Məhkəmə qərarları › İş №2(004)-1123/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1123/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1123/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X5” X7 iddiaçıya vurduğu zərərə görə 11280 (on bir min iki yüz manat səksən) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 123.84 (yüz iyirmi üç manat, səksən dörd qəpik) manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, xx.xx.2021-ci il tarixində iddiaçıya özünəməşğulluq proqramı vasitəsi ilə aktivlər verilmişdir. Belə ki, həmin aktivlər 20 baş qoyun, 1 baş qoç olmalı olduğu halda həmin sayda 3-5 aylıq, diri çəkiləri 20-26 kq olmaqla 16 baş erkək, 5 baş dişi quzulardan ibarət olmuşdur. Həmin zaman iddiaçı boş akta imza etdirilmişdir. Təxminən 10 gündən sonra “özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktı” təqdim edilmiş və həmin aktda guya iddiaçıya 20 baş qoyun və 1 baş qoç verildiyi qeyd edilmişdir. Həmin heyvanlara Ağbaş baytarlıq məntəqəsində 07 iyul 2021-ci il tarixində baytar həkimin nəzarəti ilə kliniki baxış keçirilərkən tərtib edilmiş aktda təqdim edilmiş heyvanların 3-5 aylıq, diri çəkiləri 20-26 kq olmaqla 16 baş erkək, 5 baş dişi quzulardan ibarət olduğu öz təsdiqini tapmışdır. İddiaçı həmin tarixdən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4, X3 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialının rəhbərinə şikayətlərini tədbir görülməsi üçün göndərmişdir. 10 gün keçəndən sonra X4 telefonla zəng edərək hansı tədbirlərin görüldüyü ilə maraqlanmış, lakin agentlikdən bildirilmişdir ki, aktivlərin verilməsini həyata keçirən şirkətə söz demək onların səlahiyyəti çərçivəsində deyildir. Hansı ki, iddiaçı ilə bağlanan müqavilədə və aktivlərin verilməsi aktında məşğulluq mərkəzinin imzaları vardır. Aktivlərin qiymətləndirilməsi barədə heç bir sənəd təqdim olunmamışdır. İddiaçıya məlum deyil ki, hansı məbləğdə dövlət büdcəsindən məşğulluğun təminatı üçün pul vəsaiti ayrılmışdır. İddiaçıya verilən aktivlərin dəyəri haqda rəsmi məlumat istəyini Məşğulluq Agentliyi özünə məxsus şəkildə təhruf edərək-“vətəndaşlara bu aktivlərin dəyərinin ödənilməsi nəzərdə tutulmur” deməklə korrupsiya hərəkətlərini pərdələyirlər. Bu məsələlərin araşdırılıb həll olunması məqsədi ilə aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə rəsmi qaydada müraciətlər etsə də, nəticə olmamışdır. 2022-ci ilin iyul ayında Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi işə baxıb qərardad qəbul edərək, işin Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Sumqayıt İnzibati Məhkəməsi işə baxıb qərardad qəbul etmişdir ki, qaldırılan iddia ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət etmədiyinə görə iddia mümkünsüz sayılmışdır. Halbuki, işin içində kifayət qədər cavabdehin yazılı cavab məktubları olmuşdur. Qərardadın tələbinə əməl edərək iddianı yenidən vermişdir. Uzun sürən məhkəmə baxış iclaslarından sonra məhkəmənin gətirdiyi əsasə görə iddiaçının müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. Həmin iş mülki məhkəmədə baxılmalıdır. Göründüyü kimi cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulmuşdur. Belə ki, iddiaçıya verilən quzuların orta bazar qiyməti 90 manat təşkil edirdi. Hansı ki, damazlıq qoyunlar təqdim edilməli idi ki, 1 baş damazlıq qoyunun orta bazar qiyməti 250 manat təşkil edir. Beləliklə, real zərər olaraq 3360 manat məbləğində zərər dəymişdir. (250-90=160. 160x21=3360). Həmçinin əldən çıxmış fayda olaraq 7920 manat məbləğində zərər dəymişdir. Belə ki, 2021-2023-cü illər üçün 2 ildə zootexniki qaydalara əsasən 20 baş qoyunun bala vermə əmsalı hər il üçün 22 bala olmaqla iki ildə 44 bala təşkil edəcəkdi. Həmin balaların da bu günki gün üçün orta bazar qiyməti bir baş üçün 180 manat təşkil edəcəkdi. (44x180=7920). Beləliklə, cəmi iddiaçıya 11280 manat məbləğində zərər vurulmuşdur. Ona görə də Əmək və əhalinin Sosial Müdafiəsinin tabeliyində X5 X8 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 11280 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi Tural Vəliyev tərəfindən məhkəmə hazırlıq iclasında iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən dəlilər əsassız olduğundan iddia rədd olunmalıdır. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Qanunun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasına yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Qanunun 24.1.4cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1 -ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İddiaçı və cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 7 iyul 2021 -ci il tarixli ÖM/2021- 050 nömrəli müqaviləyə əsasən iddiaçıya həmin müqavilədə nəzərdə tutulan “qoyunçuluq təsərrüfatı” zərfi üzrə həmin zərfə daxil olan aktivlər verilmişdir. Belə ki, istinad edilən aktivlərin təhvil verilməsi ilə əlaqədar iddiaçı və cavabdeh tərəfindən tərtib edilən 7 iyul 2021-ci il tarixli 4 nömrəli təhvil-təslim “A aktına əsasən, cavabdeh tərəfindən iddiaçıya 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem verilmişdir. - Vurğulanmalıdır ki, aktivlərin verilməsi faktını sadəcə yuxarıda qeyd edilən AKT yox, həm də foto və video çəkiliş də sübut etməkdədir. Qeyd edilən Aktda iddiaçı tərəfindən yuxarıda qeyd edilən aktivlər kəmiyyət və keyfiyyət baxımından qəbul edilərək öz imzası ilə onun sahibliyi və istifadəsinə təqdim edilmişdir. Həmçinin, iddiaçı video çəkiliş zamanı aktivləri özünün seçib götürdüyünü və razı qaldığını bildirmişdir. Bundan əlavə, İddiaçı ona hər hansı ziyanın dəyməsi barədə iddiasını əsaslandıra bilmədiyi üçün ona 11280 (on bir min iki yüz səksən) manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddiası tamamilə əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində qeyd edilən hallarla ona dəydiyini iddia etdiyi zərər arasında hər-hansısa səbəb nəticə əlaqəsi müəyyən olunmamaqdadır. Qeyd edildiyi kimi hər hansısa bir zərər ortaya çıxıbsa, bu zaman bunun Agentliyin fəaliyyətindən doğan hərəkət və ya hərəkətlərlə əlaqələndirilməsi, habelə konkret faktiki halların sübutlarla əsaslandırılması zərurəti prosessual qanunvericiliyin tələbidir. Beləliklə, cavabdehin hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması sübut olunmadığından iddiaçının tələbi təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etirazın məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ÖM/2021-050 nömrəli “özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə”yə əsasən mqavilənin predmetini (təhvil-təslim aktında -müqaviləyə 1 saylı əlavədə göstərilən əmlakı) natura şəklində X6 müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, İddiaçı isə bir il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznesplanda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, təhvil-təslim “Akt”ına əsasən, cavabdeh tərəfindən iddiaçıya 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem İddiaçı təhvil verilmişdir. Əmlak istismara kəmiyyət və keyfiyyət baxımından yararlı olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Şabran rayon baytarlıq idarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Məşğulluq idarəsindən İddiaçı verilmiş 21 baş, o cümlədən 16 baş erkək, 5 baş dişi quzu olmaqla, diri çəkiləri 20- 26 kq, 3-5 aylıq heyvanlara baytar həkimi nəzarətilə kliniki baxış keçirilmiş, heyvanlar nəzarətə götürülmüş, vaxtlı-vaxtında bütün vaksinasiya tədbirləri aparılacaqdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4, X3 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialının İddiaçı cavab məktubunda bildirilmişdir ki, əmlakların təhvil-təslimi prosesində şəxsən iştirak edib və heyvanları özü seçmişdir. Seçim zamanı Filialın əməkdaşlarına 20 baş qoyun, 1 baş qoç seçdiyi haqqında məlumat vermişdir. Bu məlumatı “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil təslim aktı”na imza atmaqla və video çəkilişlə təsdiq olunmuşdur. Bütün bunlara baxmayaraq heyvanların geri qaytarılması ilə bağlı Filial İddiaçı müraciətini qəbul etmiş, lakin o heyvanları geri qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4, X3 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialının əmlakların dəyərinin ödənilməsi ilə bağlı İddiaçı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünümeşğulluğunun təşkili Qaydası”na əsasən Agentliyin 10 saylı Ərazi Məşğulluq filialı tərəfindən 7 iyul 2021 -ci il tarixdə əmlaklarla (21 baş qoyun, 400 kq yem) təmin olunmuşdur. Bu Qaydaya əsasən özünüməşğulluğa cəlb edilmiş şəxslərə seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün material, avadanlıq və digər əmlaklar natura şəklində müqavilə əsasında verilir, əmlakların dəyərinin nəğd şəkildə ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilir ki, İddiaçı heyvanları qəbul etdiyini və razı olduğunu bildirmişdir. İşin müəyyən edilmiş halları odur ki, tərəflər arasında 07 iyul 2021-ci il tarixdə “özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə” bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə və müqaviləyə 1 saylı əlavəyə əsasən iddiaçıya təhvil-təslim aktında göstərilən əmlaklar verilmişdir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş təhvil-təslim aktı ilə, eləcə də cd diksdə iddiaçının etirafı da bunu təsdiq edir. Hazırda İddiaçı damazlıq qoyunlar təqdim edilməli olduğu halda, 3-5 aylıq quzuların təhvil verildiyi, bu səbəbdən maddi zərər dəydiyini bildirərək qeyd edir ki, 1 baş damazlıq qoyunun orta bazar qiyməti 250 manat təşkil edir. Real zərər olaraq 3360 manat məbləğində zərər dəymişdir. Həmçinin əldən çıxmış fayda olaraq 7920 manat məbləğində vurduğu zərərə görə 11280 (on bir min iki yüz manat səksən) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi isə bildirir ki, aktivlərin verilməsi faktını sadəcə yuxarıda qeyd edilən akt yox, həm də foto və video çəkilişlərlə də sübut etməkdədir. Qeyd edilən Aktda iddiaçı tərəfindən öz imzası ilə onun sahibliyi və istifadəsinə təqdim edilmişdir. Həmçinin, iddiaçı video çəkiliş zamanı aktivləri özünün seçib götürdüyünü və razı qaldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ÖM/2021-050 nömrəli nömrəli müqavilənin 3.3.6-cı bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu və ya əmlakın məhv olması hallarında bu barədə dərhal mərkəzə məlumat vermək, habelə qüsurların və ya məhv olma hallarının yaranmasının və səbəblərini təsdiq edən sənədləri mərkəzə təqdim etmək vəzifəsi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Həmin Məcəllənin 733.1-ci maddəsinə əsasən, əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 733.2-ci maddəsinə əsasən, əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 738-ci maddəsinə əsasən, kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə bildirir ki, tərəflər arasında müqavilə əvəzsiz qaydada bağlanılmışdır. İddiaçı müqavilə əsasında ona verilmiş heyvanların 3-5 aylıq, diri çəkiləri 20-26 kq olmaqla 16 baş erkək, 5 baş dişi quzulardan ibarət olduğunu bildirsə də, bu hal iş materialları ilə sübut olunmur. Eyni zamanda iddiaçı video çəkiliş zamanı aktivləri götürdüyünü və razı qaldığını bildirmişdir. Yəni, tərəflər arasında müqavilə bağlanarkən müqavilə şərtlərinin pozulması barədə iddiaçı tərəfindən cavabdehə hər hansı bir etiraz bildirilməmişdir. Nəticə etibarilə, deməli tərəflər arasında müqavilə şərtlərində müəyyən edilmiş qaydada razılaşma əldə edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışı mötəbər sübut qismində qiymətləndirmir. Belə ki, həmin arayışın tərtib edilmə tarixi müqavilənin bağlanma tarixi ilə üst-üstə düşsə də, həmin tarixli təhvil-təslim aktı ilə də əmlakları qəbul etmiş, iddiaçı tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı 1 il sonra, yəni 2022-ci ilin iyul ayında müvafiq inzibati məhkəməyə müraciət edilmişdir. Həmçinin, əgər müqavilənin obyekti olan heyvanlarda qüsur aşkar edilmişdirsə də, iddiaçı tərəfindən heyvanların razılıqla qəbul edildiyi gün bir neçə saat ərzində sözügedən arayışın tərtib edilməsi ağlabatan hesab edilmir. Məhkəmə qərar qəbul edərkən onu da nəzərə alır ki, müqavilənin predmeti olan heyvanlar iddiaçıya əvəzsiz qaydada verilmişdir. Delikt hüquq institunun 3 dispozitiv şərti vardır. 1. Vurulmuş zərərin mövcudluğu. 2. Zərər vuran şəxsin təqsiri (qəsd və ya kobud ehtiyatsızlıq). 3. Zərər vuran şəxsin hərəkəti (hərəkətsizlik) ilə baş vermiş nəticə arasında səbəbli əlaqə. Bu 3 şərt birlikdə mövcud olduqda zərərvuran şəxs maddi məsuliyyət daşıyır. Hazırki mülki iş üzrə cavabdeh orqana münasibətdə göstərilən şərtlərin heç biri ödənilmir. Odur ki, cavabdehin zərərvurma ilə bağlı məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1 -ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar