Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-109/2025 15.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verdiyi 830 manatın (800 azn verdiyi pul və 30 azn məhkəmə rüsumu) cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin iyun ayında dişlərini müalicə etmək üçün ünvan 1 ünvanında yerləşən "xxxx" stomotoloji klinikasının həkimi Elman Babayev adlı stomatoloqa müraciət etdi. Şirkətin telefonu 099 8903009 olmuşdur. Onun alt və üst çənəsi koronka və dişlərinin deformasiyası nəticəsində yaxınlaşmış və qabaq dişlərə normal koronka qoymağa imkan vermirdi. Sağ tərəfdə 4 koronka normal olsa da, sol tərəfdə isə koronka laxlayırdı. Elman həkim ona dedi ki, bütün koronkaları çıxarıb hər tərəfə 4 dişlik ( cəmi 8 diş ) koronka (qapaq) qoyacaq və onun dişləri normal vəziyyətə düşəcək. Bu işin müqabilində ona 800 manat pul verməyə razılaşdı və işin axırında 2023-cü ilin avqust ayında 800 manatı ( əvvəl 400, sonra yenə 400 azn ) şirkətə verdi. Ona kassa çeki vermədilər. Kitaba yazdılar. Təxminən oktyabr ayında güzgüdə görmüşdür ki, qabaq alt və üst dişlərinin arasındakı məsafə yoxa çıxıb, yəni aşağı və yuxarı dişlər əvvəlki kimi yaxınlaşıb. O, Elman həkimin qəbuluna getdi. Elman həkim səhvi ilə razılaşmadı. Sonra o, 5 müxtəlif stomotoloqların qəbulunda oldu. Hamısı Elman həkimin düzgün koronka qoymadığını dedilər. O, Səhiyyə Nazirliyinə müraciət etdi. Səhiyyə Nazirliyi cavabında (qoşma) göstərdi ki, bu klinikada yoxlama aparıb, dişlərinin müalicəsi barədə məlumat şirkətin qeydiyyat kitablarında var, ödənişi qaytarmaq üçün tibbi ekspertizadan keçib, məhkəməyə müraciət etməlidir. Bu cavabdan sonra o, Daxili İşlər Nazirliyinin, Yasamal rayon, 29-cu Polis bölməsinə müraciət etdi ki, onu tibbi ekspertizaya göndərsinlər. 29-cu Polis bölməsində sahə rəisi polis kapitanı Ramil müəllim ( 055 *** ** ** ) şifahi cavab verdi ki, onu tibbi ekspertizaya göndərmək polisin səlahiyyətində deyil. Ramil müəllim onu və X6 bölməsinin rəis müavinin yanına apardı. 29-cü polis bölməsinin müavini Elman Babayevin yanında dedi ki, həkim (Elman Babayev ) dişlərini səhv düzəltdiyi ilə razılaşır, ona (İddiaçı) 800 manatı qaytarmağa razıdı. Elman Babayev müxtəlif bəhanələrlə pulu qaytarmırdı. Artıq o, başa düşdü ki, Elman Babayevin pulu qaytarmaq fikri yoxdur. Bu halda o, ondan verdiyi pulun qəbzini istədi. Elman Babayev müxtəlif bəhanələrlə 2 ay ərzində qəbzi verməkdən də imtina etdi. Bu barədə Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə ( bir daha ), Vergilər Nazirliyinə müraciət etmişdir.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” X7 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-28-1/2-Q-31-931/2023 nömrəli məktubuna əsasən səhhətində yaranmış problemin Məhkəmə Tibbi Ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyi və dəymiş ziyanın ödənilməsi məsələsinin Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq təsdiqedici sənədlərlə birlikdə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.
7. Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Ramin İbadov tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək öz dişlərinin sol və sağ tərəf körpü pis vəziyyətdə olduğundan Yasamal rayonu, Yeni Yasamal ünvanında yerləşən "xxxx" stolomotoloji klinikada X8 adlı stomotoloqa müraciət etmişdir. Həkim ona sağ və sol körpülərin dəyişilməsini məsləhət gördü. Cəmi 8 diş qapağı qoyulacağını dedi və o, isə həkimə qabaq dişlərini digər stomotoloji klinikada düzəltdirəcəyini bildirdi. X8 sağ və sol yuxarı most keyfiyyətli maldan düzəltdi. Həmin vaxtı onun dişlərində heç bir narahatçılıq yox idi, lakin 2-3 ay keçdikdən sonra qabaq dişlərinin narahatçılıq olduğunu bildirmişdir. İddiaçı istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış PŞ-nə dəvət olunaraq izahatı alınmış, izahatda ərizəsində göstərdiyi xüsusatları təsdiq etməklə X8lə öz aralarında razılığa gəldiyi üçün aparılan araşdırmanın dayandırılmasını bildirmişdir. Toplanmış matral tərəfindən öyrənilərək müəyyən olunmuşdur ki, qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanları tərəfindən öz həllini tapa bilər. İddiaçı öz hüquqları izah edilmiş və mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən izahatında öz aralarında razılığa gəldikləri üçün aparılan araşdırılmanın dayandırılmasını göstərdiyindən, eyni zamanda müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququna malik olduğu bildirilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 916/KEŞ nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, “X1 Klinika”da İddiaçı adına tərtib edilmiş tibbi sənəddən görünür ki, onun ağız boşluğunda metal güdüllə dişin bərpası aparılmış, sağ və sol çıxmayan körpüvari protez düzəldilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış stomatoloji tibbi xidmət ilə əlaqədar onda hər hansı bir patoloji dəyişiklik və ya ağırlaşma müəyyən edilmədi. Belə ki, qapaqlar normal düzəldilib, diş boyunlarında qızartı aşkar edilmədi, qapaqlar aşağı çənə dişləri ilə normal ortoqnatik qapanır.
10. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
11. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
14. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
15. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
16. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
17. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
20. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
21. Məhkəmə qeyd edir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin onun səhhətinə zərər vurmasını və buna görə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir.
22. İşin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı dişlərinin müalicəsi məqsədi ilə "xxxx" MMC-yə müraciət etmiş, müalicə X8 tərəfindən aparılmışdır. Müalicənin aparılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə 800 manat məbləğində ödəniş edilmişdir. İddiaçı hazırda cavabdehin fəaliyyət göstərdiyi stamotoloji klinikanın həkimi Elman Babayevin səhv müalicəsi nəticəsində onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ödəmiş olduğu 800 manat məbləğində pulun ona geri qaytarılmasını tələb edir.
23. İddianın predmeti xüsusi bilik tələb edən məsələ ilə bağlı olduğundan məhkəmə qərarı əsasında mülki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizası keçirilmiş, tərəflərin təqdim etdikləri tibbi sənədlər əsasında, habelə iddiaçının özünün məhkəmə tibbi və mütəxəssis müayinələri aparılmış və Birlik tərəfindən iş materialındakı məlumatlara, tibbi sənədlərdə yazılanlara, mütəxəssis rəylərinə və məhkəmə-tibbi ekspertizasına əsaslanmış ekspert rəyi məhkəməyə göndərilmişdir.
24. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertizanın rəyi ilə təsdiq edilir ki, İddiaçı Cavabdeh MMC-də aparılmış müalicələrlə bağlı hər hansı bir patoloji dəyişiklik və ya ağırlaşma müəyyən edilməmiş, qapaqlar normal düzəldilmiş, diş boyunlarında qızartı aşkar edilməmiş, qapaqlar aşağı çənə dişləri ilə normal ortoqnatik qapanmışdır.
25. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
26. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
28. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
29. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
30. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehin təqsirli olmasını sübut edə bilmədiyindən onun Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil