Məhkəmə qərarları › İş №2(004)-110/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-110/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-110/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14296 manat maddi zərərin, 22 iyul 2022-ci il tarixədək icarəyə götürülmüş nəqliyyat vasitəsinə görə ödənilmiş 2500 manat məbləğində pulun və 141 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X1 14296 manat maddi zərərin, 25 avqust 2022-ci il tarixədək icarəyə götürülmüş nəqliyyat vasitəsinə görə ödənilmiş 3900 manat məbləğində pulun və 141 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyun 2022-ci il tarixdə saat 10:40 radələrində cavabdeh X5 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus ** FL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius C” markalı avtomobilə 8586 manat məbləğində faktiki zərər dəymiş və dəymiş zərər nəticəsində nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 6300 ABŞ dolları aşağı düşmüşdür. Nəticədə ümumilikdə X5 tərəfindən mənə 8586 manat + 10710 manat (6300 ABŞ dolları x 1.7 =10710 manat) = 19296 manat zərər vurulmuşdur. Törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Beləliklə cavabdehin ona baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 14296 manat məbləğində maddi zərər vurmuşdur. Vurulmuş zərərin həcmi HERMES AVTO tərəfindən aparılmış qiymətləndirmə nəticəsində 10 iyun 2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktla müəyyən edilmişdir. Belə ki, həmin rəydən görünür ki, avtomobilimə vurulmuş zərər 8586 manat təşkil edir. Cavabdehin baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar olması Bakı şəhəri Yasamal rayonu RPİ-nin 03 iyun 2022-ci il tarixli TP ******* saylı qərarında təsbit edilir. Ona məxsus “Toyota Prius C” markalı avtomobildən hazırda Azərbaycan bazarında yoxdur. O, bu avtomobili ABŞ-dan almış və real bazar dəyəri 24000 ABŞ dolları təşkil edir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin dəyəri 6000-6500 ABŞ dolları aşağı düşmüşdür. Hesab edir ki, avtomobilinə dəymiş 14296 manat maddi real zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin bildirir ki, o, işlərinə görə məcbur olaraq avtomobil icarəyə götürmüş və həmin avtomobilin də günlük icarə haqqı 50 manat təşkil edir. Bunun üçün ümumilikdə 3900 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun avtomobilinin modeli yenilənmiş modeldir və detalları birdəfəlikdir. Yəni, bərpa edilən deyil. Təqdim edilmiş qəbzlərdə də onun tərəfindən ödənişlər sübut olunur. Servis tərəfindən fara hissəsi əvvəl Dubaydan sifariş verilmiş, orada olmadığı üçün Amerikadan sifariş verilmişdir. O, Toyotanın rəsmi servisinə də müracət etmiş, burada ehtiyat hissələrinin qiyməti daha baha olmuş və daha uzun müddət tələb edildiyi bildirilmişdir. Sığorta şirkətinin servisi tərəfindən daha ucuz təmir edildiyi üçün də ora müraciət etmişdir. Avtomobil ona 25 avqust 2022-ci il tarixdə təhvil verilmişdir. O, avtomobilin təmir-bərpası üçün servisə sığorta şirkəti tərəfindən ödənilən məbləğdən əlavə 3586 manat köçürmüşdür. Həmçinin, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi nəticəsində dəyəri 10000-12000 manat aşağı düşmüşdür. Bundan əlavə, bu dövr ərzində o işləri ilə əlaqədar məcbur olub Renta Cardan avtomobil sifariş vermiş və 3900 manat ödəniş etmişdir. Hesab edir ki, iddiası tamamilə əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının avtomobilinə zərər dəyməsini qəbul edir. Bununla belə, nəzərə almaq lazımdır ki, ona dəymiş zərərin aradan qaldırılması üçün 5000 manat sığorta ödənişi ödənilmişdir. Hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər üçün 5000 manat sığorta ödənişi də çoxdur. İddiaçı bildirir ki, ABŞ-dan fara sifariş verib, lakin heç bir gömrük bəyannaməsi və ya ödəniş qəbzi əlavə olunmamışdır. Hadisə yerində çəkilmiş fotoşəkillərdən aydın görünür ki, avtomobilin ön hissəsinə, ön farasına, arxa hissəsinə, arxa qanadlara heç bir zərər vurulmamışdır, tək sürücü tərəfdən olan sol ön qapıda əziklər var. Ekspertin rəyi Hermes avto tərəfindən verilmiş qüsur aktına əsasən tərtib edilmişdir. Qüsur aktında dəmirçi, rəngsaz və.s haqları da göstərilmişdir. Əgər iddiaçının iddia etdiyi kimi ziya dəymiş hissələr yenisi ilə əvəz edilmişdirsə, onda dəmirçi və rəngsaz, çilingər nəyə lazım idi. Hesab edir ki, yeni ehtiyat hissələri qoyulmamışdır. Qüsur aktı ziddiyyətlidir. Ekspert rəyi də qüsur aktına əssən tərtib edilmişdir. Ekpert rəyi əsaslı deyildir. İddiaçı bildirir ki, hadisədən bu günə qədər avtomobilinin zədəli olduğu üçün məcbur olub kirayə başqa maşın götürüb, belə olan halda sual yaranır ki, mübahisə predmetini təşkil edən avtomobili nəyə görə ekspertizaya təqdim etməyib və nəticədə ekspert "nəzəri hesablamalara" baş vurmalı olub. Bu məsələ hələ də açıq qalmışdır. Hesab edir ki, iddia tələbi ziddiyyətlidir və məbləğlər şişirdilmişdir. İddiaçıya nə zərər dəymişdirsə, həmin zərər sığorta şirkəti tərəfindən ödənimişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında “Hyundai Tucson” markalı, 90BJ604 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozmuş, nəticədə Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzzərdə tutulmuş inizbati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 12343/2022 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, “Azərsığorta” DSKŞ-da sığortalanmış “Hyundai Tucson” markalı, 90BJ604 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Azərsığorta” DSKŞ tərəfindən 8586 manat müəyyən edilmiş, İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “Hermes” avto tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair” aktdan görünür ki, “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8586 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 27 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubundan və sifarişli poçt xəbərnnaməsindən görünür ki, İddiaçı cavabdehi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi, əks təqdirdə müvafiq tələblə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekpertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6682 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Hermes” avto tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8036 manat müəyyən edilir; “Toyota Prius C” markalı 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 41000 manat müəyyən olunur; 2017-ci il buraxılışlı “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % (41000 manat) aşağı olması istisna edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixə qədər “Kia Cerato” markalı, 99GA109 dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi üçün günlük 50 manat olmaqla, ümumilikdə 3900 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, cavabdeh X2 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə barədə qərarla sübuta yetirilmiş, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi və vəkili də yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəydiyini qəbul etmişdir. Cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Hazırda mübahisə dəymiş zərərin məbləği ilə bağlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən edilməsi, eləcə də avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, təqdim edilmiş Məhkəmə Ekpertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6682 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, məhkəmə tərəfindən həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmiş, cavabdeh ekspertin qərəzli, qeyri-obyektiv olmasına, avtomobilə dəymiş zərərin real həcmi deyil, şişirdilmiş məbləğ göstərməsinə (avtomobilin daha az pul vəsaiti hesabına keyfiyyətli şəkildə təmir edilməsinin mümkünlüyünə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, avtomobilin təmir-bərpa xərci ekspert rəyinə əsasən 8036 manat müəyyən edilməlidir. Bununla belə iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin ödənişi də nəzərə almaqla (8036-5000=3036) məhkəmə hesab edir ki, yerdə qalan məbləğ, yəni 3036 manat cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmalıdır. Digər tərəfdən, istinad edilən ekspert rəyində “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin təxminən 41000 manat olması və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin 10 % məbləği (41000x10:100=4100) 4100 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi iddiaçıya, ona vurulmuş zərərin tam şəkildə ödənilməsini tələb etmək hüququ verir. Avtomobilin öz əmtəə dəyərini yol-nəqliyyat hadisəsi nəticəsində itirməsi iddiaçının məruz qaldığı real zərərdir. Çünki, cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermiş hadisə ilə, avtomobil öz əvvəlki dəyərini itirmiş və beləliklə, iddiaçı həmin dəyərdən məhrum olmuşdur. Məhkəmə iddia tələbini icarəyə götürülmüş avtomobilə görə ödənilmiş 3900 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı sayır. Belə ki, iddiaçı baş vermiş hadisə ilə bağlı avtomobilindən istifadə edə bilməmiş və yeni nəqliyyat vasitəsi icarəyə götürməklə zəruri xərclər çəkmişdir ki, həmin xərclər məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq yaranmışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin avtomobil təmir edilmişdirsə nə üçün iddiaçı icarəyə avtomobil götürmüşdür və ya təmir edilməmişdirsə, nə üçün ekspertizaya təqdim edilməmiş, nəticədə ekspert "nəzəri hesablamalara" rəy vermişdir? sualının açıq qalması məsələsinə də aydınlıq gətirərək qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022ci il tarixdən-xx.xx.2022-ci il tarixə qədər avtomobili icarəyə götürmüş və qeyd edilən müddətdə ödənilmiş icarə haqqının ödənilməsini tələb edir. İş üzrə məhkəmə ekspertizası isə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təyin edilmiş və ekspertiza həmin tarixdən sonra keçirilmişdir ki, avtomobil də artıq təmir edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 7136 (3036+4100) manat vurulmuş maddi zərər və 3900 manat icarə haqqı olmaqla, cəmi 11036 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddia tələbinin ödənilmiş hissəsinə mütənasib şəkildə tərəflərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,87 manat pul cavabdeh X1 tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 49,13 manat (141-91,87=49,13) hissəsi isə iddiaçıya aid edilməlidir. Bununla yanaşı, cavabdeh X1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 7136 (3036+4100) (yeddi min yüz otuz altı) manat vurulmuş maddi zərər və 3900 (üç min doqquz yüz) manat icarə haqqı olmaqla, cəmi 11036 (on bir min otuz altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,87 (doxsan bir manat səksən yeddi qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 49,13 (qırx doqquz manat on üç qəpik) manat (141-91,87=49,13) iddiaçıya aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar