Məhkəmə qərarları › İş №2(004)-1069/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1069/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1069/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi (baş direktor) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı binanın altında yerləşən dayanacağa özünə məxsus olan X6 markalı avtomobillə giriş edərkən dayanacağın giriş qapısının yuxarı hissəsində yerləşdirilmiş 2 tərəfli dəmir panellərə avtomobilin yuxarı hissəsi dəymiş və avtomobilə zərər vurulmuşdur. Binanın komendantı dərhal hadisə yerinə gələrək bildirmişdir ki, həmin dəmir panellər təxminən 3-4 gün əvvəl Cavabdeh1 MMC tərəfindən binanın üzlüyü kimi yerləşdirilmişdir. Lakin, həmin işlər düzgün icra olunmamış, panellər qapının yuxarı çərçivəsindən 30-40 sm aşağıda yerləşdirilmişdir. Həmin işlər tapşıran Cavabdeh1 MMC-nin sifarişi əsasında podratçı Cavabdeh2 MMC tərəfindən icra edilmişdir. Müvafiq qüsur aktına əsasən avtomobilə vurulmuş zərər 3300 manat təşkil edir. Cavabdehlər tərəfindən vurulmuş zərərin ödənilməsi təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi (baş direktor) X3 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqətdir, həmin işlər podratçı kimi Cavabdeh2 MMC tərəfindən icra edilmişdir. Lakin, tapşıran Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə pul məbləği podratçıya ödənilməmişdir. Dayanacağın giriş hissəsi 30-40 sm aşağıda salındığından, yəni dəmir panellər 30-40-sm aşağıya doğru quraşdırıldığından iddiaçıya məxsus olan avtomobil dayanacağa girərkən avtomobilin yuxarı hissəsi dəmir panellərə toxunmuş və zədələnmişdir. Lakin, hadisə baş verən vaxt onların bu barədə məlumatı olmamış, digər Cavabdeh1 MMC tərəfindən də hər hansı məlumat verilməmişdir. Cavabdeh olaraq vurulmuş zərər üzrə 1000 manat məbləğində ödəniş edilməsinə razıdırlar, lakin 3300 manat məbləğin ödənilməsi üçün Cavabdeh1 MMC tərəfindən tərəfindən podrat müqaviləsi üzrə xidmət haqqı ödənilməlidir. Odur ki, 3300 manat zərərin Cavabdeh1 MMC-dən də tutulması xahiş edilir. Digər Cavabdeh1 MMC məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Hayat Clinic” MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, hadisə podrat müqaviləsi əsasında xidmət göstərən Cavabdeh2 MMC-nin göstərmiş olduğu xidmətlər çərçivəsində baş vermişdir. İş materiallarında olan Toyota Bakı Mərkəzi MMC-nin qiymətləndirmə aktına əsasən müəyyən edilir ki, X4 Prado markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 3300 manat təşkil edir. Qiymətləndirmə ilə bağlı 50 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü Cavabdeh2 MMC-yə münasibətdə yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Belə ki, vurulmuş zərərin Cavabdeh2 MMC (işçilər və ya işi icra etmiş şəxslər) tərəfindən podrat müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi nəticəsində tikintitexniki qaydalarının pozulması nəticəsində baş verməsi mülki işin mübahisəsiz halıdır (cavabdehin nümayəndəsinin izahatına əsasən). Həmin işlər podratçı tərəfindən icra edilərkən tikinti-texniki normalarına əməl edilməli olduğu halda diqqət və sayıqlığın itirilməsi, tikinti-texniki qaydalara əməl edilməməsi nəticəsində sözügedən delikt hadisəsi baş vermişdir. Deməli, Cavabdeh2 MMC-nin fəaliyyətinin nəticəsi ilə (işçilərinin hərəkətləri) hazırki mübahisə üzrə iddiaçının avtomobilinə vurulmuş zərər arasında birbaşa səbəbli-əlaqə və qəsdin kobud ehtiyatsızlıq növü vardır. Podrat müqaviləsi üzrə tapşırıq verən Cavabdeh1 MMC-nin məsuliyyətinin əsası, yəni təqsir və səbəbli əlaqə müəyyən edilmir. Belə ki, Cavabdeh1 MMC tərəfindən məsuliyyətinin əsası kimi yalnız ağlabatan şərtlərə cavab verən peşəkarlıq xüsusiyyətinə malik podratçı ilə müqavilə bağlanılması şərti çıxış edə bilər ki, podratçının məhz peşəkar şəkildə müvafiq fasad-üzləmə işlərini həyata keçirməsi aşkardır (təşkilatlanmış hüquqi şəxs kimi və s.). Lakin, klinikanın vurulmuş zərərlə bağlı hərəkəti (hərəkətsizliyi), səbəbli-əlaqə və təqsiri müəyyən edilmir. Podrat müqaviləsi üzrə tapşıran tərəfindən podratçıda ödənişin ödənilməməsi hazırki mülki işin nəticəsinə təsir etmir. Belə ki, iki tərəf arasındakı podrat münasibətləri ilə hazırki mülki iş üzrə delikt hüquq münasibətlərinin həm subyekt tərkibi, həm də faktiki və hüquqi əsasları tamamilə fərqlidir, tamamilə fərqli hüquq münasibətlərinə əsaslanır. Cavabdehin nümayəndəsi arqument olaraq bildirir ki, həmin dayanacağın məhdud formada (az-az) istifadə edilməsi onlara məlum olduğundan işlərin icrası zamanı dayanacağın giriş hissəsinin aşağı endirilməsinə xüsusi diqqət edilməmişdir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla həmin dayanacağın uzun illərdir avtomobil dayanacağı kimi istifadə edilməsi, hətta dayanacaqda yerlərin məhdud olması, mütəmadi olaraq avtomobillə dolu olması xüsusi nəzərə alınır. Bundan əlavə, dayanacağın məhdud formada istifadə edilməsi podratçının öz işlərini lazımi keyfiyyətdə və diqqətlilik göstərməklə icra etməsini, iddiaçının avtomobilinə vurulmuş zərərə görə zərər vuranın məsuliyyətini istisna etmir. Podratçı tərəfindən müvafiq işlər görülərkən həmin dayanacağa avtomobillərin daxil-olub-olmaması, dayanacaqda avtomobillərin saxlanılması ilə bağlı ilkin araşdırma aparıla bilərdi. Avtomobilə vurulmuş zərərin həcmi ilə bağlı mübahisə olmadığından məhkəmə tərəfindən “prosessual qənaət” prinsipinə əməl edilməsi, əlavə məhkəmə xərclərinin yaranmasının qarşısının alınması məqsədilə müvafiq qiymətləndirici ekspertizanın təyin edilməsinə hüquqi zərurət görülməmişdir. Nəzərə alınır ki, müvafiq qüsur aktı rəsmi servis Toyota Bakı Mərkəzi MMC tərəfindən tərtib edilmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Toyota Bakı Mərkəzi MMC-nin qiymətləndirmə aktı ilə bağlı 50 manat xərc məhkəmə məsrəfi kimi nəzərə alınır. Bu səbəbdən, qiymətləndirməyə görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu qismində ödənilmiş 53.5 (əlli üç manat əlli qəpik) manat məhkəmə xərci Cavabdeh2 MMC-yə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 3300 (üç min üç yüz) manat pul, qiymətləndirməyə görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu qismində ödənilmiş 53.5 (əlli üç manat əlli qəpi) manat İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 3300 (üç min üç yüz) manat pul, qiymətləndirməyə görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu qismində ödənilmiş 53.5 (əlli üç manat əlli qəpik) manat İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar