Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1076/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, AVİQ MTK-ya qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-ci il tarixli, 1-xx-xx-2016-ET-AV saylı Kredit müqaviəsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 31,442.71 manat, faiz borcu üzrə 5,589.82 manat, cəmi 37032.53 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 31442,71 AZN, faiz borcu üzrə 7982,95 AZN, cəmi isə 39425,66 AZN kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, 0,40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan borcverən İddiaçı ASC-nin Nizami filialı ilə borcalan Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank tərəfindən borcalana borcalanla AVİQ MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 00001№ li müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 faiz olmaqla, 120 ay müddətinə, 40463,00 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada kreditin əsas məbləğini borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək sonuncu ay 518,83 manat olmaqla, hər ay 534,80 manat, ümumilikdə 64160,03 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 40058 manat məbləğində pulu İddiaçı ASC-dən almışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV saylı İddiaçı ASCnin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli 1-xx-xx-2016-ET-AV saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 40 463, 00 (qırx min dörd yüz altmış üç) manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz amlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV saylı İddiaçı ASCnin Nizami filialı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli 1-xx-xx-2016-ET-AV saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 40463, 00 (qırx min dörd yüz altmış üç) manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz amlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materaillarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 banka 31442,71 manat əsas, 7982,95 manat faiz borcu olmaqla, cəmi 39425,66 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, AVİQ MTK-dan 31442,71 manat əsas, 7982,95 manat faiz borcu, cəmi 39425,66 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, AVİQ MTK isə öhdəliyini lazımi qaydada icra etməmişdir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, AVİQ MTK-dan 31442,71 manat əsas, 7982,95 manat faiz borcu, cəmi 39425,66 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1076/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1076/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver