Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1130/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı Böyükağa oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Böyükağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “oğurluq nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Böyükağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “oğurluq nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona vurduqları ziyana görə onun xeyrinə 6467 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsi, 1220 saylı bağ evindən 2019-cu ilin aprel ayının əvvəllərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 6467 manat məbləğində ona məxsus əşyaların müəyyən hissəsi oğurlanaraq satılmışdır. Oğurlanmış əşyaların siyahısı iddia ərizəsinə əlavə olunmuşdur. Xəzər RPİ-nin istintaq şöbəsində bu işlə bağlı istintaq aparılmışdır. Lakin xx.xx.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan mülki xarakterli mübahisələrlə əlaqədar tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, Mərdəkan qəsəbəsidə yerləşən torpaq sahəsi 22 sotdur. Həmin torpaq sahəsinin bir hissəsində ona məxsus bağ evi, bir hissəsində qardaşı Cavabdeh2 evi var. Onlar razılaşaraq ortada 6 sot torpaq sahəsini də bacısı Cavabdeh1 üçün ayırmışlar. O, bağ evini anasının adına özəlləşdirmişdir. Bağ evini özəlləşdirəndən iki ay sonra bacısı Cavabdeh1 anası ilə birlikdə bağ evinə köçmək istədiyini bildirmişdir. İddiaçı onun niyyətinin yaxşı olmadığından şübhələnərək ona bağ evinin açarını verməkdən imtina etmişdir. Çünki o, heç vaxt bağ evində yaşamağı istəmirdi. O polisə müraciət etdikdən sonra, iddiaçı ona bağ evinin açarlarını vermişdir. İddiaçı ailəsi ilə birlikdə avqust ayında bağ evinə gedəndə bacısı onları evə daxil olmağa icazə verməmişdir. O, bağ evini öz adına keçirtmişdir. O, iddiaçını polislərin yanında təhqir etmişdir. Bağ evində onlarla qonşuluqda yaşayanlar hamısı qohumlardır. Aprel ayında onlar iddiaçıya bağ evinin içərisində olan əşyaların cavabdehlər tərəfindən satıldığını bildirmişlər. İddiaçı bağ evinə gəldikdə onu qardaşı İsmayıl qarşılamış və təhqir etmişdir. Bağ evindən oğlurlanan əşyalar polis tərəfindən siyahaya alınmışdır. Aralarında yaranan mübahisələr nəticəsində cavabdehlərin ona, həyat yoldaşına və qızlarına xəsarət yetirməsinə görə cavabdehlər bir neçə dəfə cərimə olunmuş, onlar barəsində cinayət işi açılmışdır. 1993-cü ildə atası rəhmətə gedəndən sonra o, həmin bağ evində yaşamış və evdə ancaq iki ədəd dəmir çarpayı, bir ədəd şkaf olmuşdur. Anası 210 manat təqaüd alır və həmin təqaüdlə “LG” markalı televizoru və servisləri necə ala bilərdi. Bağ evində olan bütün əşyaları iddiaçı almışdır. Bütün bunları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 2005-ci ildə qardaşı Bəxtiyar anasını döyərək şəhərdəki evindən qovandan sonra, anası onun yanına köçmüşdür. Həmin vaxtdan sonra anası onunla bigə yaşayır və anasına o qulluq edir. 2017-ci ildə anasının səhhəti pisləşdikdən sonra həkim anasına açıq havada daha çox qalmağı məsləhət gördükdə, onlar məcbur olub bağ evinə gəlmişlər. Lakin Bəxtiyar onları evə buraxmaqdan imtina etmişdir. Onlar bununla əlaqədar polisə müraciət etmiş və polisin müdaxiləsindən sonra Bəxtiyar evin açarını onlara vermişdir. Anası 2017-ci ildə bağ evini ona bağışlamışdır. Anası sağdır və bağ evində olan əşyalar da anasına məxsusdur. O, bildiri ki, Bəxtiyara məxsus əşyaları götürməmiş, Bəxtiyara məxsus əşyalar və həyat yoldaşının cehiz əşyaları heç biri satılmamışdır. Hamısını İsmayıl bir otağa yığmışdır. Bəxtiyarın məqsədi onlardan pul almaqdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, iddia ərizəsinə etiraz edir, Bəxtiyara məxsus əşyaları onlar götürməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçının anasıdır. 25 il neftçi işləyib və Bakıxanov küçəsində üç otaqlı evi var idi. İddiaçı Böyükağa oğlu onu incitmiş, ona görə də o, öz evini qoyub qızı Cavabdeh1 yanına getmişdir. Həkim ona təmiz hava lazım olduğunu və bağı evi kirayəyə götürməyini məsləhət görmüşdür. Onun özünün bağ evi var idi. Oğlanlarının heç birinin bağ evinə baxmadığını görüb qızından bağ evini onun adına keçirməyini və onunla birgə bağ evində qalmasını xahiş etmişdir. iddiaçının iddia ərizəsində tələb etdiyi əşyalar oğurlanmamışdır, bir otaqda başqa otağa yığılmışdır. İddiaçının həyat yoldaşının isə cehiz əşyası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Mərdəkan qəsəbəsində yerləşən bağ evində qonşudur. 2019-cu ilin aprel ayında həyat yoldaşı həyətdə işləyərkən İsmayıl və İradəxanımın evdən əşyaları apardığını görmüşdür. Həyat yoldaşı onu çağırmışdır. O, gələndə görmüşdür ki, İsmayıl evdən televizoru aparır. Ondan sonra stolları və iki nəfər cavan oğlan soyuducunu apararaq İsmayılın evinin qapısından çıxardaraq orada gözləyən yük maşınına yerləşdirdilər və satdılar. Həmçinin, Bəxtiyar qaraj sahəsi tikmək üçün evin arxasına daşlar və dam örtüyü üçün şiferlər almışdır. Cavabdehlər onları da qazel markalı yük avtomobilinə yığaraq satmışlar. Həyat yoldaşı Bəxtiyara zəng edərək əşyalarının satıldığını bildirmiş, Bəxtiyar isə polisə müraciət etmişdi. Hətta cavabdehlər evdən Bəxtiyargilə məxsus qırmızı rəngli divan dəstini satmaq üçün küçəyə çıxartmış, polis gələndə həmin əşyanın şəklini də çəkmişdir. Ona görə də, cavabdehlər nə onu satmış, nə də küçədən götürərək evə qoymamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Bəxtiyarla on ildir ki, dostdur. Onların şəhərdə yerləşən evlərində mətbəx mebelini, qaz sobasını o sökmüş və Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evinə quraşdırmış, oraya yeni mətbəx mebelini quraşdırmışdır. Həmçinin, iddiaçı bağ evində qırılan və xarab olan bütün əşyaları təmir etmək üçün onu çağırmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda pul tələbi ilə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ona vurduqları ziyana görə onun xeyrinə 6467 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona hər hansı bir maddi zərərin dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız şahid ifadələri ilə kifayətlənmişdir. Lakin şahidlər məhkəmə iclasında iddia ərizəsində göstərilən halları təsdiq edə bilməmişlər. Məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi hər hansı bir fakta deyil, ehtimallar əsasında qurulduğundan, iddia ərizəsində göstərilən hallar isə məhkəmə iclasında öz əksini tapmadığından, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1130/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1130/2020
10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver