Məhkəmə qərarları › İş №2(004)-1109/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1109/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1109/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 177,69 ABŞ dolları məbləğində əsas borc, 59,63 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 31,64 ABŞ dolları borcun və 349,53 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 618,49 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında xx xxxx 2015cu il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi bağlanmış, cavabdehə 12 ay müddətinə, illik 30% ödəmək şərtilə 1.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, kredit müqaviləsi üzrə borcu banka qaytarmamışdır. Kredit müqaviləsinin təminatı qismində bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, əsas borcu banka qaytarmalı olduğunu, faiz və cərimə borcunun artıq hesablandığını bildirmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyini, müqavilənin şərtlərini və Cavabdeh2 ona zamin durmasını nəzərə alaraq hesab edir ki, 177,69 ABŞ dolları məbləğində əsas borc, 59,63 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 31,64 ABŞ dolları borcunun cavabdehlərdən tutulması hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə 349,53 ABŞ dolları məbləğində cərimə borcunun cavabdehlərdən tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, həmçinin cavabdehlərin maddi vəziyyətini, eyni zamanda kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 18 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 9.20 manat hissəsi və 0.40 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 177,69 ABŞ dolları məbləğində əsas borc, 59,63 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 31,64 ABŞ dolları borcu və 18 ABŞ dolları cərimə borcu olmaqla, ümumilkdə 286,96 (iki yüz səksən altı ABŞ dolları doxsan altı qəpik) ABŞ dolları (tutulan anda ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) borc və 9.20 (doqquz manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik)manat bank xidmət haqqı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar