Məhkəmə qərarları › İş №2(004)-1108/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1108/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1108/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 08.02.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 3110,92 manat əsas borc, 1258,78 manat faiz borcu, 1668,76 manat cərimə olmaqla, cəmi 6038,46 manat məbləğində borcun və ödənilmiş 80,38 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.12.2012-ci il tarixli, 01L000003374 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 12.01.2018-ci il tarixli 01L000003374S saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müdəti 181 ay, kredit xəttinin məbləği 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.02.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 manat məbləğində kredit götürmüşdür. 09.01,2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 28.09.2020-ci il tarixdən banka qaytarmamış və 08.02.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması 3110,92 manat əsas borc, 1258,78 manat faiz borcu, 1668,76 manat cərimə olmaqla, cəmi 6038,46 manat məbləğində borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 İddiaçıdan kredit götürdüyünü, özünün də, bankla aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıdığını və hazırda pandemiya ilə bağlı borcu ödəməkdə çətinlik çəkdiklərini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 18.12.2012-ci il tarixli, 01L000003374 saylı kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 12.01.2018-ci il tarixli 01L000003374S saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müdəti 181 ay, kredit xəttinin məbləği 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 08.02.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında borcalan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 manat məbləğində kredit götürmüşdür. 09.01,2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh3 ilə 12.12.2012-ci il tarixli, müvafiq olaraq 0001S**********01 və 0001S**********02 saylı zaminlik müqavilələri bağlanmış və onlar zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımalarına dair üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarına əlavə edilmiş 29.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kreditalanın banka 3110,92 manat əsas borc, 1258,78 manat faiz borcu, 1668,76 manat cərimə olmaqla, cəmi 6038,46 manat məbləğində borcu qalmışdır. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Habelə, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3110,92 manat əsas borc, 1258,78 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 4569,70 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 80,38 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 08.02.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 3110,92 manat əsas borc, 1258,78 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 4569,70 (dörd min beş yüz altmış doqquz manat 70 qəpik) manat məbləğində borc və ödənilmiş 80,38 (səksən manat 38 qəpik) manat dövlət rüsumu tutulsun. İddia tələbi cərimənin qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar