Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1148/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “su verilməsinin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “su verilməsinin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən suyun verilməsinin bərpa edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması və vurulmuş 50.000 manat məbləğində mənəvi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Almaniya Respublikasının vətəndaşı olmaqla ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qeyd edir ki, yaşadığı mənzildə 2 ədəd su sayğacı mövcuddur. Birinci sayğac üzrə abonent kodu **********000 olmaqla X3 adına, digər sayğac üzrə abonent kodu **********000 olmaqla X1 adınadır. Cavabdeh ASC-nin Binəqədi rayon su idarəsinin rəisi Elçin Bağırov və müavini Tural Quliyevin göstərişi əsasında ildə bir dəfə olmaqla hesab faktura təqdim olunaraq su sərfıyatına görə ödəniş həyata keçirilmişdir. 2022-ci ilin oktyabr ayının 26-27-i ərazi üzrə nəzarətçi iddiaçıya telefon vasitəsilə zəng edərək heç bir bildiriş, hesab faktura təqdim etmədən abonent kodu **********000 olmaqla X3 adına olan sayğac üzrə borcun 700 (yeddi yüz) manat olduğunu bildirmiş və bir gün içərisində ödəməsini istəmişlər. İddiaçı isə nəzarətçiyə bu borcu birdəfəyə ödəyə bilməcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Binəqədi rayon Su İdarəsinin rəisi Elçin Bağırovun göstərişi ilə yaşadığı ünvana su verilməsi dayandırılmışdır. Bundan əlavə olaraq qərəzli şəkildə digər abonent kodu **********000 olmaqla X1 adına olan su sayğacında 150 manat balans olmasına baxmayaraq su verilməsi dayandırılmış, üstəlik əməkdaşların kobud müdaxiləsi nəticəsində su klapanını da qırmışlar. Balansında yetərincə su deposu olan sayğacın hansı səbəbə kəsilməsinin eyni zamanda heç bir yazılı bildiriş təqdim edilmədən su verilməsinin dayandırılmasının izahını bu günə kimi verə bilmirlər. İddiaçı tərəfindən yaranmış vəziyyətlə bağlı həm Cavabdeh ASC-nin qaynar xəttinə, həm də idarənin ərazi üzrə nəzarətçisinə zəng edərək bu halı bildirmiş və etdiklərinin qanunsuz hərəkət olduğunu xatırlatmışdır. Su idarəsinin əməkdaşları tərəfindən hər iki sayğac üzrə su verilməsi dyandırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi hesab faktura göndərilərək 709.44 (yedd yüz doqquz manat 44 qəpik) manat borcun olduğu bildirilmişdir. Halbuki, idarə tərəfindən bildiriş suyun dayandırılmasınadan əvvəl təqdim edilməli idi. Qeyd edilən hesab fakturanın məlumat bölməsində qeyd edilmişdir ki, “borcunuzu bilidriş təqdim edildikdən sonra 1 ay ərzində ödəməsiniz su təchizatınız dayandırılacaqdır”. Beləliklə yaranmış olan borcun ödənilməsi üçün iddiaçının 1 ay müddəti olduğu halda, idarənin rəisinin qanunsuz göstərişi əsasında bu hüququndan məhrum edilərək heç bir hesab faktura təqdim edilmədən, qanunvericiliklə heç bir müddət verilmədən qanunsuzluq edilərək su təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən yaranmış vəziyyətlə bağlı dövlət orqanlarına müraciət edilmiş amma məsələlə bu günə kimi öz həllini tapmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı su təlabatını ödəmək üçün əlavə 3-4 maşın su almaq məcburiyyətində qalmışdır ki, bu da onun əlavə olaraq maddi ziyan çəkməsinə səbəb olmuşdur. Göstərilənlərlə yanaşı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, bu hallar iddiaçıda mənfi psixoloji reaksiyalar yaratmış, ona pisixi təsir göstərmiş, mənəvi əzab, iztirab və sarsıntı keçirməsinə səbəb olmuş, onda güclü əsəb gərginliyi yaratmışdır. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini 50.000 (əlli min) manat qiymətləndirir və həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddiaçıya Cavabdeh ASC tərəfindən borcun olması barədə bildiriş təqdim edilməmişdir. Həmin ünvanda olan və Durna Hüseynovanın adına olan sayğac üzrə yaranmış borca görə Vidadi Hüseynov adına olan sayğac üzrə suyun verilməsi dayandırılmışdır. Suyun verilməsinin dayandırılması qaydalara uyğun həyata keçirilməmişdir. Buna görə də iddiaçı səbəbsiz olaraq susuz qalmış və stress keçirmişdir. Hətta bununla bağlı 2-3 gün sonra həkimə müraciət etmiş, həkim isə müalicə təyin etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Nazirlər Kabinetinin sudan istifadə qaydalarının 7.10-cu bəndində göstərilmişdir ki, bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. Əlavə olaraq bildirir ki, iddia ərizəsində göstərilən borcdan 114 manat düzəliş edilmiş, yəni Cavabdeh ASC tərəfindən akt göndərilərək borcun az olduğu müəyyən edilmiş və borc azaldılmışdır. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, yaranmış borca görə bir ay ərzində ödəniş edilmədiyi halda suyun verilməsi dayandırıla bilər. Abonentə borcun ödənilməsi barədə xəbərdarlıq edilməli olmasına baxmayaraq, hazırda Cavabdeh ASC tərəfindən iddiaçıya xəbərdarlıq edilməsi barədə sübutu yoxdur. Qeyd olunan ünvana suyun verilməsi dayandırılmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Cavabdeh ASC-nin **********000 nömrəli xx.xx.2023-cü il tarixli abonent kartından müəyyən edilir ki, ünvan 3 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı (Durna Hüseynova) ilə xx.xx.2014 il tarixli müqavilə bağlanmışdır. Həmin tarixdə qeyd olunan ünvana ALFASU-20 markalı, 49798955 nömrəli sayğac, xx.xx.2021-ci il tarixdə ALFASU-20 markalı, 49798955 nömrəli sayğac və xx.xx.2022-ci il tarixdə “CSS- 20” markalı, 21063214 nömrəli sayğac quraşdırılmışdır. Abonentin 2015-ci il üzrə -2,76 manat; 2016-cı il üzrə 2,2 manat; 2017-2020-ci illər üzrə borcu qalmamış, 2021-ci il üzrə 35 manat, 2022-ci il üzrə 560,13 manat borcu qalmışdır. 2023-cü il üzrə borcu müəyyən edilmir. Hazırda abonentin əvvəlki illər üzrə borclar nəzərə alınmaqla ümumi borcu 594,57 manat təşkil edir. - Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 13-16-01/4/01-10/2 nömrəli məktubuna əsasən müəyyən edilir ki, abonent kodu **********000 olan istehlakçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2021-ci il tarixədək 49798955 nömrəli smart kart tipli sayğacın yükləmələrinə əsasən aparılmış, xx.xx.2022-ci il tarixdə həmin sayğac istismara yararsız olduğundan son göstəricisi 5622 m3 olmaqla sökülmüş və yerində 21063214 nömrəli sayğac quraşdırılmışdır. Abonent hesabına 114,87 manat düzəliş edilmiş və hazırda sayğac göstəricisi 1 m3 olmaqla xidmətlərdən istifadəyə görə (istismardan çıxarılmış və yeni quraşdırılmış sayğacın göstəricisinə əsasən) 594,57 manat borc vardır. İşin mübahisəsiz halları odur ki, ünvan 3 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı Durna Hüseynova və Vidadi Hüseynovla müqavilələr bağlanmış və hər bir istehlakçının adına ayrıca abonent kodu verilərək ayrı sayğaclar quraşdırılmışdır. X4 adına olan sayğac üzrə hazırda 594,7 manat borc müəyyən edilir, iddiaçı Vidadi Hüseynovun adına olan sayğac üzrə isə borcun olması müəyyən edilmir. Lakin hazırda ünvan 3 ünvanına su verilməsi hər iki sayğac üzrə ümumiyyətlə dayandırılmışdır. İşin mübahisələndirilən halı odur ki, iddiaçı qeyd olunan yaşayış sahəsinə suyun verilməsinin dayandırılmasının əsassız olduğunu bildirərək su verilməsinin bərpa edilməsini və cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi isə cavabdehin bir ay ərzində ödəniş etmədiyindən su verilməsinin dayandırılmasının qanuni olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Belə ki, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, ev 3/A ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış Durna Hüseynovanın adına olan sayğac üzrə yaranmış borc ödənilmədiyindən, eyni ünvana quraşdırılmış hər iki sayğac üzrə suyun verilməsi dayandırılmışdır. İşin hallarından görünür ki, iddiaçı Vidadi Hüseynov və Durna Hüseynova birgə təsərrüfat aparır, eyni əmlakı birgə idarə edirlər və qeyd olunan hər iki sayğac eyni əmlaka - Bakı şəhəri, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, 3/A saylı evə aid olan sayğaclardır. Bu halda məhkəmə qeyd edir ki, qanunveriliyin tələbinə əsasən STKM eyni əmlaka dair abonentlərdən birinin yaranmış borcunun 1 ay ərzində ödənilməməsi əsası ilə digər abonentin adına olan sayğac üzrə su verilməsinin dayandırılmasında haqlıdır. Lakin hazırkı halda yaranmış borcun məbləği və ödənilməsi müddətini özündə əks etdirən bildirişin iddiaçıya nə vaxt təqdim edilməsi müəyyən edilmədiyindən, qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş 1 ay müddətin hesablanması mümkün deyildir. Belə ki, borcun ödənilməsi müddəti suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən sonra hesablanmağa başlayır. Məhkəmə hesab edir ki, bu halda STKM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, 3/a saylı evə suyun verilməsinin dayandırılması əsassız və qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək), həmçinin verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən istehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. Həmin qaydaların 8.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi - STKM istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, STKM ilə müvafiq müqavilə bağlanılmadıqda, məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı olduqda, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin qaydaların 8.2-ci bəndinə əsasən istehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavə olan Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin 3.7-ci bəndinə əsasən istehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər. İddiaçı eyni zamanda mənəvi zərərə görə 5.000 manat pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının sübut qismində təqdim etdiyi “Adil” X6 Mərkəzi tərəfindən verilmiş 4 nömrəli arayışa əsasən iddiaçıya “stresə qarşı kəskin reaksiya” diaqnozun qoyulması müəyyən olunsa da, həmin halın məhz cavabdehin təqsirli hərəkətləri nəticə baş vermiş stress, əsəb və digər mənəvi narahatçılıqla bağlı olması sübut olunmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə su verilməsinin bərpa edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə su verilməsinin bərpa edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1148/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1148/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver