahibliyində və istifadəsindədir. Evə dair hüquq müəyyənedici sənədlər mövcud deyildir. Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun məzmunudan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidentinə və Birinci Vitse-prezidentinə ünvanladığı müraciətlərə baxılmış və nəzərinə çatdırılmışdır ki, hazırda Cəmiyyətin sifarişi ilə Xırdalan şəhərinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi həyata keçirilir. 2019-cu ilin əvvəlində Xırdalan şəhərinin N.Gəncəvi küçəsinin iddiaçının evi yerləşən hissəsində qazıntı işlərinə başlanmış və tikinti-quraşdırma işləri iyun-iyul aylarında tamamlanmış və küçənin asfalt örtüyü də bərpa olunmuşdur. Evin yanında tikinti-quraşdırma işləri həyata keçirilərkən iddiaçı tərəfindən hər hansı bir narahatçılığa dair məlumat daxil olmamışdır. Həmçinin, Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli teleqramma ilə əlaqədar əməkdaşları və Xırdalan Şəhər İcra Nümayəndəliyinin mühəndisinin iştirakı ilə keçirilmiş baxış zamanı 2019-cu ilin əvvəlindən başlayaraq aparılmış qazıntı işləri ilə əlaqədar iddiaçının evinə ziyan dəyməsi müşahidə edilməmişdir. X10 tikintisi zamanı evinə ziyan dəydiyi bildirilərək, aidiyyati üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı evin Cavabdeh1 ASC-yə məxsus hər hansı yeraltı və yerüstü su kəmərinin mühafizə zonasına düşməsinin, həmin evə qazantı işlərinin həyata keçirilməsi zamanı hər hansı ziyan dəyib-dəyməməsinin, ziyan dəydiyi təqdirdə hansı səbəbdən dəyməsi və dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. xx.xx.2020-ci il tarixli, 10/969 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evi ilə yeni çəkilmiş kanalizasiya xətti arasındakı məsafə 3.50 metr olduğundan, sözügedən ev "Su. təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə və Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-in 9.23 bəndinə (cədvəl 14) əsasən həmin kanalizasiya xəttinin mühafizə zonasına düşür. Tədqiq olunan fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün əsaslı təmir-tikinti işləri aparılmalıdır. Belə ki, evin özülündə möhkəmləndirmə işləri aparılmalı, çat əmələ gəlmiş divar sökülüb yenidən inşa edilməli, izolyasiya işləri görülməli, tökülmüş suvaq qatı yenidən bərpa edilməlidir. Lakin qeyd etmək lazımdır ki, zəruri təmir işlərinin, sözügedən yaşayış evinin faktiki vəziyyətdə kanalizasiya xəttinin mühafizə zonasına düşməsi ilə əlaqədar aparılması mümkün deyil. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsinə yol verilmir. Buna görə də, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı evə qazantı işlərinin həyata keçirilməsi zamanı hər hansı ziyan dəyib-dəyməməsinin, ziyan dəydiyi təqdirdə hansı səbəbdən dəyməsi və dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. xx.xx.2021-ci il tarixli, 10/2409 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı evin ümumi sahəsi 38.52 kv.metr təşkil edir. Fərdi yaşayış evinin arxa fasad divarının arakəsmə divarları ilə olan hörgü birləşmələrində hündürlük boyunca qalınlığı 1-1.5 mm olan çatlar mövcuddur. Fərdi yaşayış evinin divarlarında və döşəməsində yaranmış qüsurlar, yəni nəmişlik, rütubət, susızma nəticəsində yaranmış izlərə xarakterikdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi Anar Vahidin tərtib etdiyi mütəxəssis rəyində yaranmış qüsurların, yəni çat və zədələnmələrin Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı yaşayış evinin tikinti-norma və qaydalarına uyğun inşa edilmədiyindən kanalizasiya xəndəyinin qazıntısı zamanı yaxud tikinti qüsurundan yaranmasını müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla belə ekspert tərəfindən qeyd olunur ki, divarlarda mövcud olan çatların yaranması, inşa edilən birmərtəbəli evin kiçik qabaritli olmasını, dam örtüyünün yüngül konstruksiyalı olmasını, divarların tək qat olmasını nəzərə aldıqda torpaq çökməsi, sürüşməsi, evin özülünün çökməsi və kənar təsirlərdən yaranması üçün xarakterikdir. Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən 15 saylı evin zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 14076 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla, həmçinin, təqdim olunmuş ekspert rəyləri ilə İddiaçı yaşadığı Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evinə Cavabdeh1 ASC-nin sifarişi ilə cavabdeh “xxxx” MMC tərəfindən aparılmış qazıntı işlərinin nəticəsində ziyan dəyməsi faktı öz təsdiqini tapmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 92.000 manat məbləğində ziyan dəydiyini iddia etsə də, heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunanlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus evə cavabdehlər tərəfindən ziyan vurulmasına dair müvafiq sübutları təqdim edə bilmədəyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/969 və xx.xx.2021ci il tarixli, 10/2409 saylı rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Sahəsi 46 kvadrat metr olan mənzilin hər kvadrat metri üçün 2000 manat olmaqla cəmi 92000 manat məbləğində dəymiş ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC-dən tutulması barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar