Məhkəmə qərarları › İş №2(004)-1138/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1138/2022

24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1138/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon Məhkəməsinin 21.06.2021-cü il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat aliment məbləğini artıraraq cavabdeh Cavabdeh himayəsində olan övladları X8 və X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər uşaq üçün aylıq 300 (üç yüz) manat alimentin, ümumilikdə isə hər ay üçün 600 (altı yüz) manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki o, Cavabdeh ilə 24.08.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları, 26.06.2013-cü il təvəllüdlü X8 və 22.11.2014-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir, lakin nikahları Cavabdeh ilə birgə yaşamaq mümkün olmadığından, xasiyyətləri uyğunlaşmadığından və aralarındakı münasibət kəskinləşdiyindən Nizami rayon Məhkəməsinin 21.06.2021-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nizami rayon Məhkəməsinin 21.06.2021-cü il tarixli qətnaməsi ilə ilk başda alimentin məbləği hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat məbləğ müəyyən edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, cavabdehin verdiyi aliment övladlarına baxmağı, eyni zamanda artan təhsil və hazırlıq xərcləri üçün bəs etmir. Qeyd edir ki, övladlarının təhsili üçün aliment miqdarının artırılması olduqca vacibdir. Belə ki, qızı və oğlu hazırda orta məktəbdə təhsil alır. Hazırda o övladlarının məktəb xərclərini və gündəlik xərclərini qarşılaya bilmir. Bunları nəzərə alaraq aliment miqdarının artırılması tənha bir anaya çox kömək olardı. Övladlarının artan xərclərinin qarşılanmasına az da olsa kömək edəcəkdir. Uşaqların kifayət qədər yaxşı təhsil alması onların gələcəyi üçün çox vacibdir. Eyni zamanda, uşaqların kifayət qədər yaxşı şəraitdə təhsil alması dövlət üçün yararlı vətəndaş olmasına səbəb olacaqdır. Qeyd edir ki, keçmiş həyat yoldaşı Cavabdeh əmək haqqı yetəri qədər yüksəkdir. Dəfələrlə onun işlədiyi yerə sorğu göndərsə də, onun həmin xəstəxanada guya “laborant” kimi fəaliyyət göstərməsi ona bildirilmişdir. Əslində isə keçmiş həyat yoldaşı Azərbaycan Tibb Universitetinin X6, Bonum və Fortis klinikalarında tanınmış “Cərrah" və “Uroloq"-dur. Ordakı həmkarlarına xüsusi təlimatlar verməsi nəticəsində ona həmişə keçmiş həyat yoldaşının həmin klinikada az maaşla “laborant” işlədiyi bildirilir. Aliment üçün ödənişdən yayınmaq məqsədi olduğu üçün həmin səhiyyə müəssəsinə adını “Laborant” vəzifəsinə yazdırmışdır. “Facebook” sosial şəbəkəsində yetəri qədər izləyici sayına malik olan və yetərli qədər gəliri olan bir sahədə məşhur həkimdir. Lakin birbaşa minimum aliment məbləğini ödəmək fikrinə düşdüyündən bütün üsul və vasitələrə əl ataraq tutduğu vəzifəsindən imtina edir. Fikirləşmək istəmir ki, onun ödədiyi aliment onun uşaqlarının normal yaşaması, böyüməsi, və təhsil alıb cəmiyyətə yetəri qədər normal vətəndaş kimi yetişməsi üçün yetəri məbləğ deyil. Bundan başqa qeyd edir ki, 31 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" AR Qanununa görə 2021- ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Buna görə də hesab edir ki, Nizami rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat aliment məbləğini artıraraq Cavabdeh himayəsində olan övladları X8 və X7 yetkinlik yaşma çatana qədər saxlanılması üçün sabit pul məbləğində aylıq hər uşaq üçün 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. O, övladları ilə birlikdə Biləsuvar rayonunun ərazisində yaşayır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə 10.02.2022-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı Nizami rayon Məhkəməsinin 21.06.2021-cü il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat aliment məbləğinin artırılaraq Cavabdeh himayəsində olan övladları X8, X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər uşaq üçün aylıq 300 manat alimentin, ümumilikdə isə hər ay 600 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə iddianın rədd edilməsini xahiş edir. Belə ki, o, valideyn kimi məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləğini vaxtında və tam ödəyir, valideyn kimi öz vəzifələrini icra edir. Həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi aliment məbləği cavabdehin hazırkı maddi vəziyyətinə uyğun deyildir. Aylıq müntəzəm əmək haqqısı ümumilikdə 760 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 Məmməd Əlyəsə oğlu ilə 24.08.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 26.06.2013-cü il təvəllüdlü X8 və 22.11.2014-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh FORTİS-İ MMC-yə məxsus “Bonum Medical” klinikasında həkim uroloq vəzifəsində işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh Azərbaycan Tibb Universiteninin Urologiya kafedrasında baş laborant vəzifəsində işləyir və aylıq əmək haqqısı 360 manat təşkil edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.06.2021 -ci il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə iddiaçı X10 ilə Cavabdeh 24.08.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, 26.03.2013-cü il təvəllüdlü X8 və 22.11.2014-cü il təvəllüdlü X9 X4 himayəsində saxlanılması, 26.03.2013-cü il təvəllüdlü X8 və 22.11.2014-cü il təvəllüdlü X9 X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X12ma verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosialiqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən altı aydan çox müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 və X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında, yəni hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində olmaqla 386 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, Cavabdeh hər ay hər uşağa görə 175 manat məbləğində alimentin tutulması haqqında Nizami Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən altı aydan çox müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Nizami rayon Məhkəməsinin 21.06.2021-cü il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 26.06.2013-cü il təvəllüdlü X5 və 22.11.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.06.2021-cü il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26.06.2013-cü il təvəllüdlü X5 və 22.11.2014cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 26.06.2013-cü il təvəllüdlü X5 və 22.11.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar