Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1067/2024 28.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5072/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat alimentin artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla ümumilikdə 470 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamələrinin surətləri əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5072/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş arayışa əsasən müəyyən olunur ki, Cavabdeh “X9” PHŞ-də xx.xx.2022-ci il tarixindən hal-hazıradək uşaq klinik xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. Vəzifə maaşı 422 manat və İTS əlavəsi 110 manat olmaqla orta aylıq əmək haqqı 532 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qərar qəbul edərkən uşağın üstün mənafeyini əsas götürür. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin qismən artırılmasını, yəni hər uşağa münasibətdə 15 manat olmaqla ümumilikdə 30 manat artıraraq 330 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 235 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 235 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin əməkhaqqının aşağı olması xüsusatı nəzərə alınmaqla şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi əsas götürülərək məqsədə müvafiq deyildir. Məhkəmə milli mentalitet və dəyərlər nöqteyi-nəzərdən alimentin cavabdehdən (ana) tutulması xüsusatına həssas yanaşır. Qadının gəlirləri və əmək haqqının məbləği əsas götürülür. Bu, ayrıseçkilik hesab oluna bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5072/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 300 manat məbləğində aliment artırılmalı və hər ay hər uşağa münasibətdə 165 (yüz altmış beş) manat olmaqla ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5072/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olanxx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 300 manat məbləğində aliment artırılsın və hər ay hər uşağa münasibətdə 165 (yüz altmış beş) manat olmaqla ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1067/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1067/2024
28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver