Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1116/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Kəkəvus qızının Cavabdeh1 Kəkəvus qızının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə vurulan ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yaşayış evinə cavabdehlər tərəfindən vurulmuş 6372 manat maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 Kekaus qızından onun xeyrinə 51000 manat borc tutulmuşdur. Qətnamənin icra mərhələsində cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzil ona cavabdeh tərəfindən borcun əvəzi olaraq təklif edilmişdir. Cavabdehlə şifahi razılığa əsasən mənzilin qiymətinin 65000 manat məbləğdə olması barədə razılığa gəlmiş, borcla mənzilin qiyməti arasında olan fərq onun tərəfindən cavabdehə ödənilmişdir. Mənzil üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər mənzili ona təhvil vermədiyindən Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(004)-3627/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək cavabdehlərin onun mənzilindən çıxarılması təmin edilmişdir. Lakin icra məmuru tərəfindən mənzil ona təhvil verildikdən sonra mənzilin yararsız hala salındığı, mənzildə olan əşyaların sökülərək aparıldığı müəyyən olunmuşdur. Dəymiş zərərin müəyyən olunması üçün tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş və həmin şirkət tərəfindən verilmiş 25.11.2021-ci il tarixli qiymətləndirmə hesbatına əsasən zərərin 6372 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 qızı iddiaya etiraz edərək bildirmişdir ki, onun tərəfindən mənzil yarasız hala salınmamış, mənzilin təmiri köhnə olmuş, uzun müddət orada yaşayış olmamışdır. Bundan əlavə o, mənzilin iddiaçıya əşyalarla birlikdə verilməsi barədə öhdəlik götürməmişdir. Məhkəmə iclasında digər cavabdeh və Cavabdeh1 qızının vəkili oxşar məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 265 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, ev 12, 257 nömrəli mənzilə dəymiş zərər müəyyən edilərkən mənzilin özünə dəymiş zərər və mənzildə olmuş və cavabdeh tərəfindən aparılmış əşyaların dəyəri də nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı məhkəməyə qətnamənin icra mərhələsində mənzilin ona hansı vəziyyətdə təklif edilməsinə, cavabdehin mənzilin hansı vəziyyətdə (təmirli, təmirsiz, əşyalarla birlikdə) ona təhvil verilməsi barədə üzərinə öhdəlik götürməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən belə bir sübutlar məhkəməyə təqdim edilmədiyindən, bununla da cavabdeh tərəfindən mənzilə zərər vurulması təsdiq edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 83,7 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş 83,7 (səksən üç manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1116/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1116/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver